Ərəb turistləri aldadıb itiririk, qazanmırıq...

İqtisadi itki ilə yanaşı, istehlakçıları aldadanlar həbslə də cəzalandırıla bilər
Bu ilki turizm mövsümü ölkəmizə turistlərin daha çox axın etməsi ilə yadda qaldı. Azərbaycanın demək olar ki, əksər turizm bölgələrində, istirahət mərkəzlərində sıxlıq yaşanır. Yerli turistlər belə kirayə evlər, hotellərdə boş nömrələr tapmaqda çətinlik çəkirlər. Bəzi hotellərdə mövsümün sonuna qədər otaqlar tutulub. Həmçinin müştəri çoxluğu xidmət sahəsindəki problemləri də ortaya çıxarıb. Tələbatın artması qiymətlərin yüksəlməsinə təsir etməklə yanaşı, turistlərin aldadılması hallarının artmasına da yol açıb.
Turizm sektorunda çalışan iş adamları yerli vətəndaşlarla ehtiyatlı davransalar da, xüsusən ərəb turistləri aldatmaqda yarışırlar. Bir çox kafe və restoranlarda ingilis və ərəb dilində yazılmış menyularda qiymətlər 2-3 dəfə şişirdilib. Bundan əlavə, hesab ödənərkən də ərəb turistlər aldadılır. Bu məsələdə taksi sürücüləri istisna deyil.
Qeyd edək ki, turistlərin aldadılması hallarına xarici ölkələrdə də çox rast gəlinir. Hətta bəzi ölkələrdə turistlərin əşyalarının oğurlanması halları belə var. Lakin Azərbaycanda bu turistlərə şişirdilmiş hesabların təqdim edilməsi həm də qanun pozuntusu hesab olunur.
Bəs görəsən, bu durumun səbəbi nədir? Turizm sahəsində çalışanlar niyə kiçik məbləğlərə görə öz obyektlərinin və ümumilikdə ölkə turizminin imicinə zərbə vururlar?
Bu sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, turizmin inkişafı ilə əlaqədar bu yolu keçən bir çox ölkələr də oxşar problemlərlə üzləşiblər: “Hətta bu gün də üzləşirlər. Belə bir məşhur deyim də var ki, turistik yerlərdən kənarda hotel tutmaq, restoran və kafelərdə yemək daha sərfəlidir. Xüsusən də xaricə səfər edərkən, Türkiyədə, Yunanıstanda, İspaniyada, Portuqaliyada bu çox geniş yayılmış bir hadisədir ki, şəhərin mərkəzində, turistik məkanlarda, gəzməli-görməli yerlərdə, tarixi məkanlarda yerləşən hotellərdə, kafe və restoranlarda qiymətlər yüksək olur. Bu, artıq dünyada formalaşmış bir fikirdir. Bəzi ölkələrdə isə buna qadağa qoyublar. Turizmin inkişafı, biznesin dayanıqlı olması Britaniya, Fransa, Almaniya, Amerika kimi ölkələrdə demək olar ki, mümkün deyil. Çünki həm ictimai nəzarət var, həm də dövlət orqanlarının nəzarəti var”.
İqtisadçı hesab edir ki, Azərbaycanda iş adamlarının gələcəklə bağlı ümidləri yoxdur: “İş adamları turizmin gələcəyinə inanmırlar, öz bizneslərinin gələcəyi ilə bağlı da o qədər optimist deyillər. Ona görə də düşünürlər ki, bu gün imkan varsa, müştəri tapıblarsa, ondan maksimal dərəcədə pul qoparsınlar. Əslində dayanıqlı inkişaf etmək istəyən, öz imicini yaratmaq istəyən kafe və restoranlar, əksinə, daha çox turist cəlb etmək üçün çalışmalıdırlar. Ən effektiv reklamlardan biri insanların bir-birinə dediyi və öz şəxsi təcrübəsini bölüşdüyü reklamlardır. Hər hansı ərəb turisti Azərbaycana gələn həmyerlilərinə turizm obyektləri haqqında neqativ fikirlər söyləsə, bu yayılır və sonradan həmin turizm obyektləri daha çox ziyan görür. Bunun əsas səbəbi dayanıqlılığa inamsızlıqdır. İş adamları obyektlərinin əllərindən çıxa biləcəyini düşünürlər, bu gün üçün maksimum qazanmağı düşünürlər. 5 illik, 10 illik inkişaf proqramları, özləri üçün müəyyən etdikləri biznes strategiyası yoxdur. Bu da biznesin güvənsizliyindən, mülkiyyət toxunulmazlığının zəif inkişaf etməsindən, dövlət orqanlarından çox ciddi basqının olmasından, korrupsiya ilə bağlı iş adamlarına çox ciddi əngəl yaranacağından irəli gəlir”.
Natiq Cəfərli vurğuladı ki, turistə ancaq bir günlük qazanc mənbəyi kimi baxan obyektlər sonradan çox ciddi ziyanla qarşılaşacaqlar: “Özünə müsbət imic formalaşdıran, getdikcə imicini gücləndirib reklama çevirə bilən kiçik və orta obyektlər gələcəkdə daha böyük gəlir götürə bilirlər. Azərbaycan ilk addımlarını atır. Belə hadisələr çox olacaq, biz hələ bir neçə il də belə hallarla rastlaşacağıq. Ancaq Azərbaycanda turizm dayanıqlı inkişaf strategiyasına əsaslansa və iş adamları öz gələcəklərinə nə qədər inamlı olsalar, bu problem də təbii yollarla öz həllini tapacaq. Bu məsələyə inzibati yollarla müdaxilə etmək ciddi effekt verməyəcək. Birincisi, qanunvericilikdə bununla bağlı çox ciddi boşluqlar var. Əgər kafe mənimdirsə, istədiyim qiyməti qoya bilərəm. Ancaq burada istehlakçı hüquqları önə çıxır. Bir istehlakçıya bir qiymət, digərinə başqa bir qiymət deyilməsi müvafiq orqanlar tərəfindən təsbit olunsa, o zaman cəza verilə bilər”.
Bəs görəsən, sözügedən əməllər hüquqi müstəvidə necə qiymətləndirilir, nə dərəcədə məsuliyyət yaradır?
Hüquqşünas Əkrəm Həsənov bu sualı cavablandırarkən bildirdi ki, ümumən qanunvericiliyimiz yerli, yaxud xarici vətəndaşın aldadılmasına fərq qoymur: “Aldatmanın formaları da müxtəlif ola bilər, nəticələri də. Hər bir halda söhbət istehlakçıların hüquqlarının pozulmasından gedir. Bu məsələ İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə tənzimlənir”.
İXM-ə görə istehlakçıları və müvafiq strukturları aldadan, keyfiyyətsiz mal satan və s. bu kimi hərəkətlərə yol vermiş fiziki şəxslər 350-500 manat məbləğdə, vəzifəli şəxslər 1500-2000 manat məbləğdə, hüquqi şəxslər isə 4000-6000 manat məbləğdə cərimə edilir.
Cinayət Məcəlləsinin “İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma” adlanan 200-ci maddəsinə əsasən isə istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda (yəni 100-3000 manat arası) aldatma 3000-5000 manat miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya külli miqdarda (3000 manatdan yuxarı) ziyan vurmaqla törədildikdə 5000-7000 manat miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda, 10000-15000 manat miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".