Turizmdə nağd ödənişlər dövrü qapandı...

Turizm agentliklərini nə gözləyir?
Azərbaycan hökuməti nağdsız ödənişlərin əhatə dairəsini genişləndirmək üçün bir sıra addımlar atır. Belə addımlardan biri də təhsil haqlarının və turizm agentliklərinə ödəmələrin nağdsız qaydada həyata keçirilməsi barədədir. Artıq “Turizm haqqında” Qanuna müvafiq düzəliş Milli Məclisə təqdim olunub və müzakirə edilir.
Hazırkı qanunvericiliyə əsasən, turist göndərən turoperatorla və ya turagentlə turist qəbul edən turoperator və ya xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr turizm vauçeri əsasında həyata keçirilirdi. Nağdsız ödənişlərə keçidin başlıca faydası ondan ibarətdir ki, ticarət və digər xidmət sahələrində vergidən yayınmanın qarşısı alınır. Nəticədə bundan həm dövlət büdcəsi gəlir götürür, həm də cəmiyyət faydalanır. İqtisadçıları və turagentlikləri narahat edən əsas məqam isə odur ki, vətəndaşların əksəriyyəti ödənişi nağd şəkildə etməyə üstünlük verir. Belə olan halda seçim imkanının olmaması, müştərilərin nağdsız ödəniş etmək məcburiyyətində qalması müraciət edənlərin də sayına təsir edir. Bu isə ümumilikdə turizm sektoruna mənfi təsirini göstərir. Turizm şirkətlərinin rəhbərləri də qanunvericilikdəki son dəyişikliyə münasibət bildirərkən qeyd ediblər ki, bu, onlara müraciət edənlərin sayını azaldacaq və işlərini axsadacaq.
Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, turizm sektorunda nağdsız ödənişlərə keçid problemlər yaradacaq: “Hər hansı davranış qaydaları insanlar tərəfindən mənimsənilmədən yalnız qanunun sərtləşdirilməsi yolu ilə həyata keçirilirsə, bu, problemlərə səbəb olacaq. Bu qadağaların yanında təşviqlər olmadan, insanlara mahiyyəti izah edilmədən, bu dəyişikliyin üstünlükləri haqqında məlumat verilmədən belə addımların atılması doğru deyil. Əgər paralel olaraq təşviq proqramları qəbul olunsaydı, güzəştlər tətbiq edilsəydi ki, turizm şirkətlərinin xidmətlərindən nağdsız istifadə edənlərə endirimlər olacaq. Həmçinin turizm şirkətlərinə də təşviqedici təkliflər edə bilərlər ki, nə qədər çox nağdsız sifariş qəbul etsələr, vergilərdə onlara güzəştlər olacaq. Bu cür güzəştlər və təşviqlər olmadan, ancaq qadağalar yolu ilə bu məsələni həll etmək və qarşıya qoyulan məqsədə çatmaq mümkün olmayacaq. Əhalinin davranış qaydalarında da nağdsız ödənişlərə marağın kifayət qədər aşağı olduğunu nəzərə alaraq turizm mövsümünün başladığı dövrdə turizm şirkətlərinə belə bir məhdudiyyətin qoyulması kifayət qədər çətinliklər yaradacaq”.Turizm eksperti Çingiz İsmayılov isə hesab edir ki, “Turizm haqqında” Qanuna dəyişikliklərin edilməsi bu sektorun fəaliyyətinə daha da təkan verəcək: “Qanunun tətbiqinin monitorinqi də aparılmalıdır. Məsələ ondadır ki, qanunlarımız yalnız turizm yox, bütün sahələrdə mükəmməlləşdirilir. Bu çox yaxşıdır. Əgər xidməti asanlaşdırmaq istəyirsənsə, nağdsız ödənişə keçməlisən, kart almalısan. Potensial müştərilər anlamalıdır ki, hansısa xidmətdən istifadə etmək üçün nağdsız ödəniş etməlidirlər. Turizm şirkətləri öz fəaliyyətlərini qanunauyğun qursalar, bu, səmərə verəcək. Lakin bunun müvafiq monitorinqi olmalıdır. Nazirlik turizm şirkətlərinə bunun müvafiq izahatını verməlidir, maarifləndirmə işləri aparmalıdır”.
N.Cəfərlinin sözlərinə görə, bu problem turagentliklər üçün müştərilərin itirilməsi və dövriyyənin azalması ilə nəticələnə bilər: “Əslində formal olaraq bu qanunu pozmadan yanından keçmək mümkündür. Turizm şirkətləri də çalışacaqlar ki, qanundan yan keçsinlər. Belə ki, onlar nağd ödəniş alsalar da başqa bir şirkətin adı ilə köçürmə yolu ilə həmin biletləri, turist səfərlərini rəsmiləşdirə bilərlər. Bir müddət sonra qanun, sadəcə, formallığa çevriləcək. Bazarın buna adaptasiyası zaman alacaq. Nağdsız ödənişlərin tətbiqinin məqsədi dövriyyənin ağardılması və daha çox vergi cəlb olunmasıdır. Bu mənada hökumətin atdığı addımları anlayıram. Amma bunun sosial tərəfi, insanların marağını cəlb edən bir tərəfi olmasa, ciddi şəkildə effekt verməyəcək”.
Ekspert bildirdi ki, dünyada nağd ödəniş və nağdsız ödəniş deyə bir ayrı-seçkilik yoxdur: “İnfrastruktur elə qurulub ki, insanların seçim imkanı var və nağdsız ödənişlər insanlar üçün daha rahatdır. Ona görə də insanlar nağdsız ödənişlərdən istifadə etməyi düşünürlər və belə addımlar atırlar. Bunun alternativi bir keçid dövrü elan etmək, qanunun tətbiqi üçün infrastrukturu hazırlamaq, insanlara bu üsulun daha rahat olduğunu izah etmək, təşviq proqramları həyata keçirmək, güzəştlər etmək və sair vasitələrlə tədricən həyata keçirməkdir”.Turizm eksperti Çingiz İsmayılov isə hesab edir ki, “Turizm haqqında” Qanuna dəyişikliklərin edilməsi bu sektorun fəaliyyətinə daha da təkan verəcək: “Qanunun tətbiqinin monitorinqi də aparılmalıdır. Məsələ ondadır ki, qanunlarımız yalnız turizm yox, bütün sahələrdə mükəmməlləşdirilir. Bu çox yaxşıdır. Əgər xidməti asanlaşdırmaq istəyirsənsə, nağdsız ödənişə keçməlisən, kart almalısan. Potensial müştərilər anlamalıdır ki, hansısa xidmətdən istifadə etmək üçün nağdsız ödəniş etməlidirlər. Turizm şirkətləri öz fəaliyyətlərini qanunauyğun qursalar, bu, səmərə verəcək. Lakin bunun müvafiq monitorinqi olmalıdır. Nazirlik turizm şirkətlərinə bunun müvafiq izahatını verməlidir, maarifləndirmə işləri aparmalıdır”.