Neft bazarının son durumu

Nəhənglər borclarını ödəmək qayğısında; “qara qızıl”ın taleyi ilə bağlı proqnozlar müxtəlifdir
Yeni həftə neft bazarı üçün heç də uğurlu start götürməyib. Belə ki, Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 1,66 faiz (1,1 dollar) ucuzlaşaraq 65.01 dollara, Nyu-Yorkun NYMEX elektron birjasında WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 1,64 faiz (1,02 dollar) ucuzlaşmaqla 61.12 dollara satılmağa başlayıb.
Ötən həftənin yekununda Brent 1 faiz, WTI 1,7 faiz dəyər itirsə də, hər iki marka ilin əvvəlindən bəri 27 faizdən çox bahalaşıb. Ötən həftəni Azərbaycan nefti digər markalardan fərqli olaraq 1 faizədək qiymət artımı ilə başa vurub.
Əsas neft markalarının qiymətindəki ucuzlaşmaya əsas səbəb kimi OPEK+ ölkələri nazirlərinin bu həftə baş tutacaq görüşü, həmçinin bir sıra Asiya ölkələrində koronavirusa yoluxma sayında kəskin artımın olmasıdır. Belə ki, bu həftə OPEK+ nazirlərinin bazarla bağlı müzakirələri olacaq. Rusiyanın energetika naziri Aleksandr Novak görüşdə hər hansı qərarın qəbulunun gözlənmədiyini açıqlasa da, investorlar sürpriz qərarın olmasını istisna etmirlər.
Yaponiyanın 4 əsas prefekturasında mayın 11-dək fövqəladə vəziyyət elan olunub. Aprelin 24-də əsas neft idxalatçılarından biri olan Hindistanda 350 min nəfərə yaxın koronavirusa yoluxma qeydə alınıb. Nəzərə alsaq ki, Hindistanda pandemiyaya görə hərəkətliliyin azalması bu ölkənin neft emalı zavodlarının fəaliyyətini zəiflədib, onda neft bazarı iştirakçılarının təşvişini başa düşmək olur: axı Hindistan dünyada üçüncü böyük neft idxalçısıdır. Analitiklər məhz Hindistana görə OPEK+ nazirlərinin görüşündə hansısa qərarın qəbul olunmasını mümkün hesab edirlər.
Neft bazarına təzyiq göstərən üçüncü amil İrandan neft ixracının artması perspektividir. İran prezidenti Həsən Ruhani keçən həftə ölkəsi ilə ABŞ arasında nüvə proqramı üzrə danışıqlarda 60-70 faizlik irəliləyişin əldə olunduğunu açıqlayıb. Danışıqların ölkələr arasındakı münasibətlərə müsbət təsir göstərəcək sonluqla bitməsi İranın neft sənayesinə qarşı sanksiyaların aradan qaldırılması demək olacaq ki, bu da qısa müddətə bazara gündəlik 1 milyon bareldən yuxarı əlavə neftin daxil olması deməkdir.
Bu mənfi təsirlərə rəğmən bazarda qiymətlərin kəskin düşməsi müşahidə olunmur. Buna isə bazara müsbət təsir göstərən amillərin mövcudluğu imkan vermir. Neft bazarına müsbət təsir edən əsas amillərdən birincisi Çin daxil olmaqla, bir çox böyük istehlakçı ölkələrdə iqtisadiyyatın sürətli artım dinamikasının davam etməsidir. Bloomberg müxtəlif sahələr üzrə rəqəmlərə istinadə edərək aprel ayının 20 günü ərzində Çin iqtisadiyyatının bütün sahələrində sürətli artımın getdiyini bəyan edib. Canlanma daşınmaz əmlak bazarından tutmuş, xammal, qiymətli kağızlar bazarlarına, nəqliyyat, logistika və digər bütün sahələrdə qeydə alınır.
Asiyanın digər nəhəngi olan Cənubi Koreyanın ixracı aprelin 20 günü ərzində 45 faizə qədər artım nümayiş etdirib.
ABŞ-da neft hasilatının artmaması da bazara müsbət təsir göstərən amillər sırasındadır.
Neft 10 dollara düşəcəkmi?
Maraqlıdır ki, neft bazarında təşviş davam edərkən bir sıra analitik mərkəzlər bu enerjidaşıyıcısının taleyinə dair bədbin proqnozlar verməkdədir. «Wood Mackenzie» analitik konsaltinq şirkətinin mütəxəssisləri hesab edirlər ki, Paris iqlim sazişi icra olunub, dünyanın inkişaf etmiş ölkələri “yaşıl enerji”yə keçdikdən sonra Brent markalı neftin bir bareli 10 dollara qədər ucuzlaşacaq. Hesabat müəlliflərinin fikrincə, neftə olan tələbatın azalması 2023-cü ildən etibarən müşahidə olunmağa başlayacaq. 2050-ci ilə doğru tələbat indiki səviyyədən 70 faiz az olacaq ki, bu da 2030-cu ilə Brentin qiymətinin 37-42 dollara, 2050-ci ilə isə 10 dollara düşməsinə gətirib çıxaracaq.
«Wood Mackenzie» analitikləri bildirirlər ki, neftə tələbatı azaldan əsas amil nəqliyyatda və sənayedə elektrikləşməyə keçid prosesi olacaq.
Lakin digər ekspertlər hesab edirlər ki, “yaşıl enerji”yə keçid və neftin enerji bazarındakı rolunun azalması prosesi belə sürətli olmayacaq. Onların fikrincə, «Wood Mackenzie» analitikləri proqnozlaşdırma apararkən heç də bütün amilləri nəzərə almayıblar. Xüsusilə neft ehtiyatları tükənmədiyi təqdirdə ondan istifadəyə ehtiyacı olanlar da qalmaqda davam edəcək.
Yeni iqlim reallıqları şəraitində “OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması müddətsiz uzadıla bilər.
Rusiyanın “LUKoil” neft şirkətinin vitse-prezidenti və ortaq sahibi Leonid Fedun da «yaşıl enerji»yə keçidin neft üçün ciddi problemlər yaradacağı qənaətindədir. O, Rusiya mətbuatına verdiyi açıqlamada qeyd edib ki, neft hasilatının azaldılması ilə bağlı formalaşan OPEK+ formatı daimi xarakter ala bilər: “”OPEC+" razılaşması uzun bir tarixi perspektiv üçündür, yeni iqlim reallıqları şəraitində bəlkə də həmişəlik olacaq".
Neft nəhəngləri borc girdabında
2020-ci ildə pandemiya üzündən neft sənayesi tarixinin ən ağır illərindən birini yaşayan xam neftin qiyməti 2021-ci ilin əvvəlindən tam bərpa olunub. Son 4 ayda neft qiymətlərinin kəskin eniş yaşamaması bu sahədə fəaliyyət göstərən nəhəng şirkətlərin əlavə gəlir əldə etməsinə səbəb olub. Lakin onların böyük əksəriyyəti əldə etdikləri gəlirləri keçən il ərzində yığılan borcları qapamağa yönəltmək məcburiyyətindədirlər. Bloomberg-in yazdığına görə, 2020-ci ildəki tənəzzül zamanı səhmdarlara ödənişləri etmək üçün neft nəhənglərinin böyük çoxluğu irihəcmli borclanmaya gediblər. Məsələn, ABŞ-ın “ExxonMobil” və Fransanın “Total SE” şirkətləri neft qiymətlərini yüksəlməsi nəticəsində əldə etdikləri gəlirlərin hamısını borclarının ödənməsinə yönəldirlər. “Chevron CORP.” və “Royal Dutch Shell Plc” də əldə olunan pulları keçən il buraxdıqları qiymətli kağızları geri almağa sərf edəcəklərini açıqlayıblar. Yalnız ötən il səhmdarlara ödənişləri azaltmaqla borclanmadan yayınmağı bacaran bp şirkəti bu il onları bir qədər artırmaq niyyətindədir.
Bloomberg-in şirkətlərin məlumatları əsasında apardığı hesablamalara görə, 2021-ci ildə 5 böyük neft nəhənginin əməliyyat və investisiya xərcləri çıxıldıqdan sonra qalan sərbəst pul axınlarının həcmi 2020-ci ildəki 4 milyard dollara qarşı 80 milyard dollar təşkil edəcək. Bu zaman «Shell» 22 milyard dollarla lider olacaq. Ondan sonra 19 milyard dollarla «Exxon» gələcək. Ən az sərbəst vəsaitə nail olacaq bp üçün bu rəqəm 11 milyard dollar təşkil edəcək. Bu vəsaitlər həmin 5 şirkətə 2021-ci il üçün planlaşdırılan dividentləri ödəməyə yetəcək və ümumilikdə 35 milyard dollar əlavə vəsait qalacaq. Lakin bu vəsaitlərin nə qədərinin səhmdarlara çatacağı məlum deyil. Belə ki, bp borclanma üzrə məqsədinə çatıb və səhmlərin geri alınmasına başlamaq niyyətindədir. Ötən ilin fevralında şirkət dividentləri 2,4 faiz artırsa da, 6 ay sonra ödənişləri 2 dəfəyə qədər azaltmağa məcbur olub. Şirkətin London birjasındakı səhmləri son 12 ayda ən pis göstəricilər nümayiş etdirməkdədir. Lakin ötən ay bp borclarının həcmini vaxtından əvvəl 35 milyard dollara qədər azaltmağa nail olduğunu və tezliklə səhmlərin geri alınmasına başlayacağını açıqlayıb.
Bp-nin Avropadakı rəqibləri isə göstəricilərini heç də gözlənildiyi qədər yaxşılaşdıra bilməyiblər. Belə ki, 65 milyard dollar borcu olan «Shell» dividentlərin həcmini az da olsa artırıb, amma onun səhmlərin geri alışını bərpa edəcəyi real görünmür. Şirkətin hazırda əsas məqsədi borcun məbləğini daha 10 milyard dollar azaltmaqdır. “Citigroup Inc.”, “HSBC Holdings Plc” kimi banklar hesab edirlər ki, «Shell» bu məqsədinə 2022-ci ilədək çata bilməyəcək. Çünki şirkətin xalis borcu 2020-ci ilin 4-cü rübündə 75 milyard dollara qədər artmışdı. Bu ilin birinci rübü ərzində «Shell» onu 10 milyard dollar azalda bilib.
Ötən il divident ödənişini dayandırmayan yeganə Avropa şirkəti olan «Total» bəyan edib ki, bu il əldə edəcəyi bütün gəlirləri xalis borcun azaldılmasına yönəldəcək. Daha sonra isə şirkət bərpa olunan enerjiyə investisiyaları 25 faiz artıracaq. Yalnız bundan sonra «Total» səhmlərin geri alınmasına başlayacaq.
“Exxon” 2020-ci ildə borclanma hesabına divident ödənişini dayandırmayıb. Nəticədə onun xalic borcu 40 faiz artmaqla 73 milyard dollara çatıb. Buna görə də beynəlxalq reytinq agentliyi “Moody’s Investors Service” “Exxon”un reytinqini son 12 ayda iki dəfə azaldıb. Texas nəhəngi dörd rüb ardıcıl zərərdən sonra bu ilin birinci rübünü gəlirlə başa vurmaq niyyətindədir. Şirkət həcmi 15 milyard dollar təşkil edən illik divident ödənişini bu il də saxlamaq niyyətindədir, bir şərtlə ki, borclarını planlaşdırılan həcmə qədər azalda bilsin.