Azərbaycanda bazara çıxış ən böyük problemi olaraq qalmaqdadır

Azərbaycanda bazara çıxış aqrar istehsalçıların ən böyük problemi olaraq qalmaqdadır. Yay aylarında pomidor, qarpız kimi məhsulların həm xarici, həm də daxili bazarlara çıxışında yaranan problemlər indi də üzüm, alma və xurma ilə bağlı müşahidə olunur. Bütün hallarda problemin mahiyyəti eynidir: bol məhsul əldə edən fərdi istehsalçılar qiymətin yüksək olduğu böyük şəhərlərdəki bazarlara çıxa bilmədiklərinə görə öz məhsullarını dəyər-dəyməzinə satmağa məcbur qalırlar. Yerlərdə 15-20 qəpiyə satılan məhsul Bakı, Sumqayıt bazarlarındakı piştaxtalara minimum 60 qəpiyə çıxarılır. Bu isə aqrar istehsalçıları ciddi şəkildə narahat edir: çəkdiyi əziyyətin layiqli bəhrəsini hər kəs görmək istəsə də, çoxları buna nail ola bilmir.
Əlbəttə, satış və bazar problemi dünyanın hər yerində, hər sahədə var. Lakin bazarı tənzimləməli olan qurumlar əksər ölkələrdə kəndlinin, fermerin zərərə düşməsinin qarşısını alırlar. Bunun üçün ən müxtəlif üsullardan, rıçaqlardan istifadə olunur. Digər tərəfdən, korrupsiyanın, inhisarçılığın qarşısını ala bilən ölkələr demək olar ki, belə problemlər də yaşamırlar: hər şeyi sağlam rəqabət mühitində fəaliyyət göstərən bazar özü tənzimləyir. Eyni zamanda dəyər zəncirinin bütün mərhələlərini qurmağı bacaran ölkələr də az deyil: məhsul nə qədər bol olsa da, sağlam rəqabət aparan emal-son məhsul istehsal edən müəssisələr tərəfindən alınır və istehsalçı problemlə üzləşmir.
Başqa bir məsələ də var ki, aqrar sektor daim dövlətin dəstəyinə ehtiyac duyan bir sahədir. Buna görə də dövlətlər istehsalçıların zərərə düşməsinin qarşısını almaq üçün müxtəlif rıçaqlar tətbiq edirlər. Ən geniş yayılmış rıçaqlardan biri dövlətin məhsulu istehsalçının xərcini qarşılayacaq, müəyyən həcmdə gəlirini təmin edəcək qiymətə almasıdır. Qonşu Türkiyədə tətbiq olunan bu rıçaq istehsalçıların müdafiəsində mühüm rol oynayır.
Azərbaycanda bir sıra bitkilər üzrə emal müəssisələri ilə əvvəlcədən zəmanətli müqavilələr bağlanılır. Pambıq, barama, tütün və sair məhsulların alıcısı əvvəlcədən bəlli olduğu üçün istehsalçıların bazar problem olmur. Düzdür, son illərədək bu məhsulların alış qiymətləri də kifayət qədər aşağı idi, lakin dövlət dəstəyi mexanizmi işə salındıqdan sonra müəyyən nizamlanma hiss olunmaqdadır.
Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış Dövlət Aqrar Ticarət Şirkəti bu ildən etibarən aqrar məhsulların Bakı bazarlarına çıxarılmasında istehsalçılara dəstək verməyə çalışır. Şirkətin mətbuat katibi Mayis Musayevindediyinə görə, qurumun iki əsas fəaliyyət istiqaməti var: “Bunlardan biri dövlət qurumlarının ərzaq məhsulları ilə təchizatı, digəri isə xırda və orta kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsullarının bazara çıxarılmasına yardımdır. Bu məqsədlə biz ”Kənddən şəhərə" layihəsini həyata keçirməyə başlamışıq. Bu layihə çərçivəsində fermerlərin məhsullarını satan mərkəzlər yaradılır, yarmarkalar təşkil olunur, eyni zamanda fermerlərə məhsullarını qablaşdırmaqda dəstək verilir. Məhsulunun satışına dəstək göstərilməsini istəyən istənilən fermer bizə müraciət edə bilər. Belə müraciətdən sonra biz həmin fermerin təsərrüfatına baxış keçiririk, yerli bazarda, yaxud xarici bazarda satışın təşkilində ona yardım edirik. Dövlət qurumlarının kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatını ödəmək məqsədilə xüsusi platforma yaratmışıq - Tədarük.az. Öz məhsulunu dövlət qurumlarına satmaq istəyən fermerlərlə dövlət qurumlarını əlaqələndiririk".
Şirkət rəsmisi bildirir ki, dövlətin bazara alıcı qismində intervensiyası ilə bağlı məsələ də gündəmdədir: “Biz yeni fəaliyyət planı hazırlayırıq. Bunun üçün bazardakı mövcud vəziyyəti, problemləri öyrənmişik. Yeni fəaliyyət planında qeydə alınan problemlərin aradan qaldırılması üçün konkret mexanizmlər nəzərdə tutulacaq. Qeyd etdiyiniz məsələ də planda əksini tapacaq. Hələlik daha detallı məlumat verə bilməyəcəm, çünki dəqiq mexanizm hələ tam hazır deyil”.
İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, normal halda dövlət prosesə administrativ yollarla müdaxilə etməməlidir: “Belə bir müdaxilə arzuolunan da deyil. Çünki bunun əvəzində sağlam mexanizmlər, xüsusilə də təşviq mexanizmləri formalaşdırmaqla istehsalçıların dəyər zəncirinin bütün halqalarında iştirak imkanlarını yarada bilər. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, bu məsələdə kooperativlərin böyük rolu var. Məsələn, Almaniyada kənd təsərrüfatı istehsalının 90 faizə yaxını kooperativlərdə istehsal olunur. Kooperativlər istehsalçıya imkan yaradır ki, həm məhsulun istehsalında, həm daşınmasında, həm də son istehlakçıya çatdırılmasında iştirak edə bilsin. Azərbaycanda ”Kənd təsərrüfatı kooperasiyaları haqqında" Qanun qəbul olunsa da, kooperativlərin yaradılması prosesi çox ləng gedir. Çünki yerli istehsalçının müstəqilliyin ilk illərindən kooperativlərlə bağlı acı təcrübəsi var və kooperativə olan inam çox aşağıdır. Digər tərəfdən, Azərbaycanda kənd təsərrüfatında fəaliyyət göstərən subyektlərin 97 faizi ailə təsərrüfatlarıdır. Ailə təsərrüfatları isə çox məhdud imkanlara sahibdilər. Onların məhsulu daşıma vasitəsi, saxlama anbarı yoxdur. Buna görə də onlar məhsulu yerində təhvil verməyə məcbur olurlar. Bu isə bazarla əsas istehsalçı arasında əlaqənin olmaması deməkdir".
Məlumdur ki, Azərbaycanda istehsalçı ilə bazar arasında vasitəçilər fəaliyyət göstərir, onlar da yüksək marjalar tətbiq edirlər. Ekspertə görə, bunun obyektiv səbəbi odur ki, kənd təsərrüfatı məhsulunun daşınması və satışı yüksək riskli sahədir: “Bu məhsullar əsasən tez xarab olan məhsullardır. Onların saxlanması, daşınması və satışı ciddi risklərə məruz qalır. Burada itki çox yüksəkdir. Buna görə də vasitəçilər və satıcılar bu risklərin dəyərini də qiymətə əlavə edirlər, nəticədə, yerdən alınan qiymətlə bazara çıxarılan qiymət arasında kəskin fərq yaranır. Bu şəraitdə istehsalçı üçün ən yaxşı variant məhsulunu saxlama yerlərində saxlamaq ola bilər. Lakin bu sahədə də ciddi problemlər var. Dövlət bir ara saxlama kameraları və anbarların yaradılmasına dəstək verdi. Amma yaradılan yerlərdə xidmət haqqı - saxlama xərci o qədər yüksəkdir ki, ailə təsərrüfatlarının buna da imkanı çatmır. Nəticədə məhsulun yığım dövründə təklif çoxalır və qiymət düşür”.
R.Həsənovun sözlərinə görə, dövlət bu vəziyyətdə bir sıra addımlar ata bilər: “Əvvəla, saxlama kameralarının sayı artırıla bilər. İkincisi, bu yerlərdə saxlama xərclərində istehsalçılara güzəştli şərtlər tətbiq oluna bilər. Daha bir addım kooperativlərin yaradılmasını stimullaşdırmaq üçün əlavə mexanizmlərin tətbiqidir. Bundan əlavə, hazırda tətbiq olunan ”Kənddən şəhərə" yarmarkaları layihəsinin əhatə dairəsini genişləndirmək lazımdır. Bu yarmarkalarla bağlı bəzi neqativ məlumatlar yayılır. Bəzi hallarda bu yarmarkalarda satıcılar eyni adamlar olur, yerlər əvvəlcədən onlara satılır. İstehsalçı məcburən məhsulunu həmin şəxslərə satmalı olur. Bu kimi hallar aradan qaldırılmalı, həmin yarmarkalardan istehsalçıların özlərinə şərait yaradılmalıdır. Eyni zamanda səyyar satış mexanizmləri tətbiq olunmalı, xırda istehsalçılara səyyar satış üçün ayrılmış xüsusi maşınları icarəyə götürmək imkanı yaradılmalıdır. Ən əsası isə əlbəttə ki, bazarlardakı inhisarçılığı aradan qaldırmaq lazımdır".