Saatlı fermerlərinin “Aqrolizinq” problemi

Onlar güzəştli şərtlərlə verilməli olan gübrəni bu qurumdan ala bilmir
“Fermerlərə keyfiyyətli gübrələr verilməlidir. Keçən mövsümdə gübrələrin keyfiyyəti ilə bağlı bəzi problemlər olmuşdu. Dövlət bu böyük sahəni demək olar ki, öz üzərinə götürüb. Gübrələrin 70 faizinin pulunu dövlət öz üzərinə götürür. Ancaq elə gübrələr gətirilməlidir ki, onların keyfiyyəti yüksək səviyyədə olsun və müvafiq qurumlar bu il bu məsələyə ciddi nəzarət etməlidirlər”. Bu sözləri prezident İlham Əliyev martın 26-da Bərdəyə səfərində, sahibkarlarla görüşdə deyib.
Müxtəlif rayonlardan olan sahibkarlarsa bu sahədə ciddi problemlərin, korrupsiya hallarının yaşandığını deyirlər. Redaksiyamıza Saatlı rayonunun Azadkənd kəndinin sakinləri Ataman Hacıyev, Bəhrəm Məmmədov, Ceyhun Mehdiyev və Babək Hacıyev şikayət edib. Onlar “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı şöbəsindən fermerlərə çatacaq azot gübrəsini vaxtında ala bilmədiklərini deyirlər. Onların sözünə görə, “Aqrolizinq”ə hər getdiklərində gübrə olmadığı bildirilir, ancaq bununla yanaşı satış məntəqələrində həmin gübrəni istənilən vaxt tapmaq olur. Fermerlərin fikrincə, onlara çatacaq gübrə qara bazarda satılır. Çünki onlar bu qurumdan müxtəlif gübrələri güzəştli qiymətə alırlar. Taxıla və pambığa verilən azot gübrəsinin bir kisəsi fermerlərə güzəştli qiymətlə – 9 manat 10 qəpiyə satılır. Qara bazarda isə onun qiyməti 12, bəzi hallarda isə 15 manatdır.
Fermerlər bu problemlə hər il üzləşdiklərini deyirlər: “Dövlət bunu bizə güzəştli şərtlərlə verirsə, niyə ona artıq pul verməli, yaxud baha qiymətə “qara bazar”dan almalıyıq? Əkin sahələrimiz çoxdur, buna uyğun olaraq da gübrə almalıyıq. Birimiz, 30, birimiz 40, eləsi var ki, lap 60 kisə almalıdır. Təsəvvür edin, bazardan alanda nə qədər əlavə xərc sərf olunur, bizim nə qazancımız var ki, elə bu başdan o qədər ziyana düşək. Bunların vecinə deyil, məqsədləri ancaq pul qazanmaqdır. Belə də olmaz axı. Sənə səlahiyyət verilib, vəzifə verilib, vicdanla işlə, kəndlinin cibinə niyə girirsən? Onsuz da qazancımız olmur, heç olmasa itkilərimiz az olsun. Rayona hər səfər xeyli puldur, maşın danışıb gedirik, orda da deyirlər “azot yoxdur”. Boş maşınla geri qayıdırıq. Elə də olur ki, baha qiymətə bazardan almaq zorunda qalırıq. Gübrənin verilmə vaxtı var, onda verməsən, məhsulda itirirsən, biz də məcbur olub az da olsa alırıq ki, çəkdiyimiz zəhmət hədər getməsin. Məsələn, taxılın gübrəsini hökmən vaxtında verməlisən, bitki qalxandan sonra sahəyə girmək olmur, bunlar da belə şeyləri yaxşı bilir”.
Şikayətçilər səlahiyyət yiyələrinin bu problemə diqqətlə yanaşmasını, yerlərdə fermerlərə çətinlik yaradanların, korrupsiyaya qurşananların cəzalandırılmasını tələb edir.