Mənzil fırıldağına qarşı yeni qanun nəyi dəyişəcək...

Ekspert: “Bir neçə qanunu qəbul etməkdənsə, hamıya uyğun olan oyun qaydaları lazımdır”
Azərbaycanda tikintisi başa çatmayan binalarda mənzil alan zaman ödənişin ödənilməsi qaydası müəyyənləşib. Bununla bağlı Mülki Məcəllədə dəyişiklik edilir.
Məcəllənin 648-ci (Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi) maddəsinə yeni bənd əlavə edilir. Əlavəyə əsasən, alqı-satqı müqaviləsinin predmeti digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar təşkil edirsə, alıcının üzərinə həmin payların alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz.
Dəfələrlə mətbuatda bir mənzilin çoxsaylı şəxslərlə satılması ilə bağlı xəbərlərə rast gəlirik. Elə bizim redaksiyamıza da xeyli sayda zərərçəkmiş bu kimi şikayətlərlə müraciət edib. İnsanları aldadan MTK-lardan biri “Yeni Yasamal” MTK idi. Bu günlərdə onun rəhbəri Cahangir Alışov həbs edildi. Yayılan rəsmi məlumatlardan bəlli oldu ki, C. Alışov bir mənzili fərqli insanlara sataraq yüz minlərlə vəsaiti mənimsəyib.
Lakin məsələ burasındadır ki, mənzilləri qanunsuz satanlar həbs edilsə də, zərərçəkənlərə dəymiş zərərin ödənilməsi barədə konkret məlumatlar yoxdur.
Bəs qanunda edilən dəyişikliklər bu kimi halların qarşısını alacaqmı?
Milliqazetä danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əslində köhnə qaydalara görə də bir mənzili fərqli şəxslərə satmaq qanunsuzluq idi: “Sadəcə olaraq, nəzarət mexanizmlərinin zəif olması iş adamlarına imkan yaradırdı ki, adi daxili müqavilə ilə mənzil satışını həyata keçirsinlər. Vətəndaşların da bir çoxu hüquqlarını bilmədikləri, hüquqşünaslarla məsləhətləşmədikləri halda addımlar atdığına görə çox zaman problemlərlə qarşılaşırdılar. Sonradan da bir mənzilin fərqli şəxslərə satılması üzə çıxırdı. Əslində keçmişdə də belə bir qayda var idi. Sadəcə olaraq, indi bunun daha da sərtləşdirilməsi ortaya çıxır. Mənə elə gəlir ki, burada bir neçə qanunu qəbul etməkdənsə, sivil, hamıya uyğun olan oyun qaydaları gətirmək lazımdır. Bunun örnəkləri də var. Belə ki, Türkiyədə, Gürcüstanda, 2 il bundan öncə Rusiyada da eyni qaydaya keçdilər. Yəni onlar tikinti şirkətlərinə ancaq binanı təhvil verdikdən sonra mənzil satmağa icazə verdilər. Bina təhvil verilir, çıxarış olur və sonradan bu sənədin də istənilən adamın adına keçirilməsi üçün şərait yaradılır. Azərbaycanda da bunu tətbiq etmək olar. Buna ehtiyac da var ki, çıxarış verilmədən satış həyata keçirilməsin. İnşaat şirkətlərini də anlamaq mümkündür ki, onlar hətta binanın təməli qoyulan kimi satışı həyata keçirərək, müəyyən vəsait əldə edib, onun hesabına öz tikintilərini davam etdirirlər. Bunun da sivil qaydaları var. Belə ki, alıcılar üçün daha sərfəli şərtlərlə qarşılıqlı öhdəlik müqavilələri bağlamaq olar. Binanın inşaatı yeni başlayıbsa, mənzil yox, sadəcə olaraq, mənzilin satılacağı haqqında öhdəlik müqaviləsi imzalana bilər ki, bu da sonradan bina sahiblərinə bir öhdəlik yaradar. Bunların tətbiq olunması effektiv olardı”.
Ekspert bildirib ki, həbs edilən MTK rəhbərləri vətəndaşa dəyən zərəri məhkəmə qarşısına çıxdıqdan sonra ödəyirlər:“Qayda budur ki, məhkəmə qərar verməli və həmin bina sahibinin əmlakı müsadirə edilib, satışa çıxarılmalıdır. Bununla da vətəndaşlara dəymiş ziyan ödənilməlidir. Ancaq Azərbaycanda bu, çox çətin və zaman aparan prosedurdur. İstintaq işləri gedir və bu da bir neçə ay davam edir. Sonra da məhkəmə araşdırması başlayır. Bundan sonra təqsirləndirilən şəxs Apelyasiya Məhkəməsinə, oradan da Ali Məhkəməyə müraciət edir. Bütün bu proseslərdən sonra məhkəmə qərarı qanuni hökmünə minir. Buna da bəzən illər tələb olunur. Bu illər ərzində də zərərçəkmişlər heç bir kompensasiya almırlar və pulun da dəyəri düşür. Ona görə də bunun bir porsedur qaydaları daha da sadələşdirilməlidir. Dəymiş ziyan təsdiq olunursa, dərhal əmlak satışa çıxarılıb, ödəmə ilə bağlı qərarlar verilməlidir ki, proses sürətli həyata keçirilsin”.
İqtisadçı Fikrət Yusifov isə hesab edir ki, dəyişikliklərə qədər inşası başa çatmayan binalarda mənzillərin alqı-satqısı, vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı bir sıra problemlər mövcud idi. Mülki Məcəllədə edilən dəyişikliklər bu halların aradan qaldırılmasını təmin edəcəkdir".