Manatın payızı - proqnozlar necədir...

Qubad İbadoğlu: “Kəskin ucuzlaşma olmayacaq, ancaq məzənnədə müəyyən dəyişikliklər baş verəcək”
Son hərraclarda manat dollar qarşısında bir qədər də möhkəmlənib. Belə ki, sentyabr ayının 5-də banklararası ticarətdə dollar manat qarşısında yenidən bahalaşıb. “Bloomberg” terminalında dollar 0,28% dəyər qazanaraq 1.7000 manat səviyyəsinə qalxıb. Terminal üzərində son ticarət 1.6953 manat məzənnəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, sonuncu dəfə “Bloomberg”də dollar avqust ayının 18-də 1.7000 manat məzənnəsi ilə ticarət edilmişdi.
Manatın Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məzənnəsi isə bir dollar qarşısında 1.7009 AZN-dir. Göründüyü kimi, ilin əvvəlindən etibarən manatın rəsmi məzənnəsi 1.70-in üzərində qalmağı bacarıb.
Lakin payıza doğru ölkədə dollara tələbin artacağı və bunun manata təzyiq yaradacağı da qaçılmazdır.
Ekspertlər isə hesab edir ki, manat ilin sonuna doğru ucuzlaşa bilər.
Milli valyutamızın məzənnəsinin payız aylarında necə olacağını şərh edən Qubad İbadoğlu kəskin devalvasiyanın gözlənilmədiyini bildirdi: “Manatla bağlı təbii ki, yaxın dövrlər üçün ciddi bir dəyişiklik proqnozlaşdırmıram. Ancaq ilin sonuna doğru, həm şirkətlərin, həm bankların, həm də bütövlükdə dövlətin öz öhdəliklərini yerinə yetirməsi zamanı yaxınlaşır. Bu da dollara tələbi artırır. İndiki halda manatın məzənnəsində əhəmiyyətli rol oynayan məqamlardan biri neftin dünya bazarında qiymətinin bahalaşmasıdır. Ölkəyə neft ixracından nə qədər valyuta daxil olacağı manatın məzənnəsi baxımından önəmlidir. Əgər valyuta bazarını Mərkəzi Bank inzibati müdaxilələrlə tənzimləməzsə, bankların öhdəsinə buraxarsa, o halda ilin sonunda manatın məzənnəsində ucuzlaşma gözlənilir”.
Bu ucuzlaşmanın hansı həddə olacağına gəlincə, Q. İbadoğlu bildirdi ki, söhbət kəskin ucuzlaşmadan getmir: “İstənilən halda ucuzlaşmanın hansı həddə olacağını demək çətindir. Çünki indiki halda 2-3 aydan sonra hansı qiymətlərin hansı həddə olacağını hesablamaq mümkün deyil. Kəskin ucuzlaşma olmayacaq, ancaq məzənnədə müəyyən dəyişikliklər baş verəcək”.
Hazırda cəmiyyəti narahat edən məqamlardan biri də manatın məzənnəsinin sabit qalmasına baxmayaraq, qiymətlərin durmadan bahalaşmasıdır. Xüsusən bu bahalaşma özünü ərzaq məhsullarının qiymətində göstərir. Belə olan halda ərzaq bazarında manatın məzənnəsinin hansı həddə olması o qədər də təsir göstərmir. Halbuki insanların manatla bağlı həssaslığının səbəbi məhz bazarlardakı qiymətlər idi.
Manat sabitdirsə, qiymətlər niyə bahalaşır?
Bu sualı cavablandıran Qubad İbadoğlu bildirdi ki, bahalaşmanın əsas səbəbi dövlət tərəfindən tənzimlənən tariflərin artırılmasıdır: “Bahalaşmanın əsas səbəblərindən biri Azərbaycanda inzibati yolla tənzimlənən mal və xidmətlərin tarifindəki dəyişiklikdir. Bu dəyişiklik səbəbindən bahalaşma bir qədər də sürətləndi. Bazarların qarşılıqlı fəaliyyəti əsasında baş verən bahalaşma daha çox müşahidə olunur. Çünki bir bazardakı bahalaşma digər bazarlara da təsir göstərir. Bu baxımdan, onu yalnız manatın məzənnəsi ilə əlaqələndirmək düzgün deyil. Ölkədə istehsal olunan məhsulların məsrəfi artır. Bu məsrəfin içərisində həm idxal edilən xammal var, həm daxili bazarda tənzimlənən tariflər var. Bu da elektrik enerjisinin, qazın və yanacağın qiymətinin bahalaşmasından sonra daha çox hiss olunur. Qiymətlər üzərində inhisarçı nəzarətin mövcudluğu hər zaman inflyasiya yaradan səbəblərdən hesab olunur.
Mövsümi amillər, kənd təsərrüfatı istehsalının strukturundakı dəyişikliklərin təsirini əhəmiyyətli hesab etmək olar. Kənd təsərrüfatında strateji məhsulların istehsalı daha da önə çəkildi, bu da qiymətlərə təsirsiz ötüşmür. Həmçinin ayrı-ayrı bazarlardakı qiymət artımları inflyasiya artıran amillərdən sayılır".