Macarıstanın “Tempus” Fondu azərbaycanlı tələbələri aldadıb? – Təhsil Nazirliyindən açıqlama...

Artıq bir neçə gündür ki, mətbuatda və sosial mediada Macarıstan hökumətinin azərbaycanlı tələbələri aldatması ilə bağlı məlumat yayılıb.
Belə ki, jurnalist Azər Sarıoğlunun yaydığı məlumata görə, Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, “Tempus” Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi. Lakin həmin fond müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 tələbədən 40 nəfərinin təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina edib.
Jurnalist onu da vurğulayıb ki, Macarıstan hökuməti azərbaycanlı tələbələrdən imtina etdiyi vaxt artıq Qərb universitetlərinə və digər fondlara müraciət və imtahan müddəti bitmişdi: “Saymazlığın dərəcəsinə baxın ki, Fondun rəhbərliyi bu barədə abituriyentlərə, izahatları bir tərəfə, xəbər belə, verməyib. Azərbaycan Təhsil Nazirliyinə ümumi xarakterli məktub yazmaqla kifayətlənib. Həmin 40 tələbə də qalıb, ortalıqda... Ağızlarını açanda isə etikadan, bəşəri dəyərlərdən danışırlar. Təhsil Nazirliyi də heç bir kömək etmək iqtidarında deyil. Təhsil Nazirliyi məktub yazsa da, saya salmırlar. Bir sözlə, Macarıstan hökuməti bizə qarşı açıq hörmətsizlik nümayiş etdirir”.
Azər Sarıoğlu hüquqşünaslardan kömək istəyib: “Hüquqşünaslar bu məsələdə necəsə yardım edə bilərlərmi? Valideynlər “Tempus” Fondunu məhkəməyə vermək istəsələr, hansısa hüquqşünas bu işlə məşğul ola bilərmi?”
Məsələyə aydınlıq gətirmək üçün musavat.com-un əməkdaşı Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, ortada heç bir aldatma məsələsi yoxdur: “2014-cü ilin 11 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanan 2015-2017-ci illər üzrə İş Proqramına uyğun olaraq, azərbaycanlı tələbələr Macarıstana təhsil almaq imkanı qazanıblar. İş Proqramında müəyyən olunan kvota üzrə ixtisas istiqamətlərinə müraciət edənlər arasında dil və ixtisas bilikləri, ümumi dünyagörüşü üstün olan namizədlərə üstünlük verilir. Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilən 3 universitetdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmur.
Qeyd edək ki, namizədlərin ilkin seçimi Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən aparılır. Müsbət rəy alan namizədlərin adları Macarıstan tərəfinə təqdim olunur. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri namizədlərin sənədlərini təhlil edir. Namizədlərlə bağlı yekun qərar yalnız Macarıstanın ali təhsil müəssisələri və Macarıstan hökuməti tərəfindən yaradılan “Tempus” Qeyri-Kommersiya Fondu vasitəsi ilə verilir”.
Açıqlamada həmçinin qeyd olunub ki, ümumilikdə, 2015/2016-cı tədris ilində 51 nəfər, 2016/2017-ci tədris ilində 182 nəfər bu təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanıb: “Hazırda tələbələr “Budapest Business School”, “Corvinus University of Budapest”, “University of Debrecen”, “University of Szeged”, “Eötvös Lorand University” kimi ali təhsil müəssisələrində təhsil almaqdadırlar.
Bu il təqaüd proqramına müraciət edən namizədlərin sayı 1000 nəfərdən artıq olub. Təhsil Nazirliyi Macarıstanın müəyyən etdiyi təqaüd proqramına uyğun gələn 243 nəfər namizədin adını Macarıstan səfirliyinə göndərib. Macarıstan tərəfi kvota üzrə nəzərdə tutulan 200 nəfərdən 164 nəfər tələbəyə təqaüd ayrılması ilə bağlı qərar qəbul edib”.