Yevlaxda iki uşaq atası özünü yandırdı

Hava soyuyanda intiharlar niyə artır?
Havalar soyuyan kimi sanki intihar hallarının sayı da artır. Sonuncu dəhşətli intihar hadisəsi Yevlax rayonunda baş verib. Yevlax şəhəri, Hüseynzadə küçəsi 49 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Zeynalov Rübail Nizami oğlu üstünə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, R.Zeynalov 2 uşaq atası olub və maddi çətinlik çəkirmiş.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Ümumiyyətlə, son günlərə nəzər salsaq demək olar ki, hər gün bir və ya bir neçə şəxsin intihar etməsi barədə xəbərlərə rast gəlirik. Əksəriyyətinin isə ölüm səbəbi bilinmir. Bir sıra psixoloqlar bunu fəsil dəyişkənliyi və bu dəyişkənlikdən irəli gələn depressiya ilə əlaqələndirir. Hava şəraitinin insanın əhvalına olduqca böyük təsiri var. İsti ölkələrin sakinləri daha istiqanlı, mehriban, ünsiyyətcil, problemlərə davamlı olur. Soyuq ölkələrin sakinlərinin bir çox hallarda dözümsüzlük nümayiş etdirdiyi hallar isti ölkələrin əhalisi üçün adi vəziyyət hesab olunur.
İntihar hallarının da məhz soyuq ölkələrdə daha tez-tez baş verdiyi statistikada təsdiqlənib. Bununla müqayisədə isti ölkələrin sakinləri arasında payız depressiyası halları da müşahidə olunur. Mütəxəssislərin “payız depressiyası” adlandırdığı hal var ki, burda artıq səbəb başqadır. Məsələn, bu depressiya əsasən isti ölkələrin sakinləri arasında qeydə alınır. Onlar isti yay günlərinin arxasından soyuq, qısa və yağışlı payızı birdən-birə qəbul edə bilmirlər. Nəticədə depressiya qaçılmaz olur.
Maraqlıdır, əslində insanların soyuq havada intihara daha çox meylli olmasının səbəbi nədir?
Psixoloq Vəfa Rəşidova soyuq aylarda insanların həyat eşqinin aşağı düşdüyünü dedi: “Ümumiyyətlə, intihara gedən yol depressiyadan keçir. Əgər baş vermiş intihar affekt vəziyyətində baş vermiş intihar deyilsə, demək ki, bu, depressiyasından qaynaqlanan intihardır. İntiharla nəticələnən depressiya bir iki ayın deyil, illərin depressiyası olur. Hansı ki, depressiyaya qatılan bu insan bunun müalicəsini almayıb, kimlərsə dərdini bölüşməyib. Əgər insan depressiyadadırsa və ağlından bir dəfə də olsa, intihar etmək keçibsə, bunu yanındakı ilə bölüşməli, dərdləşməlidir. Şərt deyil ki, hökmən psixoloqa müraciət etsin. İnsan bölüşəndə, danışanda rahatlayır. İnsanlar havalar soyuduğu aylarda günəşdən serotonin, yəni xoşbəxtlik hormonu ala bilmir. Günəş azalanda, beyində serotonin az olanda depressiya pik nöqtəyə gəlib çıxır və nəticədə intihar halları baş verir. İntihar halları bəzən genetik də olur. Əmisi, babası, dayısı və ya hansısa yaxını hansı ayda intihar edibsə, şəxs də həmin aylarda intihar edir. Əgər bu intihar genetik deyilsə, bu ağır, illərin çözülməmiş problemlərinin vulkan kimi partlayışıdır. Son zamanlar depressiyadayam sözü sanki bir dəb halına alıb. Amma insanlar bilməlidir ki, depressiya insanın əlindən tutub intihara aparır. Soyuq aylarda insanların motivasiyası aşağı düşür. Həyat eşqi az olan insanların ruh halı hava buludlu, yağmurlu olanda kəskin şəkildə dəyişir. Təbii ki, bunlar da depressiyaya təkan verir. Amma bu o demək deyil ki, hər hava dəyişiləndə insan mütləq ki, intihar edir, depressiyaya düşür. Burada söhbət depressiyanın ağırlığından, dərinliyindən gedir. Əgər bir insan tez-tez kaş ki, mən dünyaya gəlməzdim, yaşamağım gəlmir, bir gün gedəcəm kimi sözlər işlədirsə, bu intihara gedən bir siqnaldır. Əgər kimsə ətrafdakılardan bu cür sözləri eşidirsə, diqqətli olmalıdırlar, çünki bunu deyən insan intiharı düşünür. Əslində hər bir insan ömründə ən azı bir dəfə intihar etməyi düşünür. Amma davamlı olaraq düşünülmür. Əgər bir insan intihar haqda tez-tez düşünürsə, onu sevdiyi insanla görüşdürməli, ona yaxşı təsir edəcək mühitə yönləndirilməli və ya bir mütəxəssisə müraciət edilməlidir. Adaptasiya dövrü belə bir haldır ki, insan bu ərəfədə nevroz olur, amma intihar etmir. İntihar halları adətən depressiyadan doğur. Bu da çox hallarda gizli depressiyadan baş verir. Bu uzun illər davam edir, insanın içini qurd kimi yeyir və insanı intihara sürükləyir”.
Bir neçə il öncə “American Journal of Preventive Medicine” jurnalında dərc olunmuş araşdırma göstərib ki, bəzi xəstəliklər hətta psixiki problemləri olmayan insanlarda intiharın riskini artırır. Araşdırma göstərib ki, kəllə-beyin travmaları, xərçəng, astma, bel ağrıları, durğun ürək çatışmazlığı, diabet, epilepsiya, miqren, Parkinson xəstəliyi, böyrək çatışmazlığı, insult, psixogen ağrılar, yuxusuzluq intiharın riskini artırır. Yuxu pozulmaları və QİÇS intiharın riskini 2 dəfə, kəllə-beyin travması isə 9 dəfə artırır.