Konstitusiya Məhkəməsi niyə vətəndaşları yox, bankları qoruyur?

Əkrəm Həsənov: “Banklar birləşib dövlət orqanları səviyyəsində maraqlarını lobbiləşdirir”
Milli Məclisin deputatı Zahid Oruc növbəti dəfə problemli kreditlər məsələsinə toxunub və Konstitusiya Məhkəməsinin bu məsələdə bankların xeyrinə qərar çıxarmasını tənqid edib.
Millət vəkili deyib ki, Konstitusiya Məhkəməsi də dollar kreditləri ilə bağlı bankların lehinə qərar verib:“Vətəndaş da bu halda etiraz olaraq özünü yandırır.
İnsanlar hüquqi müstəvidə özünün müdafiəsinə görmür. Axı ola bilməz ki, 100 min insandan hamısının müraciətinə bankların xeyrinə qərar çıxarılmış olsun. Hesab edirəm ki, yoxsulluq faizinin hesablanma metodu ilə bağlı dəyişikliklər də edilməlidir”.
Deputata cavab verən Milli Məclis sədri Oqtay Əsədov ona irad bildirib: "Zahid müəllim, danışığından belə çıxır ki, 100 min adam Konstitusiya Məhkəməsinə müraciət edib, o da millətə qarşı qərar çıxardıb? Bu nə deməkdi? Konstitusiya Məhkəməsi dövlətin bir qoludur”.
Qeyd edək ki, problemli kreditlərlə bağlı vətəndaşların xeyrinə heç bir qərarın verilməməsi hər kəsə aydındır. Lakin hazırda problem bankları da çökdürmək üzrədir.
Bu durumu dəyərləndirən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məhkəmə nə bankın, nə də vətəndaşın tərəfini tutmalı deyil, qanunun, haqq-ədalətin tərəfini tutmalıdır: “Buna görə də bank-borclu münasibətlərinə işin hallarını rəhbər tutaraq yanaşmaq lazımdır. Aydın məsələdir ki, kredit, borc varsa, o ödənilməlidir. Lakin 2 şərtlə: Birincisi qanun çərçivəsində, ikincisi imkan daxilində... Öncə sonuncu şərtə nəzər salaq. Vətəndaşın borcu ödəməyə imkanı yoxdursa, həmin borc silinməlidir. İmkanın olmaması nə deməkdir? Vətəndaşın əmlakı (yeganə ev və yaşayış üçün zəruri əşyalar sayılmır) və gəliri yoxdursa və yaxud gəliri özünün və himayəsində olan şəxslərin yaşayış minimumunu təmin etmirsə, deməli, borcu ödəməyə imkanı yoxdur. Bu halda haradan ödəməlidir borcu? Oğurluq, quldurluq etməlidir? Əlbəttə ki, yox”.
İqtisadçının sözlərinə görə, belə olan halda vətəndaş "Müflisləşmə və iflas haqqında" Qanuna uyğun olaraq məhkəməyə ərizə verib özünü müflis elan etməlidir: “Vətəndaşlar belə ərizələr verirmi? Bizim "Antikollektor" bu məsələ ilə bağlı dəfələrlə çıxış edib, ərizə formasını da dərc etmişik ki, borclular gedib ərizə verin özlərini müflis elan etsinlər. Amma ərizə verən azdır. Deməli, birinci problem elə vətəndaşların özündədir, onlar passivdirlər. Amma məhkəmələrdə də problem var. Verilən ərizələrə də müxtəlif bəhanələr gətirərək baxmaq istəmirlər. Amma müraciətlər çox olsa, əvvəl-axır baxacaqlar. Yəni, müflislik məsələsində hələlik məhkəmələr vətəndaşın əleyhinə qərar verməyib. Bu başqa məsələdir ki, bəzi vətəndaşlar müflis deyil, ümumən kifayət qədər gəliri də var, amma çətinliyi var və yaxud kredit şərtlərini ədalətsiz hesab edirlər. Məsələn, dollar krediti üzrə vətəndaş borcu götürəndə məzənnə 0,78 idi, indi 1,7 olub və vətəndaş məzənnə fərqini ödəmək istəmir”.
Ə.Həsənov təəssüflə qeyd etdi ki, bu məsələdə 2 il öncə Konstitusiya Məhkəməsi Konstitusiyanın aşkar müddəasına zidd olaraq xarici valyutadakı kreditlərə haqq qazandırdı: “Əslində Konstitusiyaya görə dollar kreditləri qanunsuzdur. Bu baxımdan millət vəkili Zahid Orucun iradı haqlıdır. Lakin bu Konstitusiya Məhkəməsinin sözügedən qərarında həmçinin dollar kreditləri üzrə vətəndaşlara güzəştlərin edilməsi tələbi də var ki, ona banklar riayət etmir. Məhkəmələrimiz də bu tələbə göz yumur. Digər tərəfdən, Mülki Məcəllənin 422-ci maddəsini rəhbər tutaraq vətəndaşlar şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edərək də məhkəmələrdən güzəşt tələb edir, amma onlar haqsız qərarlar verir və dollar borcunun olduğu kimi ödənilməsini tələb edirlər. Düzdür, bəzi məsələlərdə məhkəmələr vətəndaşların da tərəfini tutub. Məsələn, bir sıra bank vətəndaşın borcu haqda onun iş yerinə və yaxınlarına müraciət edirdi. Bizim şikayətlərimiz əsasında məhkəmələr bu təcrübəni bank sirrinin pozulması hesab edərək həmin bankları vətəndaşa təzminat ödəməyə məcbur etdi. Digər misal odur ki, məhkəmələrimiz adətən bankların hesabladığı cərimələri azaldır və ya tam silir. Lakin əlbəttə, qeyd etdiyim kimi, əsas məsələdə - borcun məbləğində, valyutada məhkəmələr bankların tərəfini tutur. Ona görə ki, məhkəmələrimiz korrupsiya bataqlığında boğulur. Hakimlər məhkəmə sədrlərindən çox asılı vəziyyətdədir. Həmin sədrlər banklarla sövdələşir və hakimləri ədalətsiz qərarlar verməyə məcbur edir. Hakimlərimizin çoxunun savad səviyyəsi də aşağıdır. Bununla belə, savadlı və vicdanlı hakimlərimiz də var. Əks halda, qeyd etdiyim məhkəmə uğurlarımız da olmazdı”.
İqtisadçı onu da vurğuladı ki, banklar birləşərək fəaliyyət göstərə bilir: “Onlar dövlət orqanları səviyyəsində maraqlarını lobbiləşdirir, hökumətdə elə təəssürat yaradırlar ki, guya onlara qarşı qərarlar olsa, bank sistemi çökəcək, ölkə iqtisadiyyatı məhv olacaq və s. Vətəndaşlar isə passivdir. Birləşə bilmirlər, haqlarını tələb etmirlər. Məsələn, hər kəs krediti üzrə bankla məhkəmə çəkişməsinə başlasa, banklar özləri yalvaracaq ki, gəlin sizə güzəşt edək, təki heç olmasa nə isə ödəyin. Ona görə ki, çoxsaylı və uzunmüddətli məhkəmə prosesləri aparmağa qadir deyillər. Bəzi banklar artıq güzəştlər edir və bunu ədalət naminə demək lazımdır. Buna görə də vətəndaşlara tövsiyəm budur ki, hər bir halda məhkəməyə üz tutun. Ödəyə bilmirsinizsə, özünüzü müflis elan etməyi tələb edin. Ödəyə bilirsizsə, bankların yol verdiyi qanun pozuntularının aradan qaldırılmasını tələb edin, habelə güzəşt istəyin. Bu halda nəticə mütləq olacaq. Əks halda, bu problem dərinləşəcək. Həm əhali daha da kasıblaşacaq, sosial gərginlik artacaq, kriminogen vəziyyət pisləşəcək. Bu halda bəziləri bundan ictimai-siyasi sabitliyin pozulması üçün də istifadə edə bilər. Digər tərəfdən, bankların da vəziyyəti get-gedə pisləşəcək. Əlbəttə, yaxşı olardı ki, hökumət nəhayət bu məsələyə diqqət yetirsin və problemin həllinə nail olsun. Burada diqqəti çəkən digər məqam analoji vəziyyətdə əhaliyə olan borclar üzrə davranışdır. Belə ki, 10-dan çox bank müflis olub, orada minlərlə insanın pulu batıb. Bu da borcdur , ancaq nəyə görəsə buna görə məsuliyyətə cəlb olunan yoxdur ... Aydın məsələdir ki, bank sahibləri və inzibatçıları və onların əməllərinə göz yuman, bəlkə də rəvac verən Mərkəzi Bank həmin bankları talayıblar. Nəticədə insanların pulu batıb. Axı necə olur ki, banka borcu olan şəxsin başına oyun açılır, bankın kiməsə borcu olanda isə heç bir tədbir görülmür?”