Həbsxanadan azadlıq ancaq ölülər üçündür?

Əliməmməd Nuriyev: “Bəzi ağır xəstəliklərə tutulan məhkumları müəssisədən kənarda da müalicə edirlər”; Mirvari Qəhrəmanlı: “Hüquq müdafiəçiləri xəstə məhbusların da əlahiddə siyahısını hazırlayırlar”
Ölkə mediasında həbsxanada dünyasını dəyişən məhkumlar barəsində tez-tez məlumatlar yayılır. Onların əksəriyyəti isə xəstəlikdən dünyalarını dəyişirlər.Həbsxanada daha iki məhkum dünyasını dəyişib. Hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan 1962-ci il təvəllüdlü Cəmail Əzizalı oğlu Ağamalıyevin və 1960-cı il təvəllüdlü Nazim Xanlar oğlu Mütəllimovun xəstəlikdən öldükləri bildirilir.
Bəs ağır xəstə olanlarla bağlı qanunvericilikdə hansı müddəalar var? Onların yalnız cansız bədənləri həbsxanadan çıxa bilər?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, əslində xəstə məhbusların kənarda, xüsusi qaydalar üzrə müalicə alması üçün icazə var: “Müvafiq qanunlara görə, istənilən məhkum, məhkumun nümayəndəsi digər həkimləri də öz hesabına dəvət edə bilər. Qanunvericilik buna yol verir. Ancaq bu şərtlə ki, həmin həkimin lisenziyası olsun. Yəni o, müvafiq strukturlarda həkim kimi çalışmış olsun. Təcrübədə də var ki, bir çox məhkumlar xəstə olduqları zaman öz həkimlərini dəvət ediblər. Eyni zamanda hər bir cəzaçəkmə müəssisəsində tibbi hissə də fəaliyyət göstərir. Bundan başqa isə Ədliyyə Nazirliyi yanında Səhiyyə Baş İdarəsi fəaliyyət göstərir. Bu idarədə də 3 saylı müalicə müəssisəsi var ki, burada da ağır xəstəliyə tutulmuş məhkumların müalicəsi mümkündür. Ancaq bununla belə, bəzi ağır xəstəliklərə tutulan məhkumları müəssisədən kənarda da müalicə edirlər. Eyni zamanda müalicə üçün həmin yerdə lazımi vasitələr olmadığı halda da, diaqnozun qoyulması, hər hansı bir əməliyyatın keçirilməsi üçün məhkumu kənar xəstəxanalara aparırlar. Bu cür hallar tez-tez yaşanır. Məsələn, bir məhkum var ki, hemofiliya xəstəsidir, onun üçün mütəmadi olaraq Qanköçürmə İnstitutundan həkim gəlir və məhkumun səhhətini qiymətləndirib, müalicə təyin edir. Bununla bağlı qanunvercilikdə yuxarıda qeyd etdiyim şərtdən başqa, hər hansı bir məhdudiyyət yoxdur. Onu da qeyd edim ki, məhkum hətta öz hesabına xaricdən də həkim dəvət edə bilər. Bu hal da təcrübədə baş verib. Məsələn, Leyla Yunusu qeyd edə bilərik ki, onun üçün xaricdən həkim gəlib. Bu gün kənardan həkim gətirmək adi bir praktikadır”.
Ekspert bildirib ki, məhkumu kənarda hətta cərrahiyyə əməliyyatı da edirlər: “Məhkumun cərrahiyyə əməliyyatını həyata keçirmək üçün də onu kənara çıxara bilərlər. Məsələn, bəzi məhbusların bu qayda üzrə ürək əməliyyatı keçirilib. Məhkumların cəzaçəkmə müəssisəsində ölməsinə gəlincə isə bu da təbii haldır. İstənilən ölkədə belə hallar baş verir. Lakin onu da qeyd edim ki, 1990-cı illərlə müqayisədə məhkumların ölüm halları 30 dəfə azalıb. Vərəmli xəstələrin ölüm sayı isə 1990-cı illərlə müqayisədə 60 dəfə azalıb. O baxımdan qeyd etmək lazımdır ki, bu sahədə xeyli əhəmiyyətli irəliləyişlər var, ancaq bəzi məhkumlar elə ağır xəstəliklərə tutulurlar ki, onları xilas etmək olmur. Məhkumun kənarda müalicə alması üçün sadəcə olaraq, müvafiq qaydada rəsmiləşdirməyə ehtiyac var. Daha sonra isə məhkum nəzərdə tutulan yerə aparılır, orada lazımi müalicəni alır”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə qəzetimizə bildirib ki, onlar xəstə məhbusların əlahiddə siyahısını hazırlayıb, Əfv Komissiyasına təqdim edirlər: “Elə ölkələr var ki, orada bəzi humanist addımlar atılır. Azərbaycanda da bəzi həmkarlarımla bağlı bu kimi addımlar atılıb və onlar xəstəliklərinə görə həbsdən azad ediliblər. Bəzən elə olur ki, əfvdə də çox zaman bu kimi hadisələrə rast gəlirik ki, xəstə olduğu üçün məhkumu əfv siyahısına salıblar. Sadəcə olaraq, hesab edirəm ki, ilk olaraq penitensiar sistemdə tibbi qaydaları, səhiyyəni gücləndirmək lazımdır. Bir müddət əvvəl Avropa Şurasının tədbirində də Azərbaycanda bu sahədə tibbin yaxşılaşdırılmasından söhbət gedirdi. Fikir verin ki, insanlar təcridxanaya düşəndən bir ay sonra xəstələnirlər. Həmin xəstələrdən çoxunun hətta vəziyyəti ağırlaşa da bilir. Görünür, burada həm də şəraitin öz rolu var. Ona görə də hesab edirəm ki, ilk olaraq səhiyyəni, pulsuz xidməti, dərmanla təchizatı gücləndirmək lazımdır. Təcridxanalarda rast gəlinir ki, bahalı dərmanlar olmur. Xəstələrin əksəriyyəti müalicə olunub, ölməyə də bilərlər. Təcridxana xəstəxanasında məhkumun tam müalicəsi mümkün deyil. Tam müalicəsi mümkün olmayan xəstələr barəsində təcridxananın həkimlər heyəti təqdimatla həbsxana rəhbərliyinə, o isə prezidentə və Əfv Komissiyasına müraciət etməlidir. Bu baş verərsə, çox yaxşı olar. Hüquq müdafiəçilərinə gəlincə isə tam əminliklə deyirəm ki, onlar xəstə məhbusları da nəzərə alırlar. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun prezidentə təqdim etdiyi siyahıya şəxsən baxmışam. Həmin siyahıda xəstələrin siyahısı əlahiddə olur. Yadımdadır ki, Nemət Pənahlının və digərlərinin xəstəliklərini qeyd etmişdilər. Hüquq müdafiəçiləri bunu etsələr də məsələni sübut edə bilmirlər. Sübut etmək üçün biz bütün sənədləri toplamalıyıq. Bunun üçün isə böyük imkanlar lazımdır”.