TANAP və TAP layihəsi dalana dirənib

Hökumət proyektdən siyasi məqsəd güdür
“Gələcək onilliklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcək”. Bunu prezident İlham Əliyev deyib. Azərbaycan uzağı ildə Avropaya 25 milyard qaz verəcəksə, bu, İtaliyanın cəmisi 4 aylıq tələbatıdır.
Görəsən, belə bəyanat nə dərəcədə realdır? Maraqlıdır, hər il TANAP və TAP proyekti üzrə nə qədər qaz Türkiyə və Avropaya gedəcək?
İqtisadçı-ekspert Nemət Əliyev deyir ki, Azərbaycanda istehsal olunacağı gözlənilən təbii qazın Avropa və regionu tam olaraq ödəyə biləcəyi reallıqdan uzaqdır. Çünki tələbatı tam olaraq ödəmək mümkün deyil. Əslində, Avropanın təbii qaza tələbatı daha böyükdür. Bundan başqa, Azərbaycanın karbohidrogen ehtiyatı səmərəsiz istifadə olunacaqsa, onu yerin altından çıxarmaq da əhəmiyyətsizdir:
“2001-ci ildən sonra ölkənin neft quyularından çıxarılan məhsul hesabına 100 milyarddan çox vəsait əldə edilib. Lakin bu vəsait korrupsioner maraqlara sərf olunub. Bu gün də onun acısını yaşayırıq. Karbohidrogen ehtiyatlar da xalqın ehtiyacını ödəməyəcəksə, səmərəsiz istifadə olunacaqsa, onu çıxarmağa dəyməz”.
TANAP və TAP layihəsindən danışan ekspert, hökumətin ondan daha çox siyasi məqsəd üçün istifadə edəcəyini deyir. İnfrastruktur layihəsi baxımından bu layihə müsbət olsa da, heç də “Bakı-Ceyhan”dan fərqlənməyəcək. Ekspert deyir ki, hazırda TANAP vəTAP layihəsinin gerçəkləşməsində ciddi problem yaranıb:
“Boru kəmərinin çəkilməsi məsələsi hazırda dalana dirənib. Heç bir ölkə korrupsioner rejimlə əməkdaşlığa razı deyil. Ona görə ki, belə layihələrdə korrupsioner rejimlə əməkdaşlıq çətinlik yaradır. Layihənin gerçəkləşməsi üçün gerçək iqtisadi islahatlara başlamaq, xalqın maraqlarından çıxış etmək, demokratik və sivil ölkələrlə əməkdaşlığa nail olmaq lazımdır. Yəni öncə bu şərtlər altında layihənin reallaşmasına nail olmaq vacibdir. Qazın nəqli məsələləri isə sonrakı mərhələdir”.