Polis, Vüsalə Həsənovanın evində axtarış aparıb

17 iyul 2024-cü ildə günorta saatlarında, Suraxanı rayonu polis idarəsinin əməkdaşları, siyasi mühacir, Həsənova Vüsalənin yaşadığı və qeydiyyatda olduğu evdə axtarış aparıb.
Bu haqda media orqanlarına siyasi mühacirin atası, Mursalov Mursal vəkil vasitəsilə məlumat verib. Suraxanı rayon sakini, Mursalov Mursalın bildirdiyinə görə qızı, Həsənova Vüsalə ölkə xaricində yaşadığı üçün qeydiyyatda olduğu ünvanda heç bir kəs yaşamamışdır.
Bu səbəbdən, atası, Mursalov Mursal qonşuluqda yaşadığı üçün mütəmadi olaraq, Həsənova Vüsalənin evinə nəzarət etmişdir. 17 iyul 2024-cü il tarixində günorta saatlarında polis əməkdaşlarının qışqırıq səsini eşidən, Mursalov Mursal küçəyə çıxaraq bir neçə polis əməkdaşları tərəfindən, Həsənova Vüsalənin yaşadığı evin mühasirəyə alındığına dair şahidi olmuşdur. Mursalov Mursalın bildirdiyinə görə, Həsənova Vüsalə evində yaşayış olmadığı üçün Suraxanı rayon polis əməkdaşları evin qapısını qıraraq heç bir rəsmi icazə sənədi olmadan evdə axtarış aparmışdır. Təxminən 40-45 dəqiqə axtarış aparıldıqdan sonra polis əməkdaşlarının qanunsuz əməlinə müdaxilə edən, Mursalov Mursal polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, Suraxanı rayon polis idarəsinə aparılmışdır.
Bölmədə onu bir neçə saat dindiriblər, həmçinin qızı, Həsənova Vüsalə ilə telefon əlaqəsi saxlamağa məcbur ediblər. Lakin, Mursalov Mursal qızı, Həsənova Vüsalə ilə heçbir əlaqəsi olmadığı və hal-hazırda hansı ölkədə yaşadığı barədə məlumatının olmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları, Mursalov Mursala qarşı ciddi şəkildə psixoloji ve fiziki təzyiq göstəriblər, ona hədə-qorxu gəliblər və əgər polis əməkdaşları ilə iş birliyi etməsə öz ailəsinin başına pis işlər gələ biləcəyi haqda məlumat vermişdirlər.
Həsənova Vüsalənin atası, Mursalov Mursal 18 iyul 2024-cü il tarixində gecə saatlarında tapşırıq verilərək evə buraxılmışdır.
Əlavə məlumat üçün bildiririk ki, Həsənova Vüsalə ölkədə olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə hakimiyyət orqanları tərəfindən həbs və təzyiqlərə məruz qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Meydan TV