Dünya ilə ticarət azalır, Rusiya ilə artır...

Avqustun 13-də Azərbaycan Dövlət Statistika Komitəsi bildirdi ki, 2024-cü ilin altı ayında ölkənin xarici ticarət dövriyyəsi azalıb. Bu, 22 milyard 169.2 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 13 milyard 302 milyon dolları ixracın, 8 milyard 867.2 milyon dolları isə idxalın payına düşüb. Azalma faktiki qiymətlərlə 6.3 faiz (idxal 6.7, ixrac isə 5.7 faiz) olub.
Əvəzində Rusiya ilə ticarət əlaqələri ümumu çəkidə 8 faizdən 10 faizə yüksəlib. Elə avqustun 9-da Bakıda keçirilən Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında da bildirilib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ildə 17.5 faiz artaraq 4.4 milyard ABŞ dolları təşkil edib. Qeyd edilib ki, ötən il qarşılıqlı yükdaşımalar 10 faiz, bu ilin ilk altı ayında isə 3 faiz artıb.
Dünyada Ukraynaya təcavüzlə bağlı Rusiyaya sanksiyalar artdığı bir vaxtda Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin artması ölkədə birmənalı yozulmur.
Vahid Əhmədov
"Rusiya ilə əlaqələrin genişlənməsi təbiidir"Hərçənd keçmiş deputat Vahid Əhmədov AzadlıqRadiosuna açıqlamasında Cənubi Qafqazı həssas bölgə sayaraq bildirib ki, Azərbaycan da burada kommunikasiya qovşağı kimi fəaliyyət göstərir: "Ona görə də Azərbaycan istənilən dövlətlə xarici iqtisadi əlaqələrini qorumağa çalışır. Ukraynada ciddi problemlər olsa da, bu ölkəyə də humanitar yardımlar göstərilir. Rusiya çətin durumda olsa da, qonşudur, bu mənada uzun illərdir olan ticarət əlaqələrini birdən-birə dayandıra bilmərik".
V.Əhmədov deyir ki, müharibə səbəbindən Ukrayna ilə ticarətlə bağlı ciddi problemlər olduğundan Rusiya ilə əlaqələrin genişlənməsi təbiidir və balanslı siyasəti qorumağa da ehtiyac var: "Özümüzə əlavə düşmən axtarmağa ehtiyac yoxdur".
Rusiya ilə ticari əlaqələrin artmasının ziyanı və xeyrinə gəlincə, V.Əhmədov bildirib ki, bununla bağlı yaranan suallar anlaşılandır, amma indiki şərait onu tələb edir: "Bəli, Rusiya işğalçı dövlətdir. Ukraynada ciddi şəkildə burnu daşa dəyib, son günlər Kursk hadisələri Rusiya üçün ağır zərbədir və buna görə hətta bütün dünya Kiyevi dəstəkləyir. Gec-tez belə olmalıydı. Lakin, hələlik, özümüzə düşmən yaratmağa ehtiyac yoxdur. Fikir verin, Şuşa bəyannaməsindən (Türkiyə ilə müttəfiqlik bəyannaməsi) sonra Moskva sənədi imzalandı. Bu, o demək deyil ki, Rusiya nə deyir, onu da etməliyik. Sadəcə, indiki vəziyyəti hələ qorumaq lazımdır. Onsuz da hazırda enerji məhsullarımız Qərbə yönəlib və Azərbaycan Avropa bazarı ilə əlaqəni saxlayır".