Azərbaycanda mətbuat azadlığının jurnalist-məmur reallığıyla əvəzlənməsi necə baş verdi?

Son 20 ildə mətbuat azadlığı reytinqinə görə Azərbaycan bir neçə pillə geriləyib və hazırda sonuncu yerlərdən birini tutur.
Sonrakı pillələrdə yalnız Eritreya və Şimali Koreya kimi ölkələrdir. Ölkədə məhdudlaşdırıcı qanunlar qəbul edilir, ayrı-ayrı vaxtlarda jurnalistlərin bir qismi həbs olunub, bir qismi ölkədən qaçıb, digərlərisə yeni oyun qaydalarına uyğunlaşıb.
Casusluq ittihamıyla 2 il Azərbaycan həbsxanasında yatmış, 6 ildir ki İsveçrədə yaşayan jurnalist Rauf Mirqədirovun dediklərindən:
"Təzyiq proses mərhələ-mərhələ davam etdi, cəmiyyətin bütün təbəqələri özlərinə haqq qazandırmaqla məşğul oldular. Müxalifəti sıradan çıxaranda mətbuat yazdı ki, müxalifətçilər kobud davranırdılar. Kimlərinsə biznesini əlindən alanda biz dedik ki, onlar 90-cı illərdə qanunsuz yollarla varlanıblar. Sonra jurnalistlərin və QHT nümayəndələrinin dalınca gəldilər və məlum oldu ki, bizim haqqımızda danışmaq üçün heç kim qalmayıb".
İki mart 2005-ci ildə məşhur "Monitor" jurnalının redaktoru Elmar Hüseynov öldürülüb - kürəyinə 4 dəfə atəş açılmaqla. Bu qətl cəmiyyəti sarsıdıb. Onda Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının təcili iclasını keçirmiş, günahkarların tapılacağını vəd etmişdi (Onları hələ də tapmayıblar).
2022-ci ildə Azərbaycanda jurnalist fəaliyyəti üçün dövlət tərəfindən lisenziya verilməsi haqda qanun qəbul edilib - bundan sonra müstəqil jurnalistika barədə danışmaq lazım gəlmir. Qanunun qəbuluna etiraz etmək üçün keçirilmiş aksiyada təxminən 20 nəfər iştirak edib, polis onları dərhal həmin məkandan uzaqlaşdırıb.
1990-cı illərin əvvəllərindən həbs olunduğu 2014-cü ilə qədər Rauf Mirqədirov məşhur, rusdilli "Zerkalo" qəzetində işləyib. O, 1990-cı illərdə mətbuata, o cümlədən, Qarabağ müharibəsinin işıqlandırılmasına formal olaraq senzura tətbiq edildiyini deyir. Məsələn, efirdə coğrafi məkanı bəlli edən videolar göstərməyə, ordudakı vəziyyəti tənqid etməyə icazə verilməyib. Ancaq mətbuat iqtisadi baxımdan artıq müəyyən azadlıq əldə edib, müstəqil KİV tiraj və reklam sayəsində özü öz xərcini ödəyib.
O illərdə fəaliyyət göstərən Azərbaycan jurnalistləri deyirlər ki, onda senzorların dəqiq formalaşdırılmış hədəfləri olmayıb, onların arasında nisbətən yumşaq davrananları da olub, çox sərtləri də. Ona görə də qadağalardan müəyyən qədər yan keçmək mümkün olub. Senzorlar heç bir halda güzəştə getməyib materialları qəzetdən çıxarmağı tələb edəndə isə nəşrlər etiraz əlaməti olaraq səhifələri boş saxlayıblar.
1998-ci ildə Prezident Heydər Əliyev (indiki Prezident İlham Əliyevin atası) senzuranı tamamilə ləğv edib. "Onda Azərbaycan hələ hesab edirdi ki, Qərblə dil tapmaq lazımdır. Biz uyğunlaşmağa, yeni oyun qaydalarını qəbul etməyə çalışırdıq", - Rauf Mirqədirov deyir.
2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olub, ölkədə beynəlxalq qurumların, o cümlədən, ATƏT-in ofisləri fəaliyyət göstərib.
Rauf Mirqədirovun həmkarı Çingiz Sultansoy aşkarlıq siyasətinin başladığı 1988-ci ildə "Gənclik" jurnalında işləməyə başlayıb.
Çingiz Sultansoy deyir ki, 2000-ci illərin əvvəllərində heç təsəvvür də edə bilməzdi ki, ölkədə söz azadlığı belə sürətlə məhv ediləcək.
O dövrdə Azərbaycanda nüfuzlu "Zerkalo" və "Exo" qəzetləri, "Turan" agentliyi, Gürcüstanın "Rustavi-2" kanalıyla müqayisə edilən ANS kanalı olub.
ANS-də siyasi tok-şoular, sərt süjetlər göstərilib, Şərq mədəniyyətinin vacib elementlərindən olan satirik şeirə yer verilib. Sadə insanlar məmurlarla mübahisələrdə tez-tez bu sözləri deyiblər: "İndi ANS-i çağıracam".
Sultansoy deyir, "1990-cı illərdə jurnalistlər qorxmurdular ki, onları öldürərlər. Mən də qorxmurdum. Ümumiyyətlə, daha qorxulu olan səni öldürücəkləri yox, bunun cəzasız qalmasıdır. Onda mənim 40-dan bir az çox yaşım vardı, amma özümü gənc hiss edirdim".
Azərbaycan jurnalistləri deyirlər ki, köhnə qəzet və jurnalların, televiziya kanallarının arxivlərində elə tənqidi materiallar var ki, bu gün onların yayımlanması qətiyyən mümkün deyil.
Bu gün danışan jurnalistlərin hamısı bu fikirdədir ki, İlham Əliyev hakimiyyətə gələndən (2003) sonra söz azadlığı məhdudlaşdırılıb.
"O, ilk vaxtlar o öz hakimiyyətini möhkəmləndirməklə məşğul idi. Ən vacib problemləri həll edəndən sonra isə mətbuata fokuslandı", - Çingiz Sultansoy deyir.
"Sərhədsiz Reportyorlar" təşkilatının 2003-2022-ci illər üzrə qlobal media azadlığı reytinqində Azərbaycan 113-cü yerdən 189-cu yerə enib və ondan aşağıda cəmi 7 ölkə qalıb.
Həm Mirqədirov, həm də Sultansoy hesab edirlər ki, 2 mart 2005-ci ildə məşhur "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun öldürülməsi Azərbaycan mətbuatının gələcəyini müəyyənləşdirən hadisə olub.
Sonrakı illərdə jurnalistlər (onda hələ yüzlərlə jurnalist) qatillərin və sifarişçilərin tapılması tələbilə Bakının mərkəzində yürüşlər keçiriblər. Sonralar belə aksiyalar qəbirstanlıqda - Hüseynovun məzarının üstündə təşkil edilib, daha sonralarsa tamamilə yoxa çıxıb.
"Elmar Hüseynov öldürüldü, "Bizim yol" qəzetinin redaktoru Bahəddin Həziyev vəhşicəsinə döyüldü. Dəhşətli dövr idi: bir tərəfdən çox şey yazmaq olardı və yazılırdı da, digər tərəfdən mətbuat və cəmiyyət artıq uduzmuşdu", - Mirqədirov belə deyir.
2005-ci ildə Azərbaycandan Avropaya böyük həcmdə neft axını başlayıb. Ölkənin ÜDM-i bir il ərzində 27 faiz artıb. Prezident Əliyevin sözlərinə görə, bu, "dünyada görünməmiş nəticə" olub və sonrakı illərdə də artmağa davam edib.
Yeni iqtidaryönlü medialar meydana çıxıb, jurnalistlər həmin medialara üz tutublar, müstəqil Turan agentliyi maliyyə çatışmazlığına görə işçilərin sayını təxminən 4 dəfə ixtisar edib.
2007-ci ildə iki məşhur qəzetin - rusdilli Real Azərbaycanın və Azadlığın redaktorları həbs edilib. ANS kanalından siyasi verilişlər, həssas mövzularda reportajlar yoxa çıxıb. Kanalın yaradıcılarından biri olan Mirşahin Ağayev tezliklə hakimiyyətin məşhur təbliğatçısına və İlham Əliyevin müsahibə verdiyi azsaylı yerli jurnalistlərdən birinə çevrilib.
Bir çoxları (məsələn, məşhur rusdilli nəşr olan Monitorun əməkdaşları) jurnalistikadan uzaqlaşıblar. Başqa ixtisası olmayanlar vəziyyətlə barışaraq işləməyə davam ediblər.
2008-ci ildə Prezidentin sərəncamıyla Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Quruma Pezidentin köməkçisi, anti-Qərb ritorikası və daxili düşmən axtarışıyla tanınan Əli Həsənov rəhbərlik edib.
Fond hər il nəşrlərə pul paylayıb. Bu pulların mətbu orqanların yalnız məddahlıqla məşğul olması üçün paylanması sirr deyildi.
2014-cü ildə Azərbaycan hakimiyyəti QHT-lərə təzyiqi ciddi dərəcədə artırıb. Həmin ilin yayında bir neçə tanınmış hüquq müdafiəçisi müxtəlif ittihamlarla həbs edilib.
Sosial şəbəkələr yarandıqdan sonra yeni müstəqil media qurumları Azərbaycanda çox populyar olan, hazırda yeni nəsil reportyorların işlədiyi "Facebook"-a "köçüb". Sayca az olan reportyorları tez-tez saxlayır, ölkədən çıxışlarına qadağa qoyur, sosial şəbəkələrdəki profillərini sındırmağa çalışırlar.
Onların bəziləri xarici nəşrlərdə frilanser işləyir. 2022-ci ilin əvvəlindən etibarən bu gənclər müdafiəsiz vəziyyətdədirlər, çünki yeni media qanunu xaricdən alınan maliyyə ilə işləməyi faktiki olaraq qadağan edir.
Bu qanun jurnalistləri faktiki olaraq dövlət qulluqçularıyla eyniləşdirir və vahid jurnalist vəsiqəsi almaq üçün onları dövlətə özləri haqqında məlumatlardan ibarət uzun bir siyahı təqdim etməyə məcbur edir.
Məlumatlar arasında təsisçinin, redaktorun və bütün işçilərin şəxsiyyət vəsiqələri, ünvanları, əlaqə nömrələri, jurnalistlərlə müqavilələr, onların vergi məlumatları, ali təhsil və məhkumluq vəziyyəti haqqında arayışlar da var.
Yusif Rəsulov