Müəllimlərin özlərini də imtahana hazırlayan kurslar qiyməti qaldırdı - kurslardan kütləvi qaçış...

MİQ imtahanlarına hazırlaşan müəllimlər əsasən xüsusi kurslara gedirlər. Belə demək mümkünsə, MİQ-ə hazırlaşan çox az müəllim tapılar ki, hazırlıq kurslarına getməsin və orada imtahana hazırlaşmasın. O müəllimlərin də xeyli bir hissəsi MİQ imtahanlarında çətinliklə üzləşir və bu istiqamətdə baş verən biabırçılıqlar haqda da hər kəs məlumatlıdır. Yəni hamı deyəndə, sahəni diqqətlə izləyənləri nəzərdə tuturuq.
Azərbaycanda yalnız sınaq imtahanlarının qiymətləri qaldırılmayıb, müəllimləri MİQ imtahına hazırlayan kurslar da qiymət artımına gedib. Son günlər bu kursların qiymətləri artırdığı və buna görə də müəllimlərin kütləvi şəkildə o kursları tərk etdiyi deyilir. Məlumatlara görə, qiymətin bahalığı müəllimlərin MİQ-ə marağına zərbə vurub. Onu da vurğulayaq ki, MİQ imtahanlarında şərtlərin dəyişməsi də qiymət artımına səbəb olan amil kimi göstərilir.
Vüsalə Ağabəyli: “Kurslar günbəgün baş verən dəyişiklikləri əldə əsas tutaraq qiymətləri qaldırır”
Filologiya üzrə fəlsəfə doktoru, dosent, elm və təhsil üzrə ekspert Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə bildirdi ki, MİQ imtahanlarının keçirilməsi prosesinin özündə nöqsanlar var və bunlar, sanki müəllimi çətinə salmağa xidmət edir. “Ümumiyyətlə, fikir verirsinizsə, son dövrlər sanki bütün hədəflər müəllimləri nüfuzdan salmağa yönəlib. Müəllim vəzifəsinin nə hörməti qalıb, nə mahiyyəti. Müəllimin bugünkü maaşı yaşam şərtləri ilə heç uyğun gəlmir. MİQ imtahanları ilə bağlı gündə bir vəsait, proqram, gündə bir test çıxır. İndi də bir neçə gün öncə imtahan şərtləri və qaydaları dəyişdirildi. Əslində, ixtisas suallarına 2 bal verilməsi müsbət hal kimi qiymətləndirilsə də, ümumi sualların mahiyyəti və keyfiyyəti dəyişdirilmədiyi təqdirdə imtahan vaxtının 90 dəqiqədən 120 dəqiqəyə qaldırılması bir önəm daşımır. Bu baxımdan da, baş verən dəyişikliklərin keyfiyyətə xidmət etmədiyini anlayan müəllimlər, demək olar ki, bu yolda rəqabətə girməkdən bezirlər. Çünki müəllimlərin aldığı pedaqoji təhsil, diplomları bir önəm daşımır, o yenidən hansısa vəsait və ya müəyyən vaxt hesabına kursların, repetitorların vasitəsilə və ya fərdi şəkildə MİQ imtahanına hazırlaşır. Kurslar isə günbəgün baş verən dəyişiklikləri əldə əsas tutaraq qiymətləri qaldırır. O halda bu sualın cavabı hələ də açıq olaraq qalır ki, əgər müəllim təhsilini tamamladıqdan sonra yenidən kurslara gedib imtahana hazırlaşıb işə qəbul olunursa, o zaman aldığı diplomların mahiyyəti nədən ibarətdir? Başqa bir ciddi məsələ də müəllimlərin narazılığına səbəb olur. Bəzi məktəblər, ehtiyac olsa belə, vakansiya elan etmir. Bütün bu kimi hallar müəllimlərin artıq bu sahəyə olan marağını azaldır”.
V.Ağabəylinin sözlərinə görə, indiki dövrdə müəllim yalnız öz vəsaiti hesabına özünü təkmilləşdirir, bu səbəbdən də müəllimliyə namizədlər artıq bu yoldan vaz keçirlər.
Elçin Əfəndi: “Hazırlıq kurslarının çoxunda MİQ-ə hazırlaşan müəllimlər hazırlığı tərk edir”
Tanınmış təhsil eksperti Elçin Əfəndi öz Teleqaram kanalında qeyd edib ki, kursların qiymət artımının müəllimlərin kurslardan üz döndərməsinə səbəb olduğunu düşünür. “Hazırlıq kurslarının çoxunda MİQ-ə hazırlaşan müəllimlər hazırığı tərk edirlər. Səbəb açıqlanan yeni qərardı. Ən azı 3 il işlədikdən sonra imtahan vermək olar. Və bu cür çıxanların çoxluğunu görən hazırlıq kursları qiymətləri qaldırdılar. Müəllimlərin yerində olsam, tamamilə imtina edərəm, bu cür işbazlara pul xərcləmərəm. Ölkədə təhsil ölüb, məhv ediblər. İllərdi sertifikasiya yayda olacaq, yazda olacaq, payızda olacaq, qışda olacaq deyə-deyə müəllimləri qorxu altında saxlayıb sömürürlər. Bundan da qazanclı çıxan məhz hazırlıq kurslarıdı. Sanki Təhsil Nazirliyi “əlbir olub bir ayı bir şir ilə” məsəli kimi əlbir olub, müəllimlərdən pul sömürür” - deyə ekspert qeyd edib.