Bakıda ərəblər azalıb

Ekspertlər bunun Ramazanla əlaqəli olduğunu deyir; “Turistlərin sayı ilə bağlı hələ ki konkret fikir bildirmək tezdir”
Son günlər Bakıda ərəblər gözə dəymir. Ötən aylarda paytaxtın mərkəzi küçələrində, iaşə obyektlərində, mağazalarda addımbaşı qarşımıza çıxan iranlı və ərəb turistlər, indi xeyli azalıblar. Ekspertlər hesab edirlər ki, bu, müvəqqəti haldır...
Öncə onu qeyd edək ki, ötən ay ölkəmizə daxil olan turistlərin sayı 180 mini keçib. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosunun məlumatında bildirilib ki, aprel ayında ölkəmizə 187 min 577 turist daxil olub.
15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 23% artım var. Mayın ilk on günündə isə 70 min 776 turist gəlib və 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 32% artım olub.
Turizm üzrə ekspert Elxan Vəliyev bildirib ki, Bakıya gələn turistlərin azalması gözlənilmir:
“İslam Oyunları yeni bitib və sonrakı iki-üç ay ərzində biz biləcəyik ki, turistlərin sayında azalma var, yoxsa yox. Sadəcə olaraq, Ramazan ayı olduğu üçün bununla bağlı müəyyən dəyişiklik ola bilər. Ərəblər xoş istirahət, fərqli turizm növlərindən istifadə edən bir toplumdur. O baxımdan, Azərbaycanda onların azalmasını qəti surətdə söyləmək mümkün deyil. Təkcə Bakıda deyil, bölgələrdə yerləşən hotellərimizdə ərəblər var, eyni zamanda Avropa ölkələrindən gələn xeyli sayda turistlərə də rast gəlinir. Gələcəyə doğru isə demək olar ki, artıq yay mövsümü başlayır və aktivliyin davam edəcəyi gözlənilir. Dünyada turizmin inkişafına əngəl törədən əsas məsələ, təhlükəsizlik məsələsidir. Azərbaycanda isə hazırda bununla bağlı problem yoxdur. Təhlükəsizlik qaydaları müəyyən dərəcədə qənaətbəxşdir. Bu səbəbdən də Azərbaycan turistlər üçün arzuedilən ölkələrdən biridir. Digər tərəfdən isə Azərbaycana turistlərin cəlb olunması üçün xeyli sayda işlər görülüb. O işlərin də nəticəsinə uyğun olaraq, bu sahədə müəyyən canlanma var”.
Ekspert bildirib ki, hotellərimizdə də artıq əvvəlki illərlə müqayisədə inkişaf nəzərə çarpır:
“Türkiyə ilə ölkədə təklif edilən xidmətləri müqayisə edəndə görmək olar ki, bizdə də artıq nəzərəçarpacaq dərəcədə inkişaf var. Hətta burada müştəriyə təklif edilən bəzi xidmətlər heç Türkiyədə yoxdur. Zaman keçdikdə hotelçilik sahəsində də işlər öz həllini tapır. Daha çox inkişaf üçün kuratorlar öz işlərini layiqincə yerinə yetirməlidirlər. Eyni zamanda artıq müştərilərə onlayn xidmətlər də turizmdə önəmli formada öz əksini tapmağa başlayıb. Avropa ölkələrində şəxslər turizm fəaliyyətindən yararlanarkən, daha çox bu kimi xidmətlərə üstünlük verirlər. Bu xidmətlərə uyğun olaraq özəl sektorda da müəyyən canlanma var, müvafiq saytlar qurulub. Həmin saytların təkmilləşdirilməsi prosesi gedir. Eyni zamanda dövlət və özəl şirkətlər səviyyəsində də qeyd etdiyimiz istiqamət diqqət mərkəzindədir”.
Ekspert hesab edir ki, Azərbaycanda turizm sahəsində Xəzər dənizinin imkanlarından yararlanmaq məsələsi bir qədər zəifdir: “Bu sahədə də işlər ciddi səviyyədə aparılmalıdır. Çünki hava ilə əlaqədar sezonun nə zaman açılacağı da bəlli deyil. Hətta nəinki burada, Antalyada da hazırda hava ilə əlaqədar aktivlik zəifdir. Ona görə də bunu da düşünmək lazımdır və aprel, may aylarında aktivliyi artırmaq üçün proqramlar hazırlamaq lazımdır. Bununla bağlı Avropa ölkələrində müvafiq təcrübələr var. Bu baxımdan, hər bir aya uyğun olaraq turizm sahəsində müəyyən strateji məqsədlərimiz olmalıdır. Yəni bu, konkret olaraq yay ayı üçün və ya hansısa bəlli bir ay üçün nəzərdə tutulmamalıdır. Hər bir ayda turist cəlb etmək üçün nə isə etmək olar. Bax belə olarsa, turizmin inkişafı daha sürətli temp alar”.