Qarabağ veteranı müavinətini ala bilmir

Müvafiq qurumlar isə onun şikayətinin əsassız olduğunu bildirir
Qarabağ qazisi, 2-ci qrup əlil olan 46 yaşlı Mehman Behbudov redaksiyamıza gələrək şikayətlənib. Hazırda Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan şikayətçinin sözlərinə görə, illərlə mübarizə aparıb Qarabağ veteranı vəsiqəsini alsa da, veteran pulunu ala bilmir: “Laçın rayonundan məcburi köçkünəm. 1993-94-cü illərdə Horadiz əməliyyatının iştirakçısı olmuşam. Buna baxmayaraq, veteran vəsiqəsini ala bilmirdim. İki il müxtəlif nazirlik və qurumlara müraciət etdim. Silahdaşlarım və mətbuatın dəstəyi sayəsində nəhayət ki, layiq olduğum vəsiqəni ala bildim. Lakin bu günə qədər veteran pulunu ala bilmirəm. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etsəm də, bildirilib ki, əlillik müavinətini aldığım üçün veteran müavinəti ala bilmərəm”.
Şikayətçinin sözlərinə görə, sağlamlığında ciddi problemlər olduğundan işləmək qabiliyyəti yoxdur. Aldığı əlillik müavinəti nəinki müalicəsinə, dolanması üçün də yetərli deyil: “2012-ci ildə avtomobil qəzası səbəbindən aylarla yataq xəstəsi oldum. İndi də sağlamlığımda ciddi problemlər var, təcili əməliyyata, müalicəyə ehtiyacım var. Lakin aldığım 170 manat əllilik müavinətim mənim gündəlik dolanışığıma belə yetmir. Ailəm, ata-anam da yoxdur. Veteran müavinətini isə vermək istəmirlər.
Müalicə almaq üçün sanatoriyaya göndərilməyimi xahiş etsəm də, nazirlikdən bildirildi ki, hələ büdcədə pul yoxdur".
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirildi ki, M.Behbudovun müharibə veteranı kimi aylıq sosial müavinət verilməməsi ilə bağlı şikayəti əsassızdır: “M.Behbudov 12 iyul 2013-cü il tarixdən II qrup əlilliyə görə aylıq əmək pensiyası ilə təmin olunur. M.Behbudov 19 may 2016-cı il tarixdə müharibə veteranı vəsiqəsini alaraq həmin ilin noyabr ayında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə təqdim etmişdir. Bundan sonra M.Behbudovun döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçısı olduğu nəzərə alınaraq, onun əmək pensiyasının üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə hesablanmış və həmin əlavələr də veteran vəsiqəsinin verildiyi tarixdən ötən dövr üçün bütünlüklə hesablanaraq ona ödənilmişdir.
M.Behbudov hazırda əlilliyə görə 170,43 manat aylıq əmək pensiyası ilə təmin olunur".
Nazirlikdən həmçinin qeyd olunub ki, şikayətçi əmək pensiyası ilə bərabər, müharibə veteranı kimi ona kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq sosial müavinət də verilməsini tələb edib: “Ona izah olunmuşdur ki, ”Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda verilir.
Verilən izahatla razılaşmayan M.Behbudov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 14 oktyabr 2016-cı il tarixli qərarı ilə həmin iddia rədd edilib".
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə qeyd etdi ki, xaricdə müalicə almaq istəyən xəstələr ilk öncə Səhiyyə Nazirliyinə müraciət etməlidirlər: “İlk növbədə komissiyadan keçirlər və rəy verdikdən sonra onlar xaricdə müalicəyə göndərilirlər. Şəxs o zaman xaricə göndərilir ki, onun xəstəliyinin Azərbaycanda müalicəsi olmasın. Eyni zamanda müalicə üçün göndərilən ölkələrlə Azərbaycan arasında müqavilə olmalıdır”.
Səhiyyə Nazirliyinin Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının sədri Nəsib Quliyev isə məsələyə bu cür izah verdi:
“Xəstələrin xaricdə müalicə almaq məsələsinə Səhiyyə Nazirliyi deyil, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi baxır. Orda aydınlaşdırırlar ki, kim harada müalicə ala bilər. Komissiya xəstələrə rəy verir, xidmət isə qeyd etdiyim kimi, ƏƏSMN tərəfindən aparılır”.