Turagentlərə ciddi zərbə - nağd pul qadağası

Natiq Cəfərli: “Vərdişlər olmadan qadağaların tətbiq edilməsi əlavə problemlər yaradacaq”
Milli Məclisin iyunun 5-də keçirilən iclasında bir neçə məsələ ilə yanaşı, “Turizm haqqında” Qanuna da təklif olunan əlavələr müzakirəyə çıxarıldı. Qanunun 9-cu (Turizm məhsulu satışının təşkili qaydaları) maddəsinə edilən əlavədə bildirilir ki, turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçirilir.
Xatırladaq ki, ötən ayın 21-də ölkə prezidenti tərəfindən imzalanan “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun qüvvəyə minmişdi. Həmin dəyişikliklərə əsasən “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərini pozan bir sıra vergi ödəyicilərinə qarşı maliyyə sanksiyası tətbiq edilir. Hesablaşmalara təhsil haqları, eləcə də turagentlərə ödəmələr də daxildir. Qeyd edək ki, nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə, eləcə də ödəniş vasitələri, ödəniş terminalları və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Əgər hər iki tərəf vergi ödəyicisi olarsa, bu zaman onlar arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız birinin bank hesabından digərinin bank hesabına köçürülməklə və ödəniş vasitələri ilə həyata keçirilə bilər.
Məlum olduğu kimi, artıq bir çox Avropa ölkələrində, o cümlədən İsveçdə bütün hesablaşmalar nağdsız aparılır. Yəni nağd pulla hansısa xidmət əldə etmək qeyri-mümkündür. Ölkəmizdə isə hələ də bir çox sahələrdə hesablaşmalar nağd pulla aparılır. Əksər insanların, xüsusən də orta və yaşlı nəslin nümayəndələrinin onlayn ödəmələrdən anlayışları çox azdır. O cümlədən xarici ölkələrə səfər edərkən bir çoxları təyyarə biletlərini nağd ödənişlə əldə edir. Bununla da turizm mövsümü ərəfəsində turagentlərə ödəmələrin yalnız nağdsız qaydada həyata keçirilməsinin müəyyən çətinliklər yaradacağı istisna edilmir.
Ekspert Natiq Cəfərli deyir ki, dünyada, ümumiyyətlə, bu problem yoxdur: “Yəni ödənişlərin pulla həyata keçirilməsinin heç bir əhəmiyyəti yoxdur. Uzun illərdir ki, Avropada, Amerikada, inkişaf etmiş Asiya ölkələrində insanları təşviq ediblər ki, ödənişləri daha çox kart vasitəsilə etsinlər. Çünki bu, həm ödənişin tez həyata keçirilməsi, həm üzərində əlavə məsuliyyət daşıması problemini həll edir. Artıq yeni texnologiyalar, mobil telefonlar vasitəsilə də ödənişlərin edilməsi geniş yayılıb. Azərbaycanda nağdsız ödəniş sisteminə keçmək istəyini anlayıram, hökumət istəyir ki, nağdsız ödənişlər daha da artsın. Bu da ciddi şəkildə şəffaflığın artmasına, dövriyyələrin gizlədilməsinin qarşısının alınmasına, vergilərin artmasına səbəb olacaq. Bu niyyət aydındır. Lakin bunu obrazlı şəkildə desək, ancaq ”qamçı" yolu etmək doğru deyil, arada “kökə” də, yəni təşviq də olmalıdır. Şirkətlərə, vətəndaşlara təşviq proqramları və təşviq addımları da təklif olunmalıdır ki, bu sahəyə maraq yaransın və onlayn, nağdsız ödənişlərin artmasına səbəb olsun. Amma çox təəssüf ki, hazırda ancaq qadağalar yolu ilə bu işi həll etməyə çalışırlar. Bu da ciddi effekt vermir, həmən biznes yeni situasiyalara adaptasiya olunur və bu yeni situasiyada qayda-qanunu pozmadan yan keçməyə nail olurlar. Turizmlə də bağlı eyni qaydalar işə düşəcək. Yəni vətəndaşların elə bir alışqanlığı yoxdur ki, onlayn alış-veriş etsinlər. Bəzi adamların, ümumiyyətlə, bankda hesabı və yaxud kartı yoxdur. Bilet alıb səyahətə getmək istəyəndə bəs nə etməlidir? Məntiqlə həmin şəxs bankda hesab açmalı, hesabına pul qoymalı və bundan sonra alış-veriş etməlidir. Bəs Azərbaycan vətəndaşı bunu edəcəkmi? Təbii ki, xeyr".
İqtisadçı qeyd edib ki, bu da nəticə olaraq turizm şirkətlərində çətinliklər yaradacaq: “Bir müddət sonra turizm şirkətləri özlərinə yaxın olan hüquqi şəxslə danışıq aparıb, pulu nağd alacaq, amma turpaketin ödənişini həmin hüquqi şəxsin hesabına köçürəcək. Yəni qadağalarla bir nəticə əldə etmək olmur. İstər turizm şirkətləri, istərsə də ticarət obyektləri olsun, onlara onlayn alış-verişi təşviq olunmalıdır. Bunun üçün də vətəndaşlarda maraq yaratmaq lazımdır. Və dünyanın keçdiyi yol da bunu sübut edir. Bəzi ölkələr 5-15 il keçid dövrü yaşayaraq onlayn, yəni kartla alış-verişi insanlara öyrədib. Azərbaycanda isə bu vərdişlər olmadığı şəraitdə ancaq qadağaların tətbiq edilməsi əlavə problemlər yaradacaq”.