“Soyuq müharibənin isti küləkləri yenidən əsməyə başlayıb”

Qərb mətbuatı Vladimir Putinin ABŞ diplomatlarını ölkədən qovmasını belə dəyərləndirir; Rusiya müxalifəti isə ölkədaxili repressiyaların güclənəcəyini düşünür
Xəbər verdiyimiz kimi, Donald Tramp Kremlə qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı qanunu könlüsüz də olsa təsdiqləyib.
Trampın Rusiya-ABŞ münasibətlərini düzəldəcəyi ilə bağlı ümidindən əlini üzən Vladimir Putin isə cavab tədbiri kimi, lkin olaraq ABŞ səfirliyinin əməkdaşlarının 755-ə nəfərə qədər azaldılmasını tələb edib.
Putinin bu qərarı bir neçə gündən bəri Qərb mətbuatının gündəliyinin 1-ci sırasını zəbt edir. Analitiklərin bəziləri Rusiya prezidentinin addımının yeni konfrontasiyaya gətirib çıxaracağını, bəziləri isə hər şeyin bitmədiyini, Kremlin münasibətlərin yaxşılaşdırılması üçün hələ də açıq qapı buraxdığını iddia edirlər.
“Putinin ABŞ-ın diplomatik missiyasının 755 nəfərə endirmək tələbi ölkələr arasında ikitərəfli münasibətlərin yeni dib təbəqəsini göstərir”, -“Neue Zuercher Zeitung” (İsveçrə) qəzetində İvo Miynssen yazır.
Müəllif son belə diplomat sürgününün 1986-cı ildə yaşandığını xatırladır. Həmin dövrdə SSRİ və ABŞ qarşılıqlı olaraq 85 diplomatın fəaliyyətinə son vermişdi.
“Lakin, görünür, üstündən 30 il keçməsinə baxmayaraq, soyuq savaşın mexanizmləri yerində qalıb”, - qəzet qeyd edir.
“Vladimir Putinin ABŞ diplomatlarının ştat sayının azaltmaq tələbi onu göstərir ki, Kremlin Obama administrasiyasının Rusiya üzərinə qoyduğu sanksiyaların ləğvi ilə bağlı cəhdləri alınmayıb”, - “Los Angeles Times” yazır.
İsveçrənin “Le Temps” isə Moskvanın artıq Donald Trampa güvənmədiyini bildirir.
Qəzetin yazarı Emmnuel Qrinşpan Putinin bu qərarının ABŞ-ın tətbiq etdiyi tədbirlərlə müqayisədə daha yüngül olduğunu qeyd edir.
Müəllif bununla əlaqədar Rusiyada ictimai fikrə təsir edə biləcək, əsasən də müxalif yönümlü ekspertlərin rəyini soruşub.
Moskva Karnegi mərkəzinin eksperti Andrey Kolesnikovun fikrincə, Putinin Trampın ABŞ-ın çəkindirmə və balanslaşdırma sistemini aşa biləcəyinə yönəlik illüziyaları yox olub.
Digər ekspertlər isə Kremlin daha çox emosional qəzəblə hərəkət etdiyini düşünür.
Ekspert Vladimir Frolovun rəyinə görə, Putinin cavabı “möhkəmliyin görüntüsü”ndən başqa bir şey deyil. Çünki diplomatların sürgünü əslində narazılığın ifadə olunmasının ən yüngül formasıdır və geri döndürülə bilən prosedir.
Politoloq Liliya Şevtsova isə Rusiyanın simmetrik cavabını “cırıltıya” bənzədib. Onun fikrincə, ABŞ üçün bu, heç ağcaqanad sancması da deyil. Putinin bu hərəkəti əlindən başqa bir şeyin gəlmədiyini göstrməklə yanaşı, həm də əlacsızlığının təsdiqidir.
Digər politoloq Tatyana Stanovaya ABŞ-a gücü çatmayan Rusiya hakimiyyətinin ənənəvi olaraq öz qəzəbini daxildəki “düşmənlərə”, yəni müxalif siyasətçilərə, hüquq müdafiəçilərinə, KİV-ə, qeyri-hökumət təşkilatlarına yönəldəcəyini bildirir.
“Kreml hələ körpüləri yandırmır, lakin yaxınlaşan prezident seçkləri ərəfəsində bu cür qoruyucu tədbirlərin görülməsinə ehtiyac duyur”.
Putinin qadağan olunmuş saytlara baxmağa imkan verən VPN və Tor kimi proqramların yasaqlanması haqqında qanunu imzalamasını da bu qəbildən hesab etmək olar.