Hakerlər Kremlə yaxın saytları Kremlin özünün “qara siyahısı”na salaraq blok ediblər

Hökumət bilinənin əksinə, internetə nəzarət edə bilmir
Rusiya hakimiyyətinin ökə daxilində interneti nəzarətə götürmək cəhdi ölkədə ciddi müqavimətlə rastlaşır.
Bununla bağlı The Guardian qəzetində Alek Kunun imzası ilə maraqlı məqalə dərc olunub.
Müəllif internet üzərində nəzarətin gücləndirilməsi siyasətinin Vladimir Putinin 2012-ci ildə, 3-cü dəfə prezident seçildikdən sonra başlandığını
yazıb.
Həmin vaxtdan etibarən, hökumət minlərlə saytı, ya “sosial xəstəliklər yayması”, ya da “ayrı siyasi düşüncəyə malik olması” səbəbindən “qara siyahı”ya salaraq provayderləri onları bloklamağa məcbur edib.
Lakin son həftələrdə müxalif internet fəalları bu cür məhdudiyyətlərə qarşı mübarizə apararaq sistemi dəlməyə müvəffəq olublar. Onlar qadağan olunan saytları satın alaraq oradakı məlumatları leqal veb səhifələrə ötürüblər.
Bundan başqa, hakimiyyətə qarşı fəal internet istifadəçiləri özlərinə məxsus tərzdə dövlətdən intiqam alıblar.
Belə ki, parlament keçən ay qadağan olunan saytlara girişə imkan verən virtual özəl şəbəkələrdən (VPN) istifadə olunmasını yasaqlayan qanun qəbul edib. Buna görə yüzlərlə insan Moskvada etiraz nümayişi keçirib.
Hakimiyyət bundan başqa, qadağan oluna bilməyən saytların “ağ siyahısı”nı da hazırlayıb.
Elə həmin vaxtlarda ekspertlər İP ünvanlarının və domenlərin “qara siyahı”ya salınmasının əvvəlcədən sui-istismara yol açacağı barədə xəbərdarlıq edirdilər.
May ayının axırlarında qadağan olunan saytların sahibləri aşkar ediblər ki, əgər onlar öz İP ünvanlarında istənilən veb sahifənin İP-sini göstərdikdə provayderlər avtomatik olaraq həmin saytı bağlayır.
Məqalə müəllifi keçən ay Rusiyanın iri dövlət banklarından VTB və “Sberbank”ın bankomatlarının durduğunu yazır. Bundan başqa, bir sıra informasiya saytları, habelə sosial media, hətta Google belə istifadəçilər üçün qapalı vəziyyətə salınıb.
Bunlardan başqa “Vkontakte” və “Yandex”, habelə Kremlə yaxın NTV və LifeNews kanallarının saytları da bloklanıb. Maraqlıdır ki, internetə nəzarəti həyata keçirən “Roskomnadzor”un öz saytı da bir müddət işləməz hala gətirilib.
Hakerlərdən bəziləri internetdəki boşluqlardan hakimiyyət əleyhinə materialları yerləşdirmək, habelə Roskomnadzorla apardıqları müharibədə istifadə ediblər.
Rusiyanın tanınmış İT mütəxəssislərindən və müxalif görüşləri ilə tanınan Vladislav Zdolnikov isə sahibləri tərəfindən azad olunan 20 mindən çox qadağan olunan domenin siyahısını dərc edib. Onların hamısı 15 dəqiqə ərzində satın alınıb.
“Mən Roskomnazdorun cinayətkar səriştəsizliyini göstərmək istədim”, -Zdolnikov The Guardiana bildirib.
Roskomnadzor həm Zdolnikov, həm də Aleksandr Litereyev adlı başqa internet fəalını “günahı olmayan” saytların bloklanmasında ittiham edərək təhqiqat aparılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Qeyd olunur ki, hər iki fəal rusiyalı müxalifətçi Aleksey Navalnının “Korrupsiya ilə mübarizə fondu”nun da əməkdaşlarıdır.
Roskomnazdorun son addımından sonra onların ikisi də Kiyevə qaçıblar.
“Kreml interneti öz nəzarətinə keçirməyi bacara bilmir. Onların tək bildikləri şirkətləri və istifadəçiləri qorxutmaqdan ibarətdir”, - Rusiyada onlayn nəzarət haqqında“QırmızI hörümçək” kitabının müəllifi Andrey Soldatov məqalə müəllifinə bildirib.