İŞİD lideri Əbubəkr əl-Bağdadi haradadır?

Bağdadi 2014-cü ildə Mosuldakı çıxışından sonra ictimaiyyət arasında görülməyib
Üç il əvvəl özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın lideri Əbubəkr əl-Bağdadinin videosu yayılmışdı. O, Mosulda yerləşən Böyük əl-Nuri Məscidinin xütbəsindən sədaqət çıxışı etmişdi. İraqın bu şəhəri cihadçı qrup tərəfindən yenicə işğal edilmiş və "xəlifəlik" elan olunmuşdu.
O vaxt İD, Birləşmiş Krallıq böyüklükdə bir ərazini idarə edirdi - lakin, cihadçılara qarşı elan olunan qlobal müharibədən sonra, onların sayı azalmaqla yanaşı, başına 25 milyon ABŞ dolları qoyulan Bağdadi də sirrə qeyb olub.
Bağdadinin ilk - və son - ictimai çıxışının üçüncü ildönümündə artıq İD əvvəlki qədər böyük ərazini idarə etmir. Qruplaşma keçən ilin noyabrında Mosulu boşlatmağa başladığı zaman səsyazma ilə etdiyi müraciət, liderin ardıcıllarına son müraciəti olub.
Qərq olduğu sükut Bağdadinin ölümü ilə bağlı şayiələrə səbəb olub. Rusiyanın Xarici İşlər nazirinin müavini bildirib ki, "çox güman" Bağdadi Rusiyanın hava qüvvələri tərəfindən mayın 28-i Rəqqaya edilən hücum nəticəsinə həlak olub. Eyni zamanda keçən həftə iranlı bir rəsmi onun "dəqiq öldüyünü" söyləyib. Fəqət, amerikalı rəsmilər hər iki iddiaya şübhə ilə yanaşırlar.
Rusiya tərəfindən yayılan məlumatdan bir həftə sonra Rəqqada lentə alınan bir videoda İD üzvləri Bağdadinin adını qeyd etmədən "bizim şeyximiz" deyə müraciət ediblər. Bu da onun taleyi ilə bağlı böyük bir sual işarəsi yaradır. Taliban və əl-Qaidə Taliban lideri Molla Ömərin ölümünü iki il gizlədə bilmişdi.
Belə bir çətin anda Bağdadinin yoxluğu həm onun tərəfdarları, həm də düşmənləri üçün çaşqınlıq yaradır.
Bağdadinin harada olması ilə bağlı sualın cavabı ola bilsin ki, onun xəlifəlik və ya "sadiqlərin komandiri" üçün legitimliyində yatır.
Mübahisəli dini qaydaya əsasən, namizəd yalnız "ərd təmkin" və ya "torpaq sahibi" olarsa titula iddialı sayıla bilər.
Artıq ərd təmkin kiçilir. İD-n Mosulda gücü artıq tükənib və Rəqqada isə böyük təzyiq altındadır. Bu şəhərlər qruplaşmanın İraq və Suriyadakı de fakto paytaxtlarıdır.
(Bunun İraqda təsdiqi olaraq iki həftə əvvəl təhlükəsizlik qüvvələri ərazini ələ keçirməmişdən öncə İD, əl-Nuri məscidini partladıb.)
Bağdadi ola bilsin ki, qruplaşmanın əlindəki Suriya və İraq sərhədinin hər iki tərəfində İD-n "üçüncü paytaxtı" kimi təsvir edilən yerdə gizlənir.
İŞİD bu və ətraf əraziləri Vilayət əl-Fərat adlandırır. İraqın Ənbər vilayətindən yaydıqları videolarda qruplaşma bildirir ki, hərbçilər ərazidən İraq və Suriyaya atəş açmaq üçün istifadə edirmişlər.
Bu ucqar qəsəbələri azad etmək üçün hələ ki, heç bir hərbi əməliyyat aparılmayıb. Washington-da Suriyadakı ərazilərin ABŞ və ya Suriya və müttəfiqləri tərəfindən azad edilməsi ilə bağlı müzakirələr davam edir.
Əgər əməliyyata ABŞ başlasa, mübarizəyə kimin başçılıq edəcəyi qeyri-müəyyəndir: üsyançılar yoxsa kürdlərin idarə etdiyi Suriya Demokratik Qüvvələri (SDQ).
Mosulun qərbində yerləşən Tal Əfər kimi İraq şəhərlərində görünür ki, hazırda hakimiyyət yönlü qüvvələrə daha çox üstünlük verilir.
İraq hakimiyyətinin müşaviri və İraq cihadçı qruplaşmaları üzrə ekspert Hişam əl-Həşimi təxmin edir ki, əl-Bağdadi Vilayət əl-Fəratda gizlənib.
İraq hakimiyyəti ötən iki il ərzində Əlbu Kamala bir neçə hava zərbəsi endirib. Cənab Həşimiyə görə, əl-Bağdadinin ən yaxın silahdaşlarından biri olan İyad əl-Cəmili şəhərdə görülüb.
Suriyanın Deir əl-Zour vilayətində yerləşən İD-n digər əsas qəsəbəsi Məyadində və Əlbu Kamalda İD liderinin başqa yaxın silahdaşları da görülüb, cənab Həşimi deyir.
Vilayət əl-Fərat, İŞİD-n ərd təmkin adlandıra biləcəyi yeganə ərazidir.
Ərazini təmizləmək əməliyyatının başlanması aylar və tamamlanması isə daha uzun çəkə bilər.
Hətta bu ərazilər azad edilsə belə, İD çox güman ki, gizlənmək və yaşayış məskənlərinə qarşı hücum təşkil etmək üçün səhra, çay yataqları və sərhəd ərazilərdən istifadə edəcək.
Bağdadi başqa cihadçı liderlərdən fərqli olaraq, çıxışı və ya iştirakına ən çox ehtiyac olan zaman üzə çıxmağa üstünlük verir. Xəlifənin elanı və tərəfdarlarını Mosulda qalıb döyüşməyə səslədiyi zamandakı kimi.
İD komandirliyinə gedən zəncir uzun olduqca başçılarla əlaqə yalnız ən etibarlı tərəfdarlara qismət olur.
Bağdadinin harada olduğunu heç şübhəsiz çox az adam bilir. Bu isə dünyanın ən çox axtarılan insanın izində daha maraqlı olan ABŞ-n xüsusi təyinatlı qüvvələrinin işini çətinləşdirir.
Suriya və İraqın sərhədi Bağdadini daha təhlükəsiz bir yerlə təmin edir. Belə olduqda o, gizlənərək ələ keçməsi və öldürülməsi ilə bağlı cəhdlərin qarşısını ala bilir.
Bu üstünlük ona sadiqlərin komandiri legitimliyini əldə saxlamağa da imkan verir (BBC).