Əsədin təyyarəsinin vurulması Suriya böhranının növbəti mərhələsidir

Suriya münaqişəsində Rusiya-ABŞ münasibətlərini ciddi surətdə mürəkkəbləşdirəcək hadisə baş verib. ABŞ-ın rəhbərlik etdiyi koalisiya gücləri Suriya hərbi hava qüvvələrinə məxsus Su-22 təyyarəsini vurub.
Rəsmi Dəməşq insidenti ölkə suverenliyinə qəsd olaraq qiymətləndirib. Öz növbəsində Rusiya iki ölkə arasında Suriyada hərbi aviasiyanın təhlükəsizliyinin təmin olunması ilə bağlı qarşılqlı əməkdaşlıq haqqında memorandumun bitdiyini açıqlayıb.
Su-22 təyyarəsinin vurulması ABŞ HHQ-nin Suriyanın Şayrat bazasına atdığı bombadan sonra ikinci böyük hücumu hesab olunur. Qərb mətbuatı isə son hadisəni Suriya müharibəsinin hələ uzun müddət davam edəcəyinin nişanəsi olaraq dəyərləndirib.
“ABŞ-ın hər iki hakim partiyası ölkənin Suriyada daha irimiqyaslı münaqişəyə qarışmadan İŞİD-ə qalib gələcəyini düşünürdü. Lakin indi biz bunun belə olmadığını gördük. ABŞ Rakkaya hücum edən müttəfiqlərini qorumaq üçün Suriya təyyarəsini vurdu, əvəzində isə Rusiya və İran hərbi təyyarələrimizi vuracağı ilə hədələdi”, - The Wall Street Journal yazır.
Qəzetin fikrincə, Əsəd və onun Moskva və Tehrandakı havadarları İŞİD-in Rakkada günlərinin sayılı olduğunun fərqindədirlər. Bu səbəbdən daha böyük ərazilər ələ keçirmək üçün onlar ABŞ tərəfindən dəstəklənən kürd-ərəb “Suriyanın demokratik gücləri” koalisiyasını vururlar.
The Wall Street Journal vəziyyətin bu hala gəlməsində ən çox Obama administrasiyasının günahkar olduğunu vurğulayır: “Əgər ABŞ vaxtında uçuşa qadağa və ya qaçqınların müdafiəsi üçün təhlükəsizlik zonaları müəyyən etsə idi, Kreml özünü daha ehtiyatlı şəkildə aparardı”.
Məqalədə göstərilir ki, hazırda Suriya ilə bağlı Trampın beynində İŞİD-ə qalib gəlməkdən daha böyük strateji hədəf yoxdur: “Lakin indi bunu düşünməyin vaxtı gəlib çatıb. Çünki ABŞ-dan fərqli olaraq Əsəd, Rusiya və İran nə edəcəklərini yaxşı bilirlər”.
Qəzetin fikrincə, Əsəd Suriyanın şiə, sünni və kürd bölgələrinə ayrılmasına yol verməmək və ölkənin hamısında nəzarəti əl keçirmək istəyir. İran Tehrandan Beyruta qədər şiə bölgəsi qurmaq niyyətindədir. Putin isə Aralıq dənizindəki limanlarını qorumaq məqsədini güdür və Amerikadan fərqli olaraq öz müttəfiqlərini həmişə dəstəklədiyini nümayiş etdirir. Bütün bunlar isə ABŞ-ın milli maraqları ilə ziddiyyət təşkil edir.
WSJ-nin gəldiyi qənaətə görə, ABŞ üçün yeganə alternativ Əsəd, İran və Rusiyanın öz ambisiyalarına görə cəzalandırılması ola bilər: “ABŞ onlara öz ambisiyalarının bədəlini ağır şəkildə ödədəcəyini göstərməlidir”.
ABŞ-ın digər nüfuzlu mətbu orqanı The Time da redaksiya məqaləsində oxşar fikrə gəlib: “Əsəd istəyir ki, onu Raqqanın xilaskarı kimi qəbul etsinlər. Bu, ona İŞİD-in əzilməsindən sonra bütöv Suriyanın lideri olmaq yolunda ambisiyalarını genişləndirməyə imkan verəcək”.
Redaksiyanın fikrincə, Suriya təyyarəsinin vurulması ölkənin gələcək taleyinin təkcə ərazilərin ələ keçirilməsi ilə bağlı olmayacağını göstərmək üçündür.
Qəzet nəhayət ki, Amerikanın əsl niyyətini ortaya qoyur: “Qərbin strategiyası yalnız Suriya səmaları ilə bağlı olmayıb, həm də Əsədin gələcək taleyi haqqında ictimai mühakiməylə bitməlidir. Əgər suriyalıların ədalətli cəmiyyət barədə qanuni arzuları gerçəkləşdirilmək istənilirsə, bunun yalnız bir yolu var - Əsəd getməlidir!”