ABŞ-ın yeni prezidenti Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəyə bilər;

ABŞ-ın yeni prezidenti Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəyə bilər; Hikmət Babaoğlu: “Qarabağ problemi yoxdur, ancaq erməni problemi qalır...”
2009-cu ildə Türkiyə və Ermənistan arasında Sürix protokolları imzalanmışdı. Məsələ ABŞ-ın birbaşa patronajlığı ilə həyata keçirilib reallaşdırılmışdı. Hədəf Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və Ermənistanın Rusiyadan uzaqlaşdırılması idi. Ancaq bu sənədin həyata keçməsinə Azərbaycan torpaqlarının işğalı faktı mane oldu.
Artıq Azərbaycan öz torpaqlarını azad edib. Sürix protokolu imzalanan zaman ABŞ prezidenti Barak Obama, vitse-prezident isə Co Bayden idi. İndi Co Bayden özü prezident seçilib və Rusiyaya qarşı sərt mövqeyi ilə tanınır. Vəzifəsinin icrasına başladıqdan sonra o, Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılmasına, sərhədlərin açılmasına hansı töhfəni verə bilər? Üstəlik, Ankara və Bakı İrəvana əməkdaşlıq jesti edib və Paşinyan da Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmağın vacibliyini söyləyib.
Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, bəzən Co Baydenin ABŞ-da prezident seçilməsini dünyada hər şeyin yenidən başlayacağı kimi qiymətləndirirlər, ancaq nəzərə almaq lazımdır ki, hazırda dünyada baş verənlər yaranmaqda olan yeni dünya nizamı ilə daha çox əlaqədardır və bu beynəlxalq münasibətlərin çoxsaylı iştirakçılarının davranışları ilə bağlıdır: “Ona görə də rasional baxsaq görəcəyik ki, ABŞ da böyük supergüclərdən biri kimi bu prosesin içtirakçılarından birdir. Ancaq şübhəsiz ki, daha çox təsir imkanlarına sahib olan iştirakçılardandır. Hazırda 2001-ci ildən 2011-ci ilə qədər davam edən monopolyar dünya nizamı artıq ciddi şəkildə dəyişib. ABŞ 2001-ci il 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyası adı altında monopolyar, yəni təkqütblü bir dünya nizamı yaratmağa çalışdı və 2011-ci ildən sonra Yaxın Şərqdə baş verənlər göstərdi ki, bu o qədər də asan məsələ deyil. Əslində elə Co Bayden də bütün bu proseslərin bu və ya digər səviyyədə iştirakçısı olmaqla ABŞ-ın yaratdığı köhnə siyasi mirasdan gəlir. Yəni Bayden dövrü yeni köhnə, yaxud yenilənmiş köhnə olacaq. Hazırda onun siyasi komandasının daxili aktyorlarının kimlərdən ibarət olması da bunu təsdiq edir. Azərbaycan və Türkiyə məsələsinə gəldikdə isə, bu iki müttəfiq dövlətin gücü və beynəlxalq münasibətlərdə oynadığı rol artıq əvvəlki vaxtlardan kardinal şəkildə fərqlənir və bu yeni reallığı hamı nəzərə almalı olacaq”.
Deputatın sözlərinə görə, ABŞ-ın yeni prezidentinin Qarabağ və erməni məsələsi ilə bağlı mövqeyi hələ onun senator olduğu dövrlərdən çox aydındır: “O yenə cəhd edə bilər. Qarabağ problemi yoxdur. Ancaq erməni problemi var və bu, görünür, hələ davam edəcək. Bu da onunla əlaqədardır ki, ermənilər, əslində isə haylar Qafqaza gəlmə olduqları üçün özlərini yerli etnolandşaftın bir parçası kimi hiss edə bilmirlər. Ona görə də daima problemlər yaradır, sonra da kənar qüvvələri bura dəvət etməklə onu həll etməyə çalışırılar. Məhz bu səbəbdən regional əməkdaşlıq və inteqrasiya son 200 ildə həmişə natamam qalır. 2009-cu ildə ABŞ-ın və Aİ-nin təşəbbüsü və təşviqi ilə Sürixdə imzalanan protokolların bir nəticə verməməsi də bununla əlaqədardır. 2008-2009-cu illərdə hətta futbol diplomatiyası kimi xatırladığımız bir diplomatik fəndə də əl atdılar. O zamankı Ermənistan və Türkiyə prezidentləri Abdulla Gül və Serj Sərkisyan qarşılıqlı olaraq hər iki ölkədə futbol matçı izlədilər, ancaq bunun da bir xeyri olmadı”.
H.Babaoğlu qeyd etdi ki, indi hər nə qədər regionumuzda tərəfdaşlıq üçün yeni imkanların yarandığını desək də, Ermənistanın aqressiv davranışları ucbatından bunun baş tutması mümkün olmaya da bilər: “Çünki Ermənistan ilk növbədə tərəfdaş olacagı ölkələrə qarşı süni iddialardan əl çəkməli, birgəyaşayış və əməkdaşlığa hazır olduğunu nümayiş etdirməlidir. Yəni ilk növbədə bundan sonrakı mərhələdə Azərbaycanda yaşayan erməni icmasına hər hansı statusun verilməsi fikrindən birdəfəlik və həmişəlik əl çəkməlidir. Halbuki ATƏT-in Minsk Qrupunun həmsədrlərilə görüşdə Ermənistanın baş naziri bu məsələni yenidən qaldırdı. Baxmayaraq ki, o, üçtərəfli bəyanatda öz imzasıyla təsdiq etmişdi ki, heç bir statusdan söhbət gedə bilməz. İkincisi, Ermənistan 30 il ərzində işğal altında saxladığı torpaqlara və vurduğu ziyana görə təzminat ödəməlidir. Azərbaycana qarşı hərbi cinayət törətmiş cinayətkar ünsürlərin cəzalandırılması istiqamətində bizimlə əməkdaşlıq öhdəçiliyi götürməlidir. Xocalı soyqırımının soyqırımı olduğunu qəbul etməli və buna görə rəsmi üzr istəməlidir. Eyni zamanda imzalanacaq mümkün sülh sənədində Azərbaycana qarşı heç vaxt ərazi iddiasında olmayacağını təsdiq etməlidir”.
Həmsöhbətimiz onu da dedi ki, Ermənistanla Türkiyənin sərhədlərinin açılması, əlaqələrin qurulması üçün həm də Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından, “erməni soyqırımı” iddiasından əl çəkməlidir: “Ermənistan 1921-ci ildə imzalanmış Kars müqaviləsini tanımalı, 1915-ci il hadisələri ilə bağlı yalançı soyqırımı iddiasından əl çəkməli, konstitusiyasından Türkiyə ərazisinə qarşı iddiaları götürməli, gerbindən qardaş Türkiyənin suveren sərhədləri içərisində yer alan Ağrı Dağının rəsmini çıxarmalıdır. Bunlar yalnız normal əməkdaşlığı təmin edəcək şərtlərin bir hissəsidir. Tarixi zəfər əldə etmişik, ərazi bütövlüyümüz bərpa olunub və haylar nə vaxt mövcud reallığı düzgün qiymətləndirib rasional düşünməyi bacaracaqlarsa yalnız o vaxt hərtərəfli əməkdaşlıq mümkün olacaq”.