Trampın “nüvə sürprizi”: Baydendən İran siyasətinə zərbə

Fəxrizadənin öldürülməsi Tramp administrasiyası və yəhudi lobbisinin İrana qarşı təzyiq kampaniyasında yeni zirvə sayılır
İranın xüsusi xidmət orqanları nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin qətlində şübhəli bilinən 4 nəfərin fotosunu bütün mehmanxanalara paylayıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə iranlı jurnalist Məhəmməd Əhvaz twitter hesabında yazıb. Noyabrın 27-də qətlə yetirilən Fəxrizadənin öldürülməsində xarici güclərin əli istisna edilmir.
Fəxrizadənin öldürülməsi Tramp administrasiyası və Netanyahu hökumətinin İrana qarşı yürütdüyü maksimum təzyiq kampaniyasında yeni bir zirvə kimi dəyərləndirilir.
Bu, Ağ Evin yeni rəhbəri Co Baydenin 2021-ci ildə İranla danışıqlara hazırlıq, bəzi sanksiyaları götürmək ərəfəsində baş verməklə bütün prosesi korlamaq kimi qiymətləndirilir.
İddialar var ki, Tramp Tehranı qəzəbləndirməklə Bayden üçün “mina”lar hazırlayır, ABŞ-İran münasibətlərinin düzəlmək fürsəti olarkən bunu pozur.
Bundan bir neçə gün əvvəl isə ABŞ bombardmançı təyyarələrini Yaxın Şərqə, İrana yaxın ərazilərə göndərməklə yeni təhdid ismarışı vermişdi.
Tramp dövründə İrana ən böyük zərbə isə general Qasım Süleymaninin Bağdadda partladılması oldu.
Beləliklə, Tramp gedişi ərəfəsində nüvə aliminin qətli ilə Vaşinqton-Tehran əlaqələrini tamamilə sərt fazaya sürüklədi.
Hər şeyə rəğmən, İran tərəfi özünü son dərəcə təmkinli aparır. ABŞ və İsrail hər vəchlə İranı provokasiyaya çəksə də, Tehran buna getmir.
Lakin nüvə aliminin qətli faktdır ki, Bayden dövründə ABŞ-ın İranla münasibətləri yenə də gərgin olaraq qalacaq.
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ və digər ölkələrin mediasında bu barədə geniş fikirlərə rast gəlinir.
Sülhəddin Əkbər: “ABŞ-İran arasında nüvə proqramı ilə bağlı danışıqlar çətin vəziyyətə salınır, lakin bundan daha böyük əməliyyatlar olacağı deyilir”
Onun fikrincə, söhbət Tramp və onu hakimiyyətə gətirən yəhudi lobbisinin İranın nüvə proqramına zərbə vurması iddialarından gedir.
S.Əkbər də güman edir ki, Tramp və yəhudi lobbisi Baydenin prezidentlik səlahiyyətlərinə başlamasına qədər bu vəziyyətdən “səmərəli” istifadə etmək istəyə bilər.
“Burada həm İranın nüvə proqramına ciddi zərər vurulur, həm gələcəkdə ABŞ-İran arasında nüvə proqramı ilə bağlı danışıqlar çətin vəziyyətə salınır. Lakin daha böyük əməliyyatlar olacağı deyilir.
Məsələn, “Natanz” nüvə qurğusu İranın nüvə proqramının vurulmasında önəmli yer tutur.
Bu baxımdan müəyyən addımlar atıla bilər. Ən əsası Baydendən sonra İranla nüvə barəsində diplomatik danışıqlar üçün şərait pisləşir".
Politoloq Ramiyə Məmmədovanın sözlərinə görə, Tramp Baydeni dilxor etməkdədir. Onun fikrincə, yeni ABŞ prezidenti təmkinli olmaqla və Tehranı inandırmaqla danışıqları mümkün edə bilər.
Siyasi şərhçi deyir ki, hadisədə ABŞ-ın barmağının olduğunu iddia etmək çətindir, lakin nüvə aliminə sui-qəsddə yalnız xarici güclər maraqlıdır.
“İsrail sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürməyib, lakin ”New York Times" qəzeti Fəxrizadəni öldürən şəxslərin İsrail casusları olduğunu bildirib. İran sui-qəsddə İsraili günahlandırıb və intiqam almaqla hədələyib.
Lakin ABŞ-ın “Qüds” qüvvələri komandiri Qasim Süleymanini öldürməsi üçün ABŞ-ın İraqdakı bazalarına qarşı intiqamdan fərqli olaraq, bu dəfə iranlılara cavab hazırlamaq üçün daha çox vaxt lazımdır.
İranın nüvə proqramı çox böyük irəliləyiş əldə edib və bir nəfərdən asılı deyil. Fəxrizadə xüsusi təşkilatçılıq və idarəetmə bacarıqlarına sahib idi. O, İranın müdafiə sənayesində üstün mövqe tuturdu, lakin İranın nüvə proqramı onun ölümündən sonra da davam edəcək.
Sadəcə, Baydenin İranla danışıqları yeniləməsi və 2015-ci il nüvə anlaşmasını yenidən qüvvəyə mindirməsini çətinləşdirdilər.
Üstəlik, dövlət katibi Mayk Pompeo, İsrail baş naziri Netanyahu və Səudiyyə vəliəhdi Məhəmməd bin Salman arasında görüş olub, İrana təzyiqi artırmaq mesajları verilib", - deyə ekspert qeyd etdi.
Onun zənnincə, ABŞ-da seçkinin nəticəsi qəfil dəyişsə, Trampın qələbəsi rəsmiləşsə, o zamana Vaşinqtonun Tehran siyasəti indidən məlumdur ki, hansı sərt üslubda olacaq:
“Amma Baydenin bundan sonra məğlub olacağı gözlənilmir. Bunu da yaxşı bilən Tramp və dəstəkçiləri İrana təzyiqləri gücləndirməyin tərəfdarıdırlar.
Bütün bu gərginliyə baxmayaraq, ABŞ-İran müharibəsini gözləmirəm. Bizim ticari tərəfdaşımız, qonşumuz olan İranda sabitlik Azərbaycana lazımdır, regionda stabillik istəyirik".
Qeyd edək ki, hadisə alimin həyat yoldaşı ilə birlikdə Rostamkol şəhərindən Absard şəhəri istiqamətinə gedərkən yolda baş verib.
M.Fəxrizadəni 3 mühafizə maşını müşayiət edib. Öndə gedən avtomobil atəş açılarkən dayanmalı olub. Fəxrizadə avtomobilin mühərrikində problem olduğunu zənn edərək maşından düşüb.
Bu zaman təxminən 150 metr məsafədə yerləşən “Nissan” markalı avtomobildən onlara tərəf atəş açılıb.
Atəşin uzaqdan idarə olunan avtomat silahlardan açıldığı müəyyən edilib. Sonra “Nissan” partladılıb. Sui-qəsdin təşkilatçıları isə hadisə yerində olmayıb.
Sui-qəsd 3 dəqiqə davam edib və alim bir neçə güllə yarası alıb. Bir neçə güllə də onun mühafizəçisinə dəyib.