ÜTT- Ağ Evə qarşı gəlməkdən də çəkinir

“The New York Times” qəzeti ABŞ prezidentinin Türkiyəyə yönəlik gömrük rüsumları ilə bağlı verdiyi qərarların Ümumdünya Ticarət Təşkilatında yeni bir böhrana yol açacağını yazıb
ABŞ prezidenti Donald Trampın Türkiyədən gətirilən aliminium və metal məhsullarına qoyulan gömrük rüsumlarını artırmaq haqqında qərarı Türkiyənin ABŞ-dakı dostlarını, siyatəçiləri və biznes çevrələrini narahat edib.
Türkiyə mətbuatı bununla bağlı “The New York Times” qəzetində yazılan məqaləyə diqqət çəkib.
Qəzetin xəbərinə görə, Donald Tramp polad və aliminiumla əlaqədar Türkiyə üzərinə qoyduğu sanksiya tədbirlərinin guya milli təhlükəsizliyini qorumaq və ABŞ-ın metal istehsalçılarını haqsız rəqabətdən qurtarmaq məqsədilə tətbiq etdiyini bildirib.
Lakin nədənsə Donald Tramp Avropa Birliyi, Kanada, Meksika kimi ölkələrdən ABŞ-a gətirilən eyni adda məhsulların ölkədə “haqsız rəqabət” yaratmasını unudur.
Trampın bu qərarı Türkyənin də üzv olduğu Ümumdünya Ticarət Təşkilatında (ÜTT) da ciddi böhrana səbəb olub.
ÜTT-nin Cenevrədəki mərkəzi qərargahı
ÜTT-nin qaydalarına əsasən üzv ölkələrin birtərəfli qaydada bir-birlərinə gömrük tariflərini tətbiq etməsi doğru sayılmır.
Lakin Təşkilat Ağ Evə qarşı gəlməkdən də çəkinir. Çünki Trampın xarakterini bilənlər onun ABŞ-ı təşkilat üzvlüyündən çıxara biləcəyini söyləyirlər.
Bundan başqa, ABŞ əleyhinə alınan hər hansı bir qərar ÜTT-nin digər üzvlər üzərindəki nüfuzunun itməsinə səbəb olmaqla yanaşı, onların öz milli maraqlarını təşkilatın normalarından kənarda qorumağa məcbur edə bilər.
“Bu proses sistemin özünə ciddi şəkildə təsir göstərir. Artıq ABŞ-ın ÜTT-dən çıxaraq birtərəfli qaydada tariflər tətbiq etdiyini söyləyənlər də var”, - “Corctaun Hüquq Mərkəzi”nin (Corctaun universiteti) professoru Cennifer Hillman qəzetə bildirib.
ÜTT-nin keçmiş baş direktoru və ABŞ-ın Milli Xarici Ticarət Şurasının rəhbəri Rufus Yerksa ABŞ-ın milli təhlükəsizlik maraqları üçün ÜTT-nin qaydalarını birtərəfli şəkildə pozmasının yeni bir mənzərini ortaya qoyduğunu söyləyib.
“Əgər ABŞ milli təhlükəsizlik naminə bu sistemin qaydalarını yenidən yazsa onda dünyadakı hər ölkənin milli təhlükəsizlik marağının nə olduğuna dair yeni bir təriflə qarşı-qarşıya gələcəyik”, - Yerksa deyib.