“Noviçok”- sovet dövründən qalma yeni zəhər

Sergey Skripalı zəhərləyən virusun yaradıcısının özü də Rusiyanın əlindən qaçıb gizlənən dissidentdir
Bu günlərdə kimyəvi silahla həyata keçirilən terror aktları diqqətləri yenidən onlarla beynəlxalq konvensiya ilə qadağan olunan bir sahəyə cəlb edib.
Rusiyalı casus Sergey Skripal və qızı Yuliya ilə bərabər 22 nəfərin zəhərlənməsinə səbəb olan “Noviçok” virusunun Londonda peyda olması dünya dövlətlərinin bu problemi hələ həll edə bilmədiyini göstərib.
Fransanın “Le Monde” qəzetinin yazarı Maksim Vodanonun yazdığına əsasən, “Noviçok” SSRİ-də 1970-80-ci illərdə hazırlanan və insan beyninin funksiyalarını iflic edən olduqca zəhərli bir maddədir. Öz təhlükəlilik dərəcəsinə görə “Noviçok” zarin qazı və VX kimi zəhərləri 5-10 qat üstələyir.
“Noviçok”un əsas funksiyası ürək döyüntüsünü tədricən azaldaraq, habelə nəfəs yollarını tamamilə qapadaraq insanı ölümə götürməkdir”, -Redinq universitetinin (Böyük Britaniya) professoru Geri Stevens “Röyter”ə bildirib.
Ekspertin rəyinə görə, ani tibbi yardımla ürək döyüntüsünün tam olaraq durmasının qarşısını almaq olar. Lakin oksigen çatışmazlığı beyində sağalmaz zədələr buraxır. Bu səbəbdən Sergey Skripal və qızı Yuliya bir həftədən çoxdur ki, kritik vəziyyətdə qalmaqda davam edirlər. Yaşasalar belə, virus onların orqanizmində ömürlük sağalmaz zədələr buraxacaq.
“Noviçok” virusu sovet alimləri tərəfindən “Foliant” proqramı əsasında yaradılıb. Moskva həmin virusla kimyəvi silahın qadağan olunması barədə beynəlxalq danışıqlarda əsas rəqiblərini aldatmaq məqsədini güdürmüş. Bu virus standart antidotlara (panzəhir) qarşı yüksək dözümlülüyü ilə seçilir.
“Noviçok”un hazırlanması SSRİ-nin kimyəvi silahların ləğv olunması lə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə rəğmən keçən əsrin 90-cı illərinə qədər davam edib. Virusun sirri isə Qərbə qaçan sovet dissidentlərin açıqlamalarından sonra ortaya çıxıb.
“Associated Press” agentlyinə rəylərini bildirən ABŞ ekspertləri bu maddənin hazırlanma prosesinin özünün olduqca təhlükəli olduğunu bildirərək bunun ancaq dövlət laboratoriyalarında həyata keçirilə biləcəyini dilə gətiriblər.
Lakin məsələ ilə bağlı ən maraqlı cəhət virusun hazırlanmasında birbaşa iştirak etmiş şəxslə bağlıdır.
Mətbuatın yazıdğına görə, “Noviçok”un memarı tatar əsilli sovet alimi Vil Sultanoviç Mərzəcanovdur (rus mənbələrində Mirzayanov gedir-red.).
Mirzəcanov 1965-ci ildən dövlət orqanik kimya və texnologiyaları elmi araşdırma institutunda çalışıb.
1986-1990-cı illərdə o, xarici texniki kəşfiyyatlarla mübarizə idarəsinin rəisi olub. Mirzəcanovun olduqca məxfi sayılan bütün kimyəvi maddələrə çıxışı varmış.
Sovet İttifaqı dağıldıqdan sonra, 1992-ci ildə Vil Mirzəcanov “Moskovski novosti” qəzetində “Zəhərlənmiş siyasət” adlı məqalə dərc edir. Həmin məqalədə o, Rusiyanın hərbi-sənaye kompleksini “Kimyəvi silahların sınaqdan keçirilməsi və istehsalının qadağan olunması haqqında” Paris konvensiyasının müddəalarını pozmaqda ittiham edib.
Həmin məqaləyə görə, Mirzəcanov 1992-ci ilin oktyabrın 22-də dövlət sirrini açıqlamaq ittihamı ilə həbs edilir. 2 il sonra isə Rusiyanın baş prokuroru Andrey İlyuşenkonun qərarı ilə “əməlində cinayət tərkibinin olmaması” səbəbi ilə azadlığa buraxılır.
Həbsdən azad olunduqdan sonra Vil Mirzəcanov siyasi fəaliyyətə başlayır. Tatar alimi öz fəaliyyətini tatar millətçiliyi üzərində qurur.
1994-cü ildə o, Tatar xalq partiyasının sədr vəzifəsinə seçilir. 1996-cı ildə isə Vil Mirzəcanov ABŞ-a mühacirət edir.
Hazırda o, Nyu-Cersi ştatının Prinston şəhərində yaşayır və özünü “Tatarıstanın sürgündə olan prezidenti” sayır.
Bu günlərdə virusun “atası” Skripalın zəhərlənməsi ilə bağlı açıqlama yayıb.
Keçmiş sovet alimi “ABŞ-ın The Daily Beast” qəzetinə verdiyi müsahibədə bu silahın hazırlanmasında iştirak etdiyi üçün təəssüf hissi keçirdiyini bildirib və Sergey Skripaldan qəzet vasitəsilə üzr istəyib.
Mirzəcanov həmn virusun sırf Sovet İttifaqının qorunması məqsədilə hazrladıqlarını söyləyib. “Heç bir alim bu virusun terror məqsədi ilə istifadə ediləcəyini gözləmirdi. Bu virus kütləvi qırğın üçün yaradılıb”, - Mirzəcanov qeyd edib.