Dünyanın ilginc köç xəritəsi - faktlar, sarsıdıcı rəqəmlər

Kimin hansı ölkəyə və niyə, necə köç etməsi barədə bilmədiklərimiz
Xeyli insan var ki, ölkədəki maddi-mənəvi durumdan şikayətlənir və xaricə getmək istəyir. Hərə bir yol axtarır. Bəzən redaksiyalara gəlirlər, jurnalistlərdən bunun yollarını öyrənməyə çalışırlar. Mühacir hekayələri bu səbəbdən çox oxunan yazılardandır. Az qala 3 adamdan birinin xaricdə yaşayan bir qohumu, tanışı var. Ora gedərsə, həyatının dəyişəcəyini düşünür.
Amma bu, təkcə azərbaycanlılar, suriyalılar, fələstinlilər... üçün keçərli deyil.
710 milyon insan köç etmək arzusundadır, 23 milyon isə hazırlıqlara başlayıb
Birləşmiş Millətlər Təşkilatının hesabatı dünya miqyasında 710 milyon insanın köç etmək istədiyini, 23 milyon insanın isə bununla bağlı hazırlıqlara başladığını ortaya qoyub. İnsanların ən çox köç etmək istədikləri ölkələr Amerika və İngiltərədir.
Araşdırma çərçivəsində rəyi soruşulanlara “İmkanınız olsa qalıcı olaraq başqa bir ölkəyə köç etmək istəyərdizmi?”, “Başqa bir ölkəyə qarşıdakı bir il ərzində köç etmə planınız varmı?” və “Qarşıdakı bir il ərzində başqa bir ölkəyə köç etmək üçün hər hansı bir hazırlıq görmüsüzmü?” kimi suallar verilib. Verilən cavablara görə, 710 milyon insan imkanı olsa başqa bir ölkəyə qalıcı olaraq köç etmək istədiyi, 66 milyon insanın bir il ərzində köç etməyi planlaşdırdığı, 23 milyon insanın isə bu məqsədlə hazırlıqlara başladığı qeyd olunub.
Sənəddə potensial miqrantların ən çox getmək istədiyi ölkələrin ABŞ, İngiltərə, Səudiyyə Ərəbistan, Fransa, Kanada, Almaniya və Cənubi Afrika olduğu üzə çıxıb. Köç etməyi düşünənlərin ən çox olduğu ölkələr isə Nigeriya, Hindistan, Demokratik Konqo Cümhuriyyəti, Sudan, Banqladeş və Çindir.
Türkiyə ən çox köç edilmək istənilən ölkələr arasında 15-ci sırada yer alıb. Köç etmək istəyənlərin böyük əksəriyyəti Afrika və Asiyada yaşayan insanlardır. Avropalılar arasında başqa ölkələrə ən çox köçmək istəyən xalqların italyanlar və ispanlar olduğu təsbit edilib. Maraqlıdır ki, İtaliya və İspaniya eyni zamanda digər ölkə vətəndaşlarının da ən çox köç etmək istədiyi ölkələr olub.
Köç hazırlığı edənlərin böyük əksəriyyətinin şəhərlərdə yaşayan, ən azı orta məktəb məzunu, gənc və subay kişilər olduğu da üzə çıxıb.
Beynəlxalq hüquqa görə, ölkələrin müharibə və təbii fəlakət kimi səbəblərlə ölkələrindən ayrılmaq məcburiyyətində qalan miqrantlara yönəlmiş qanuni öhdəlikləri olsa da, daha yaxşı həyat qurmaq xəyalı ilə yola çıxan qaçqınlar üçün bənzər öhdəliklər yoxdur. Bir çox ölkə miqrant qəbul edərkən onların təhsil və xüsusiyyətlərini araşdırır, bu baxımdan daha üstün göstəriciləri olanlar seçilir.
Hindli qaçqınlar dünyanı bürüyüb... necə?
16.59 milyon hindli miqrantın yarıdan çoxu Basra körfəzi bölgəsində yaşayır. 2017 Beynəlxalq Köç Arayışı sürətli qloballaşma dönəmində hindli qaçqın sayının 2000-ci ildəki 7.98 milyondan iki qat artdığını göstərib. Sənəddə 13 milyon miqrant ilə Meksika ikinci ən çox köç verən ölkə olub.
Rəqəmlər beynəlxalq və ya etnik köklər nəzərə alınaraq həyata keçirilən bir insan saya alınması deyil və bu səbəbdən ailələrin getdiyi ölkələrdə doğulan miqrant uşaqlarını əhatə etmir.
Birləşmiş Ərəb Əmirliklərində 2000-ci ildə 978 min 99 nəfər hindli miqrant sayı 3.31 milyona yüksələrək bu ölkəni ən çox hindli miqranta sahib olan ölkə statusuna daşıyıb. Sənəddə göstərilib ki, hindlilərin ən çox köç etdiyi ikinci ölkə isə Amerikadır. Belə ki, burda hindlilərin sayı 1.04 milyondan 2.3 milyona qədər artıb.
Körfəz ölkələrinin hamısında isə hindlilərin sayı 8.96 milyona çatıb. Bunlardan 2.27 milyonu Səudiyyə Ərəbistan, 1.2 milyonu Ümman və 16 milyonu Küveytdə yaşayır. Hindistana digər ölkələrdən gələn miqrant sayı isə 5.2 milyondur və bu, 2000-ci ildəki rəqəmdən 1.22 milyon daha azdır.
Asiyadakı qaçqınların yüzdə 60-nın digər Asiya ölkələrinə gedib. Bundan başqa, inki.af etməkdə olan ölkələrə miqrantlar tərəfindən təxminən 400 milyard dollar gəlir gəlib və bu gəlirlər təhsil, tikinti və inkişafı təşviq edən digər fəaliyyətləri maliyyələşdirmək üçün istifadə olunub.
Sənədə görə, Avropada 1.3 milyon hindli var. Bu rəqəm 2000-ci ildəki 665.105 nəfərdən iki dəfə artıqdır. Avropadakı hindlilərin çoxu - 836.524-ü İngiltərədədir. Bu rəqəm 2000-ci ildə 452 bin 144 idi.
Kasıbları anladıq, bəs varlılar niyə köç edir?
2017-ci ildə dünyada təhlükəli meyllər daha da güclənib. Həm bizim bölgəmizdə, həm də digər regionlarda narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Belə ki, əgər 30 il əvvəl dünyada 30 milyon qaçqın və məcburi köçkün, 25 münaqişə zonası var idisə, bu gün dünyada qaçqın, məcburi köçkünlərin sayı 65 milyonu keçib və münaqişəli zonaların sayı isə 70-ə qədərdir. Artıq dünyanın bir çox qaynar nöqtələrində baş verən qarşıdurma və müharibələr geniş, davamlı xarakter alıb.
Amma köç edənlər arasında imkanlı şəxslər də az deyil. Məsələn, Türkiyə keçən il 6 min milyonerini itirib. Daha doğrusu, 6 min türk milyoner Türkiyəni tərk edib. Milyonerlər əsasən uşaqlarının daha yaxşı təhsil alması və şəxsi təhlükəsizlikləri üçün ölkələrini tərk edirlər. Yəni özlərini təhlükəsizlikdə hiss etmək istəyirlər. Bu səbəblərə iqlim, sağlamlıq kimi faktorlar da əlavə olunanda köç qaçılmaz hala çevrilir.
Məsələn, 2015-ci ildə dünya miqyasında 64 min milyoner öz ölkələrini tərk edib. 2016-cı ildə bu rəqəm 82 minə qədər artıb. Ən çox tərcih edilən yerlər arasında isə inkişaf etmiş ölkələr var. Avstraliya 11 min, Amerika 10 min, Kanada 8 min, Yeni Zelandiya isə 4 min milyonerin yeni evi olub.
Bəs ən çox milyoner itirən ölkələr hansılardır? İlk sırada son illər terrorun dərin izlər qoyduğu Fransa var. Bu ölkədən gedən milyonerlərin sayı 12 mindir. İkinci yerdə olan Çindən 9 min, Braziliyadan 8 min, Türkiyə və Hindistandan isə 6 min milyoner gedib.
Braziliya, Çin, Hindistan və Türkiyə kimi inkişaf etməkdə olan ölkələrin yanında Fransanın da bu köç siyahısında olması təəccüblü görünə bilər. Əhalisinin 9 faizinin miqrantlardan ibarət olduğu Fransada bu rəqəm 6 milyondur. Fransa Beynəlxalq Statistikalar İnstitutunun rəqəmlərinə görə, ölkəni 229 min nəfər tərk edib. Sənədə görə, Fransadan Avropa Birliyi, ABŞ və İsrail kimi bölgə-ölkələrə köçənlərin sayı isə 3.4 milyon nəfərdir.
Statistika və faktlar göstərir ki, köç heç də hər zaman kasıbların tərcihi deyil. Varlılar da, elm adamları, iş adamları da zaman-zaman ölkələrini tərk edirlər. Daha yaxşı şərtlərə, daha uyğun vəziyyətə görə yaşayış məkanını dəyişirlər.