Terror şəbəkələrinin Londonu seçməsinin səbəbləri

2017 Britaniya paytaxtının tarixinə “terrorlar ili” kimi düşəcək
Sentyabrın 15-də London metrosunda partlayış törədilib. Böyük Britaniya polisi London metrosundakı hadisəni rəsmi olaraq terror hücumu kimi qəbul edib.
2017-ci il başlayandan 4-cü terror hadisəsidir ki, Londonda törədilir. Bundan əvvəl martın 22-də Britaniya parlamenti binası qarşısında baş verən terror nəticəsində terrorçu da daxil olmaqla, 4 nəfər ölüb, 40-dək insan yaralanmışdı. İyunun 4-də isə gecə saatlarında yenə paytaxt Londonda ard-arda terror aktları törədildi. İnsan itkilərinə səbəb olan terror aktları Avropanı şoka salmışdı.
Dünyada təhlükəli terror qruplarının daha çox Londonu hədəfə aldıqlarına artıq şübhə yeri qalmır.
Terrorun nədən Avropanın bu şəhərini seçməsi maraq doğurur.
Siyasi ekspert Yeganə Hacıyeva hesab edir ki, Britaniyanın ABŞ-ın qitə Avropasındakı ən yaxın müttəfiqi olması, eləcə də Londonun dünyanın siyasət və biznes mərkəzi olması, üstəlik, Londonda müxtəlif müsəlman ölkələrindən gələn yüz minlərlə miqrantın yaşaması onu terrorçular üçün əsas hədəflərdən birinə çevirir: “Təsadüfi deyil ki, Avropadan İŞİD-ə qatılanların olduğu ölkələrdən biri də İngiltərədir. Keçmiş müstəmləkə bağları, mühacirlərə müəyyən dövrdə açıq qapı yaratmış Britaniyada çoxlu sayda müsəlman yaşayır. Bu insanların hətta 3-cü nəsildən olan ailə üzvləri radikal qrupların təsiri altına düşür. Digər tərəfdən, London həm də uzun illər boyu dünyanın böyük bir hissəsinə nəzarət etmiş nəhəng bir imperiyanın simvoludur. Britaniya imperiyası müsəlman dünyasında şərin, müstəmləkənin simvolu olaraq tanıdılıb. Bu mənada terrorun bu şəhəri hədəfə alması üçün, necə deyərlər, səbəblər var”.
Böyük sayda müsəlmanın da yaşadığı Hindistandan tutmuş ərəb ölkələrinə qədər müsəlmanlar zamanında Britaniyada məskunlaşsalar da, ideologiyalarından ayrıla bilməyiblər. Zaman-zaman bu ideologiya Avropaya nifrət hissinin yaranmasına səbəb olub. Baxmayaraq ki, zamanında Britaniya onlara qucaq açıb, şərait yaradıb. Bəzi şəxslər var ki, radikallaşıblar".
Ekspertin fikrincə, bu cür terror aktları Qərbdə anti-Şərq ovqatını daha da gücləndirəcək və nəticədə növbəti dəfə hər iki tərəfdə radikallar qazanacaq. Sanksiyalar üçün səbəbə çevriləcək. Digər tərəfdən, Britaniya hökumətinin hazırkı ABŞ administrasiyası ilə birlikdə hərəkət etməsi üçün ictimai dəstəyi təmin edəcək.
Bu cür hadisələr Qərbdə anti-Şərq ovqatını daha da dərinləşdirir. Qərbdə müsəlmanlara qarşı sanksiyaları, embarqoları artırdığı, ifrat sağı və miqrantlar əleyhinə dalğanı gücləndirdiyi kimi, Şərqdə də Qərb düşmənçiliyini, Qərbin bütövlükdə müsəlman dünyasının düşməni olması təbliğatı üçün əsas yaradır. Nəticədə dünyada qarşıdurmaların qızışmasında maraqlı olan güclər qazanır".
Qeyd edək ki, Londonda həyata keçirilən terror aktlarının arxasında güclü Avropa dövlətlərinin dayandığı barədə də iddialar var. Hətta burada Amerikanın belə adı çəkilir. Nə qədər inandırıcı olmasa da, Britaniya hökumətinin Avropa Birliyini tərk etdikdən sonra terrorun əsas hədəfinə çevrilməsinin təsadüf olmadığı vurğulanır.