Trampın Şimali Koreya və Venesuelanı hədələməkdə məqsədi nədir...

Qərb mətbuatının rəyinə görə, Ağ Ev sahibi indiki çətin məqamda hər cür avantüraya gedə bilər
Prezident seçilməzdən qabaq Donald Tramp öz vədlərində ABŞ-ı az qala “parlaq izolyasiya” dövrünə qaytarcağını bildirirdi. Yəni Amerika artıq dünya polisi rolunu oynamayacaq, sadəcə daxili problemlərini həll etməklə məşğul olacaqdı.
Lakin Ağ Evə yerləşdikdən bəri D.Tramp yalnız öz komandasının iç intriqaları ilə boğuşur. Xarici siyasətdə isə ABŞ özünü qlobal proseslərin burulğanının tam ortasında hiss edə bilər.
İndi respublikaçı prezident özündən əvvəlkilərin dili ilə güc tətbiq etmək, ordu ilə müdaxilə etməkdən danışır. Ağ Ev rəhbərinin Pxenyana hərbi güc tətbiq etməyə hazır olması və Venesuelanı hərbi əməliyyata başlamaqla bağlı hədələməsi bunu göstərir.
“Tramp bu cür çıxışları ilə dünya diplomatiyasını çaş-baş salıb”, - Le Figaro-dan Lora Mandevil yazır.
Müəllifin fikrincə, Trampın Venesuelaya hərbi müdaxilə təhdidini etməsi Nikolas Maduro rejimini mat vəziyyətdə qoyub və bütün Latın Amerikası ölkələrinə zərbə dalğası kimi yayılıb.
“Görəsən bu nədir: impulsiv prezidentin improvizasiyasımı? Hər halda Venesuela ilə bağlı olaraq Vaşinqtonda belə düşünürlər”, - məqalədə qeyd olunub.
Lakin Lora Mandevilin fikrincə, Venesueladan fərqli olaraq Şimali Koreya ilə ağlı məsələ tamamilə ayrı cürdür.
“Le Figaro”nun ABŞ kəşfiyyatına yaxın isimlərdən aldğı xəbərə görə, hazırda Pentaqonda 12 hərbi ssenari üzərində iş gedir.
Corctaun universitetindən politoloq Coşua Mitçell Donald Trampın Şimali Koreyaya qarşı hərbi yolla müdaxilə bağlı mövqelərində israr etməsində təəccüblü bir şey olmadığını söyləyir: “Bu adam nə izolyanistdir, nə də müdaxiləçi... O, sadəcə dünya ağalığı uğrunda klassik oyun oynamağa çalışan və bunun üçün multilaterlizmin (hüquq normaları əsasında duran çoxtərəflilik) çərçivəsindən kənara çıxmaq istəyən realist və millətçidir. D.Tramp Şimali Koreya problemini ABŞ və onun müttəfiqləri üçün təhdid olaraq görür və hərəkətə keçmək istəyir”.
ABŞ Dövlət Departmentinin Asiya üzrə bürosunun keçmiş elmi əməkdaşı, hazırda Corctaun universitetində tədris edən Balbina Hvand eyni cür düşünür: “Donald Tramp Nyu-Yorkun Kuins şəhərində doğulub. Onun psixologiyası heç vaxt təslim olmamaq üzərində qurulub. Hər halda o, bir işi sonadək çatdırmağa qadirdir”.
“Tramp həqiqətən ciddidir, yoxsa şimali koreyalıları güzəştə getməyə, çinliləri isə hərəkətə keçirmək üçün blef edir?”, - müəllif yazıda sual qoyub.
“Tramp niyyətində ciddidirsə, yaxın ətrafının əksinə hərəkət edərək özünün impulsiv xarakterini nümayiş etdirmiş olur. Bu isə idarəolunmaz situasiyanı özü ilə gətirə bilər. Tramp blef edirsə, bu ya Ağ Evin Pxenyanla konfidensial danışıqlarının üstünü ört-basdır etməyə hesablanıb, ya da onun özünün Rusiyayla əlaqələri ilə bağlı təhqiqatı unutdurmaq məqsədini güdür”, - Qərb diplomatlarından biri jurnalstə bildirib.
Müəllifin fikrincə, prezident seçilməsinə rəğmən D.Tramp hazırda ölkənin siyasi elitası tərəfindən ən sevilməyən və həqarətlə baxılan bir liderdir. Bu səbəbdən onun qlobal miqyasda bu cür geolpolitik manevrlər (Pxenyan və Maduro rejimlərinə hərbi müdaxilə hədələri nəzərdə tutulur) etməsi çətin görünür.
“Lakin Şarlotsvilldəki (irqçilik əleyhinə olan nümayişlər) hadisələrin idarə olunması ilə bağlı tənqidlərdən sonra o, möhkəm olduğunu göstərməkdən ötrü hər şeyi etməyə hazırdır. Bu səbəbdən də onun başını itirərək, xarici avantüraya getməsi tamamilə mümkün görünür”, - müəllif yekunda qeyd edib.