Həkim doğuşdakı ana ölümlərindən danışdı

Vaqif Qarayev: “Həkim səhlənkarlığı da var, bunu inkar etmək olmaz, amma...”
Son vaxtlar doğuş zamanı ana və uşaq ölümlərinin sayı artmağa başlayıb. Doğrudur, bundan əvvəl də mətbuatda, mediada ana və uşaq ölümləri ilə bağlı xəbərlərlə tez-tez rastlaşırdıq. Lakin son günlərin statistikası onu göstərir ki, ana ölümü nəinki bölgələrdə, hətta paytaxt Bakıda artmağa başlayıb.
Son olaraq 7 saylı doğum evində baş verən ana ölümü xeyli müzakirə olundu. Gənc ana Turanə Məmmədova analıq sevincini yaşamadan dünyasını dəyişdi. Mərhumun yaxınlarının iddiasına görə, gənc qadın həkim səhlənkarlığı ucbatından vəfat edib. Belə ki, xəstədə trombosit çatışmazlığı olub. Ondan qan analizi götürülmədən qeysəriyyə əməliyyatına salınıb. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb.
Baş verən ana ölümü ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlamasında bildirib:
“Hamilə Turanə Məmmədova səhhətində yaranmış problemlə xəstəxanaya gətirilib. Xəstə 7 saylı Doğum Evinə xroniki qepoksiya diaqnozu ilə daxil olub. Elə həmin gün saat 12:30-da qeysəriyyə kəsiyi ilə əməliyyat aparılıb və 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlayıb. Bütün lazımi reanimasion tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq, zahılıq dövrünün birinci sutkasında qadın dünyasını dəyişib. Meyitin patoloji anatomik müayinəsi təşkil edilib. Hazırda nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır”.
Mərhumun həkiminin kimliyi də məlum olub. Turanə Məmmədovanın yaxınlarının verdiyi məlumata görə, onun həkimi Səbinə Baharzalova olub. O, hamiləlik dövründə mütəmadi olaraq həmin həkimin yanına gedirmiş. 7 saylı Doğum Evindən verilən cavab isə bu cür olub:
“Səbinə xanım 30 ilin həkimidir. Ölüm elə hadisədir ki, olanda olur. Səbinə xanım hazırda xəstəxanada yoxdur. Onun şəxsi işləri var, gedib işlərini həll etməyə”.
Qeyd edək ki, adıçəkilən xəstəxananın adı tez-tez ana və uşaq ölümlərində hallanır.
Bəs ana ölümlərinin sayı niyə artır?
Öncə qeyd edək ki, Azərbaycan Britaniyanın “Save the Children” xeyriyyə fondunun hazırladığı illik Dünya Analıq hesabatının reytinq cədvəlində 179 ölkə arasında 90-cı yerdədir. Hesabatın əsas parametrlərindən biri isə ananın doğuş zamanı ölməsi ehtimalıdır və rəqəmlərə görə, Azərbaycanda hər 1800 doğuşdan biri ananın ölümü ilə nəticələnir. Statistik məlumata görə, bu il Azərbaycanda 11 ana ölümü baş verib ki, onun da 8-nin əsl səbəbi hələ ki araşdırılır. 2017-ci ilin təkcə ikinci yarısında 3 ana ölümü olub. Əksəriyyət ana və uşaq ölümlərinin həkim səhlənkarlığı ucbatından baş verdiyini iddia edir. Bundan əvvəlki hadisələrdə olduğu kimi. Maraqlıdır, bəs ana (və ya uşaq) ölümünə görə həkimlərin barəsində hansısa tədbirlər görülürmü? Və ana ölümlərində vətəndaşların özünün də məsuliyyətsizliyi varmı?
Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədovanın sözlərinə görə ana ölümlərinə görə tibb işçiləri cəzalandırılır:
“Biz Doğuşayardım Komissiyasında ancaq həkimin vəzifə borclarını layiqincə yerinə yetirib-yetirmədiyi, tibbi yardımın göstərilməsini təhlil edirik. Komissiya, sadəcə olaraq, həkimin fəaliyyətini, habelə təşkil olunan yardımın keyfiyyətini qiymətləndirir. Mərhuma hamiləliyin ilk günündən başlayaraq 9 ay ərzində, doğuş zamanı, doğuşdan sonra qulluq göstərən hər bir tibb işçisinin fəaliyyətinə tibbi cəhətdən qiymətləndirmə verilir. Komissiyanın qərarı Tibbi Yardımın Təşkili Şöbəsinə, həkimin çalışdığı müəssisənin rəhbərliyinə göndərilir. Tibb işçilərinin cəzalandırılması isə Tibbi Yardımın Təşkili Şöbəsi və Baş Prokurorluq tərəfindən həyata keçirilir”.
Qeyd etdiyimiz kimi, əksəriyyət ana və uşaqların ölümündə həkimləri günahlandırsa da, bəziləri səbəbkarın elə ananın özü olduğunu qeyd edir. Bildirilir ki, əgər analar hamiləlik dövründə lazımınca həkimə gedib, müayinələrdən keçsələr, bu cür hallar da olmaz.
Danılmaz faktdır ki, bütün hamilə qadınlar mütəmadi həkim nəzarəti altında ola bilmir. Bunun isə əsasında sosial problemlər, neqativ hallar durur. Hətta Səhiyyə Nazirliyi belə bu sahədə bəzi neqativ halların olması ilə razılaşır:“Neqativ hallar hər sahədə olduğu kimi səhiyyədə də olur. Əsas odur ki, müraciət olan kimi tədbir görülür”.
Digər iddialara görə isə ana ölümlərinin əksəriyyətinin səbəbi eksrtogental xəstəliklər, onların daşıyıcısı olan qadınlardır.
Həkim Vaqif Qarayev mövzuya dair dedi: “Mən deməzdim ana ölümləri artıb. Sadəcə, hər hadisə mətbuata çıxdığına görə hamiya elə gəlir ki, artib. O ki qaldı səbəblərə, həkim səhlənkarlığı haqqında əsasən rəhmətə gedənin qohumları və bunu tirajlayan mətbuat danışır. Düşünürəm ki, həkim səhlənkarlığı haqqinda peşəkar komissiyanın rəyi mütləq nəzərə alınmalıdır. Həkim səhlənkarlığı var, bunu inkar etmək olmaz. Amma təbii ki, yazılanlar qədər deyil. Səhlənkar həkimlər mütləq cəzalanır, bunu da mətbuat yazır. Mən həmkarlarınıza təklif edərdim ki, həkimi günahlandıran insanlardan soruşsunlar: hamilə qadin neçə dəfə həkim müayinəsində olub? Olubsa nə deyiblər? Müayinə niyə olunmayıblar? Adətən insanlar doğuş ərəfəsi deyilənləri tirajlayırlar, bu düzgün deyil! Bir çox hallarda həkimin ”sənə hamilə qalmaq olmaz" qadağasını da qulaqardına vururlar. Sonda yenə həkim günahkar olur".
V.Qarayevin sözlərinə görə, xüsusən rayonlarda həkim qapısı tanımayan kifayət qədər hamilə qadınlar var:
“”İmkanim yoxdur" arqumentini mən qətiyyətlə qəbul etmirəm. Əgər hamiləlik normal keçirsə, “imkanın” burda nə rolu ola bilər? Problemli hamiləlikdə isə qadin mütləq daimi həkim nəzarətində olmalıdır. Amma olunurmu? Yox! Sizdən pul istəyirlərsə şikayət edin, “heç nəyin xeyri yoxdur” düşüncəsi ilə yaşamayın.
Dövlət müəssisələrində bəzi müayinələr mümkünsüzdür, bunu da danmaq olmaz, ona görə indi özəl sektora meyl artib. Məncə, bu məsələlər tənzimlənməlidir. Dünyanin hər yerində hamilə qadina tibbi yardim pulsuzdur, amma özü istəyirsə, özəl klinikaya müraciət edə bilər. Düşünürəm ki, tibbi siğorta işə düşəndən sonra bu “imkan” məsələsi və peşəkar həkimə əlçatanlıq tənzimlənəcək. Başqa yolu yoxdur, dünya necə, biz də elə olmalıyıq".