Əli Kərimli: “Əliyevin istəyi Azərbaycanda Türkmənistansayağı sistem formalaşdırmaqdır”
Partiya sədri deyir ki, məqsəd müxalifəti sıradan çıxarmaqdır
Yanvarın 11-də Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanunu təsdiqləyib.
Bununla bərabər dövlət başçısı “Siyasi partiyalar haqqında” Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsinin hazırlanması barədə də fərman imzalayıb.
6 fəsil, 30 maddədən ibarət olan yeni qanun isə qüvvəyə mindiyi üçün 3 iyun 1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanun qüvvədən düşür.
Yeni qanuna əsasən, üzvlərin sayı 4 500-dən aşağı olan siyasi partiyalar ləğv olunacaq.
Siyasi partiyaların ləğvi qaydasına gəlincə, partiya qurultayın və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Eyni zamanda, qanunun təsdiqindən sonra qeydiyyatdan keçən və keçməyən bütün partiyalar yenidən qeydiyyatdan keçəcək.
Yeni qanun barəsində ilk dəfə 2022-ci ilin sentyabrın 7-də məlumat yayılıb və ictimai müzakirələrə təqdim olunacağı bildirilib.
Hazırlanan layihədə Milli Məclis, Prezident və ya Bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak etməyən siyasi partiyaların ləğvi də əksini tapıb.
Eyni zamanda, siyasi partiyanın təsis edilməsi üçün lazım olan üzv sayı da 1000-dən 10 000-ə qədər artırılıb.
Əli Kərimli: “Əliyev siyasi partiyaları ləğv etsəydi, bu, daha birmənalı və təmiz siyasət olardı”
AXCP sədri Əli Kərimli Meydan TV-yə deyib ki, “Siyasi partiyalar haqqında” mürtəce qanun birbaşa İlham Əliyevin göstərişi ilə hazırlanıb:
“Ona görə də beynəlxalq çağırışlara, daxildəki etirazlara baxmayaraq, Venesiya Komissiyasının rəyini gözləmədən Əliyev qanunu imzaladı. Bu da mürtəce qanunun birbaşa onun istəyi ilə hazırlandığını sübut etdi”.
Əli Kərimlinin sözlərinə görə, qanunun imzalanması real müxalifətə, ilk növbədə AXCP-yə qarşı ciddi təzyiqlərin işə düşəcəyini göstərir:
“İlham Əliyev sona qədər çalışacaq ki, Azərbaycanda təkpartiyalı sistem formalaşdırsın və bununla siyasi rəqiblərini hüquq platformasından çıxarsın. Həmçinin Əliyev cəmiyyətlə konfrantasiya siyasətini davam etdirməyi sona qədər aparacaq. Bəlkə, hansı təbəqələrdə ümid vardı ki, Əliyev dəyişən dünyanı nəzərə alıb hansısa demokratik islahatlara gedə bilər. Amma Əliyev qanunu imzalamaqla cəmiyyətə mesaj verir ki, ictimaiyyəti və müxalifəti əzmək siyasətini davam etdirəcək. Onun istəyi Azərbaycanda Türkmənistansayağı sistem formalaşdırmaqdır”.
AXCP sədri hesab edir ki, bu qədər məhdudlaşdırmalardan sonra vəziyyət hələ də İlham Əliyevi qane etmir:
“2013-cü ildən bəri ölkədə siyasi məhbusları sayı azalmır. 2019-cu ildən sərbəst toplaşmaq azadlığı tam aradan qaldırılıb. Ötən il “Media haqqqında” mürtəce qanun qəbul edilib. Ölkədə faktiki azad mətbuatın fəaliyyəti qadağan olunub. Seçkilər bir institut olaraq ləğv edilib. Amma bütün bunlar bəs etmir. İlham Əliyev hələ də onun rejiminə müqavimət göstərənlərin olduğunu düşünür və onlarla mübarizəni özünün əsas siyasəti sayır. Qanunun imzalanması da o deməkdir ki, Əliyev yalnız Azərbaycan xalqı ilə yox, beynəlxalq birliklə də konfrantasiya siyasətini davam etdirəcək”.
Venesiya Komissiyasının rəyi nəzərə alınmadan sənədin imzalanmasına gəlincə, Əli Kərimli düşünür ki, üzvü olduğu beynəlxalq qurumlar Azərbaycanı tənqid edəcəklər:
“Hökumət yeni qanuna düzəlişləri 2011-ci ildə etmək istəyirdi. O zaman Venesiya Komissiyasına müraciət etdilər, qurum təklifləri qeyri-demokratik olduğunu bildirdiyindən israr etmədilər. Şübhəm yoxdur ki, Venesiya Komissiyasının yeni qanuna rəyi mənfi olacaq. Bu o deməkdir ki, Avropa Şurasının da, Avropa Birliyinin də, ATƏT-nin də rəyləri mənfi olacaq. Ona görə də dedim ki, Əliyev qanunu imzalamaqla təkcə xalqla yox, sivil dünyayla konfrantasiya siyasətinə keçmiş olur”.