İmkan verin, məmurlar vəzifədən getsinlər

Bir adam vəzifədən gedə bilmir. Bütün ölkə “onu vurdular” deyir. Bizə elə gəlir ki, adam ömrünün sonunacan vəzifədə qalmalıdı. Buna görə nə kimisə vəzifədən çıxara bilirlər, nə kimsə öz xoşu ilə gedir.
Vəzifədən gedəni sayğıyla yola salmağı, gələni sayğı ilə qarşılamağı da öyrənək gərək. Eyni yerə ayaq döymək, eyni yerdə işləmək həyat tərzidi burda.
Vəzifədən getmək də bir mədəniyyətdir. Başqalarına yol açırsan. Öz həyatını dəyişirsən. Yükünü azaldırsan. Cəmiyyətə “özünüzə başqa qulluqçu tapın, məndən bu qədər” deyirsən. Kimliyə yox, kürsüyə hörmət qoyulanda adamlar görəvlərini itirmək istəmirlər. Buna görə də hər kəs yerinə mıxlanıb qalır. Əminəm ki, vəzifədə olanların içində işdən getmək istəyən çoxdu. Bacardığını edib, indi də rahat yaşamaq istəyir.
Biz dəyişiklikdən qorxan cəmiyyətik. Bugünlərdə gənc bir xanım dedi ki, eyni evdə uzun müddət yaşaya bilmirəm. Bağrım yarılır. Ortamı dəyişməyə ehtiyac duyuram. Hər gün eyni marketə girmək, eyni məhəllədən keçmək, eyni qapını açmaq, eyni mənzərəni görmək ürəyimi sıxır. Gəncliyim eyni yerdə dövrə vurmaqla keçir.
Ömür bitməz zaman deyil, onu bir nöqtədə qocalaraq yola verəsən. Geyim tərzini belə dəyişəndə yeni enerji ilə dolur insan. Hamımızı depressiyaya salan monotonluqdu. Dünya insanı buna görə yaşlı, cavan vaxtında səyahət edir. Hamımız həqiqət axtarırıq. Bir gün ölkə boyu səfərə çıxdım.
Maşınla bir çöllüyün yanından keçirdik. İti də ulamayan, qonşu evlər belə gözə dəyməyən o yerdə tənha bir daxma vardı. Həmin an həqiqəti tapdım, deyəsən. Hər şeydən uzaq çöllükdə doğulub, yaşayıb, dünyanı görmədən ölüb getmək də həyatdısa, yaradılışın fəlsəfəsi nədi? Dünyanı, həyatı məhz o nöqtədə hiss edərək iddiasız, səs-küysüz, yoxsa həyatın qarmaşasına, həşirinə qoşulub “daha nələr var” marağı ilə yaşamaq?..
Mənə görə həyat Yer üzünü gəzib görməklə mənalanır. Biz bu dünyanın gözəlliklərini görmək üçün doğuluruq. Fərqli duyğular yaşamaqdı həyatı anlamlı edən.
Eyni nöqtədə kök atıb yaşamaq, planet boyu təbiətin gözəlliyini görmədən ölmək həyatı anlamsız edir. Mənim üçün eyni daxmada sivilizasiyadan uzaq yaşayan adamla eyni vəzifədə 40 il oturan adamın həyatı arasında önəmli fərq yoxdu. Çünki hər ikisində başqa halların, fərqli duyğuların, yaşantıların dadını bilmirsən.
Hər kəsin dəyişməz olduğu cəmiyyətdə tərpənmək mümkün deyil. Tərpənəndə bütün yolları bağlayan qaya kimi tərpənməz adamlara dəyib yerinə qayıtmalı, öz həyatında özünü qutunun içindəki kimi hiss etməli olursan. Buna görə hamımız boğuluruq. Qutudayıq.
İnkişaf üçün hər kəsin öz yerini dəyişməsi gərəkdi. Özümüz, uşaqlarımız, sabahımız üçün yerimizi başqasına verməkdən qorxmalı deyilik. Heç nəyin dəyişmədiyini görəndə övladlarımız ümidsizləşirlər. Arzuları var, böyüyüb uğur qazanmaq, hansısa yerlərəcən qalxmaq istəyirlər. İllərlə eyni yerlərdə eyni adamları görüb ruhdan düşə bilərlər. Böyük arzulardan vaz keçərlər. Ən böyük arzuları vətəni tərk etmək olar. Biz isə elə etməliyik ki, uşaqlarımız vətəndən kənara yalnız dünyanı görmək, ölkəmizi təmsil etmək üçün getmək istəsinlər. Yetkin, tox, dünyagörüşlü, anlamlı həyatı olan insana çevrilsinlər. Azərbaycanın adı dünyanın dörd bir yanında sayğıyla anılsın.