Azərbaycanda gəncin mübarizəsi...

Böyük Qafqazın iki min metr yüksəklikdəki zirvələrində həyat aşağıdakı kimi davam etmir. Gah axşamları Rusiyadan əsən qılınc kimi gülək, gah da avtomatların arabir susduğu və bizdən maşınla üç saatdan az məsafədə yerləşən Qarabağdan şaqqama düşən günəş oksigen defisitini artırır. Amma aşağıdakı probləmlər sənə daha ciddi və yaxın məsafəli görünür. Kasıblıq, işsizlik, gündəlik ehtiyaclar... Elə buna görə də yuxarı qalxmalı və çalışmalısan.
Gənclər məni daha yaxşı başa düşər. Çünki orta və yaşlı nəsil ölkədə hələ Sovetin vaxtından qəlibləşmiş qayda-qanunların davam etdirilməsində problem görmürlər, daha doğru desək öyrəşiblər. Amma internetlə, ağıllı telefonlarla böyüyən bizlər fərqli gəldik. Bilgilərimizin daha çox olması, virtual belə olsa dünyaya daha çox inteqrasiya etmə bacarığımız bizi daha demokratik seçimlərlə yaşamağa həvəsləndirir. İş məsələsində də, həmçinin. Sığortalı, əmək müqaviləli və normal maaşı olan iş yerlərinin qapısından ilkin növbədə tanışsız, daha sonra isə rüşvətsiz keçmək olmur. Belə bir lüksü olmayan, əlində ali təhsil diplomu, ağzında ən azı iki dili olan gənclər ya evdə oturub sosial şəbəkələrdə profillərində qan qusurlar, ya da məcburən ağır şərtlərə boyun əyib gündəlik çörək pullarını qazanırlar. İxtisasımın jurnalist olmasına baxmayaraq uzun aylar davam edən işsizliyin ayağını qırmaq istədim və dəvət aldığım turizmlə əlaqəli işdə çalışmağa başladım. İş şərtləri heç münasib deyildi amma, yaşamaq şərtləri də heç münasib deyildi. Yerdən iki kilometr hündürlükdə zirvələrdən birində turistlərə tərcüməçi kimi xidmət göstərmək idi vəzifəm. Bundan öncə də, turizm və otelçiliklə bağlı təcrübəm və dil bilgim olduğu üçün işlərin yağ kimi gedəcəyini düşünürdüm. Hər halda xaricilərlə mənə bizimkilərdən daha asan olur çox vaxt . Təbii ki, əmək müqaviləsi yox, yerdən qırx dəqiqəlik məsafədə sığorta yox, əmək haqqı desən deməsən yaxşıdır. Amma el dilində “çayavoy” deyilən və müştəridən gələn bəxşişlər öz gücünə iş tapmağın Qaraqum səhrasında su tapmaq kimi bir şey olduğu ölkədə məni həvəsləndirir. Xüsusi ilə ərəb turistlər onların nazı ilə oynayan bələdçiyə qarşı əli açıq olurlar. Ancaq xarici ölkə vətəndaşları ilə uzun davam edən dialoqlarımız müdirimi narahat edir. Onlarla nə danışdığımı soruşur. Onlara Şəkinin qədimiliyidən, burdan görünən mənzərələrdən danışdığımı bildirirəm. Ölkə haqqında suallarına cavab verirəm. Nələri sorusşduqlarını soruşur. Neft ölkəsi olduğumuz üçün varlı, zəngin ölkə olduğumuzu soruşurlar, mənsə bunun belə olmadığını, neftin xalqın böyük əksəriyyətinə çatmadıgını deyirəm. Qonşu ölkələrlə münasibətə gəldikdə isə hələ bir neçə həftə əvvəl ermənilərin iki yaşlı körpəmizi qətlə yetirdiyini qeyd edirəm. Bütün bunları eşidən kimi göydən vuran şaqqama günəş Vətənin turizmindən yararlanmağa yeni başlamış və müftə işçi, könüllü gənclər axtaran xırda sahibkarımızı külliyən qaraltdı.
-Ölkənin maddi sıxıntılarını niyə deyirsən. Özü də şükür Allaha nə olub ki bizə. Filankəs nazir bura qonaqlarını göndərir tez-tez. Ölkədə olan vəziyyəti demə xaricilərə.
- Kasıb deyilsizsə bəs niyə günün altında işləyən işçilərə pul vermək istəmirsiz və özəl biznesə könüllü, maaşsız işçi axtarırsınız?
-Mən burada öz gücümə şərait yaradıram, dövlətdən heç bir kömək etmirlər.
- Biz gündəlik burdan qazandığımıza möhtacıq onu da vermək istəmirsiniz. Ermənilərin öldürdüyü uşağın ölümünü deməməli idimsə əgər, öldürülən gün niyə bunu rəsmi səhifənizdə paylaşırdınız ki? Ermənilər bütün dünyada milyonlar paylayıb haqsız davalarını haqlı göstərir, biz öz ölkəmizdə niyə öz dərdimizi deməyək.
Vətənini çox sevdiyini və millətçi olduğunu tez-tez vurğulayan, amma cümləsinin əvvəli və sonu “mən” olan yuxarıları günahı qədər sevməyən və bunun əzabını gənclərdən, əlinin altındakı işçilərdən çıxaran aşağı eşalon söz azadlığında daha sərtdi. Dəyən isə yenə mənə, bizə dəyir. Qırmızı qaranlıqlar içində bir çox jurnalistlərə yaşıl işıq yansa da, bəziləri isə özünü nə jurnalistikada tapır, nə də başqa işlərdə.
Aysel Məmmədli