Yeni Azərbaycan Partiyası kimlər var, kimlər yox..
Yola saldığımız həftənin yekunu olaraq bir neçə mühüm ölkədaxili hadisələrə diqqət yetirmək olar.
Erkən parlament seçkilərinin elan olunması 23 dekabrda olacaq bələdiyyə seçkisini, gözləndiyi kimi, diqqət baxımından üstələdi. Bunun da səbəbləri var. Bələdiyyələrə əhəmiyyətli səlahiyyətlər verilməyənədək, Bakı bələdiyyəsi yaradılmayanadək bu seçimlərə istənilən diqqət olmayacaq. Bizim indiyədək Bakı meri seçkisi keçirmədiyimiz bir başqa mövzudur, amma paytaxt gec-tez bu seçimi etmək məcburiyyətində qalacaq və o zaman bələdiyyə seçkilərinə marağın indikindən daha çox olacağına şübhə yoxdur. Bələdiyyə bülletenlərinin məntəqələrə ciddi nəzarət altında aparıldığını göstərdilər: dövlətimiz təkcə bülletenlərin çapına nə qədər pul xərcləyib. O səbəbdən seçkilər vicdanlı keçirilməli, seçimlərə qatılanları peşman etməmək lazımdır. Hakim partiya 9 fevral siyahısını açıqlamadığı üçün seçkilərin «dadı» hələ gəlməyib. Əvvəla, ona görə ki, əsas partiyalar YAP-ın siyahısı açıqlandıqdan sonra namizədlərini tam dəqiqləşdirəcəklər. İkincisi, bu siyahı parlamentin necə yeniləcəyinin ilk siqnalı olacaq. Çünki söhbət hakim partiyadan gedir və irəli sürülən namizədlərin ən azı 70-75 faizi seçkilərdə mandat almağa ümid edə bilər. YAP-ın hansı dairələrdən partiya mənsubu olmayan kimlərə dəstək verəcəyi də siyahı ilə əsasən aydınlaşacaq. Ona görə hələ namizədliyini irəli sürmək istəyində olanlar haqlı olaraq gözləmə mövqeyindədirlər.
Seçmək və seçilmək vətəndaş haqqımızdır, amma yəqin ki, heç də hamı adını seçki bülleteninə yazdıra bilməyəcək. İraqda 2009-cu ildə keçirilən parlament seçkilərinə o qədər partiya qatılıbmış ki, bülleten bir neçə metr imiş. Azərbaycanda vahid namizəd məsələsi həmişə problemli olub. Amma bir partiyadan 100 və həm də seçicinin adını belə eşitmədiyi şəxsləri namizəd etməkdənsə, bir neçə partiya (qrup) birləşib və ya razılaşıb, 100 yox, 10 sanballı namizəd versələr, pismi olar? REAL bunu edib artıq. Azərbaycan elə də böyük məmləkət deyil, amma maşallah, iddialısı, bir neçə ölkəyə sığacaq qədərdir. O səbəbdən yazdığımın gerçəkləşəcəyinə inanmıram, çünki bu yenilənmə prosesinin həm iqtidar, həm müxalifət qrupları tərəfindən gözdənsalmaq cəhdləri olduğu üzə çıxır. İqtidar cəbhəsində qocalmış ataların öz övladlarını dürtmələyib parlamentə salmağa çalışdıqları xəbərləri var.
İnsan haqqı deyirsinizsə, olsun. Amma bu illərdə o ataların bəziləri seçicini, üzr istəyirəm, adam yerinə qoyub heç bir problemini həll etməyiblərsə, balaları kimin yolu ilə gedəcəklər, deyirsiz? Bəzi müxalifətçilərdə isə prosesi ancaq qaralamaq niyyəti sezilir. Hələ ortada heç nə yoxdur, müxtəlif siyahılar ortaya atırlar, sonra müzakirə açırlar, sonrası da məlum…
Bu seçkiləri Azərbaycan üçün mühüm edən çox ciddi səbəblər var. Bu parlament Azərbaycan üçün çox həssas bir dönəmə şahidlik və yoldaşlıq edəcək, həm də ciddi sorumluluqlar altında. Bəzi iddialar və gözləntilər var: ətrafımız bir çənbər kimidir- İran, Rusiya, Gürcüstan, Türkiyədəki proseslərə diqqət edin, qaynama var, həm də hər an bizim də üzərimizizə «sıçraya» biləcək qaynama. Bu parlamentin gəncləşməsi filan deyib, zarafata keçməyək, ciddi olaq və ölkəmizin taleyinə biganə qalmayaq. Diqqətçəkən həm də odur ki, Azərbaycan bu seçkilərə kifayət qədər beynəlxalq qurumlardan qiymətləndirmə almaqda maraqlı görünür. Avropa Şurası ilə artıq bu istiqamətdə danışıqlarda nəticə var. Seçkilərdə 30 nəfərlik monitorinq qrupu işləyəcək. Əvvəlki seçimlərdə bu cür monitorinq qruplarına qıcıqlı münasibət də vardı. İndi isə əks proses baş verməməkdədir. ATƏT-in də bu prosesə fəal qoşulacağı gözləniləndir. Bu parlamentə beynəlxalq dəstəyin hazırlanması kimi izah edilə bilər.
Biz prezidentli respublikayıq, əsas sorumluluq prezidentin üzərindədir. Amma parlamentli respublika modeli də Azərbaycanın imtina etdiyi siyasi sistem deyil. O səbəbdən YAP -ın siyahısına diqqət edək. Hakimiyyətin «sağı göstərib, solu vurmağı»nı yada salsaq, seçkilərdə digər siyasi gediş də sınana bilər. Məsələn, YAP bu seçkiləri ənənəvi üstünlüklə deyil, daha çox müstəqil mövqeli, daha sərbəst, obyektiv mövqe sərgiləyə biləcək şəxlərlə qazana bilər. Etiraf etmək lazımdır ki, həm partiyanın qurucusu mərhum Heydər Əliyev, həm də onun davamçısı prezident İlham Əliyev də sədrlik etdikləri partiyadan həmişə daha dinamik, daha praktik və daha xarizmatik olublar. İlham Əliyevin prezidentliyi dönəmində isə bu daha qabarıq özünü göstərməkdədir. Yeni kadrların partnomenklaturadan asılılığı daha da azaldılıb. İlham Əliyev sabah bu partiyaya rəhbərliyini tərk edib, əvvəlki reytinqindən də üstün ola bilər. İlham Əliyevin bir lider kimi, Heydər Əliyevin yadigarı olan YAP-a mənəvi bağlılığı inkar edilə bilməz, amma çox uzun illərdir ki, YAP Prezidentin kölgəsində qalmaqdadır. Şübhə etmirəm ki, parlament seçkilərindən sonra hakim partiyada da ciddi struktur və kadr dəyişikliyi ediləcək.
Bütün ölkə bir dəyişiklik havasına köklənməkdədir. Ölkə üçün xeyirlisi olsun…
Emil İbrahimli