Bir birilərini «SÜMÜRƏN» dövlətlər
21-ci əsrin bu günündə də 500-1000 il əvvəlki dövlətlərarası siyasət qaydaları dəyişməyib. Sadəcə, adlar dəyişib, indi hökmdarlara “prezident”, “baş nazir” deyirlər, bir də zəif dövlətlərin işğalının, vassala çevrilməsinin adı dəyişib - “müvəqqəti hərbi kontingent yerləşdirmə”, “sülhməramlı qüvvələr göndərmə”, “ikitərəfli dostluq münasibətləri qurma” adlanır.
Bir zamanların ən varlı üç neft ölkəsindən biri olan İraqda bu gün əhali səfil gündədir, ölkədə kimin əli kimin cibindədir, bilinmir. Dünyanın elə bir qüdrətli neft şirkəti yoxdur ki, öz sinək xortumunu İraqın neft quyularına dayayıb xalqın neftini sümürməsin. Onlar İraqdan sorduqların neftin bir qisminin, leqal hasil edilənin pulunu (hələ o da ucuz-ucuz) ödəyirlər, bir o qədər də müftə-müsəlləm oğurlayırlar.
Bu, nədən belə oldu?
İraqın başına bu müsibətlər ona görə gəldi ki, bir amansız, qansız diktator uzun illər boyunca xalqın düşünən başlarını kəsdirdi, böyür-başına cahil, tamahkar, manqurt, yaltaq, korafəhm adamları yığdı, onlar xalqın iradəsinin əleyhinə siyasət yeritdilər, sonra neft milyardlarını altlarına basa-basa qudurdular, özləri çox güclü sandılar, ABŞ, Ingiltərəyə, İsrailə diş qıcayıb qolaylandılar və ölkənin işğalına şərait yaratdılar.
İndi İraq parlamenti ABŞ qoşunlarının ölkədən çıxarılması barədə qərar qəbul edir, amma ABŞ bunu vecinə almır, hələ dönüb İraqı sanksiyalarla hədələyir.
İldə dörd dəfə xəbərlər yayılır: ABŞ öz qoşunlarını Əfqanıstandan çıxarmağa hazırlaşır". Üstündən 15 gün keçmir, yeni xəbər gəlir: “ABŞ Əfqanıstandakı hərbi kontingentini genişləndirdi”. Başqa sözlə, “çıxarıram, çıxarıram” deyə baş tovlayır, amma yeni-yeni qüvvələr daxil edir.
Türkiyənin başına gələnlər hər kəsə əyandır. 1950-ci illərdən başlayaraq ABŞ Türkiyədə hərbi bazalar qurduqdan sonra bu ölkənin siyasi idarəetməsi xeyli dərəcədə Vaşinqtondan, Ağ Evdən asılı olub, Dövlət Departamentinin direktivləri Ankarada daima can-başla yerinə yetirilib. Son illərdə Ərdoğan hakimiyyəti vaxtaşırı olaraq Vaşinqtona dirəşir. Dirəşir və başına gəlməyən oyun qalmır: gah hərbi çevriliş cəhdi, gah paralel idarəetmə təhlükəsi, gah süni şəkildə tətiklənmiş inflyasiya, gah iqtisadi sanksiyalar və sair və ilaxır.
Əslində müasir dövrdə böyük və qüdrətli dövlətlərin kiçik və zəifləri top-tüfənglə, tankla, raket kompleksi ilə işğal etməsinə ehtiyac yoxdur (amma bundan da vaz keçmirlər). Bir ölkəni tam nəzarətdə, məxməri əsarətdə saxlamaq üçün ölkə xalqının içindəki satqınların, xainlərin, manqurtların, öz soyunu xor görənlərin Iş başına keçirilməsi kifayətdir. Onlar xarici ağalarının hər əmrinə müntəzir olacaqlar və ölkəni istismar etmələri üçün yadelli ağalara hər şəraiti yaradacaqlar (təbii ki, bu zaman özləri də varlanacaq, kalori və komforta asan çıxış əldə edəcəklər).
Böyük dövlətlərin demək olar ki, hamısı bu və ya digər şəkildə gücləri çatan ölkələrə qarşı ekspansiya siyasəti yeridirlər. Kiçik ölkənin maddi resursları nə qədər zəngindirsə, onun uğrunda aparılan çarpışma o qədər şiddətli və qanlı-qadalı olur.
Venesuelanın başına gələnlərə diqqət edək. Bu, regionun ən zəngin karbohidrat ehtiyatlarına, geniş potensiala malik ölkədir. Ancaq illərdir avtoritarizm məngənəsində sıxılan Venesuela artıq xarici müdaxiləçilərin əsas hədəfi halına gəlib. Bundan sonra bu ölkənin başına nə fəlakət gələcəksə, onun günahının yarısı Çaves-Maduro rejimində, yarısı da xunta rejimini devirmək üçün xarici qüvvələrlə işbirliyində olan demokratik qüvvələrdə olacaq. Çətini dünya imperialistlərinin Venesuelaya qədəm basmasıdır, ondan sonra Venesuela İraqa, Suriyaya, Liviyaya döndəriləcək.
Böyük dövlətlərin hərbi qüvvələri kiçiklərə ox kimi sancılır, ya dəlib keçir, ya da geriyə doğru dartıb çıxaranda orqanizmi cırıq-cırıq edir. Hansısa ölkədə xarici hərbi qüvvələrin olması həmin xalqın faciəsindən başqa bir şey deyil. Başqa dövlətlərə kütləvi və aşırı rəğbət bəsləmək isə (lap qardaş olsa da), dövlət müstəqilliyinin sarsılmazlığına təhlükə deməkdir.
Emil İbrahimli