Bu gün Laçının işğalından 27 il ötür.
Milli Şuranın sədri Cəmil Həsənli
Bu gün Laçının işğalından 27 il ötür. 27 il bir ölkənin torpaqlarının, bir dövlətin ərazilərinin düşmən tapdağında qalması üçün kifayət qədər uzun bir vaxtdır. Müdafiə xərcləri hakim elita tərəfindən oğurlanan, hərbi büdcəsi əyri yollarla ofşor hesablara daşınan bir ölkədə Laçın adlı bir yurdun 27 il düşmən tapdağında qalmasına təəccüblənməyə ehtiyac yoxdur. Hakim elitası korrupsiya mərəzinə tutulmuş bir ölkədə işğalçı dövlətin başçısının Laçını basa-basa keçib Şuşaya “Yallı” getməyə gəlməsi və “qələbə” yallısından dərhal sonra Brüsseldə İlham Əliyevlə diz-dizə oturub bu “Yallını” siyasi cəhətdən tamamlamağa cəsarət etməsi də korrupsiyada kölgəənmiş bir rejimin acı həqiqətidir.
Laçın düşmən əlinə keçmiş yurdun bir parçası, yağmalanmış vətənin 27 ildir içimizi göynədən, göynətdikcə binələri tüstülənən, biçənəkləri çadar-çadar olan bir guşəsidir. İki dəfə olmuşam Laçında, bir dəfə tələbəikən 1971-ci ildə, ikinci dəfə isə 80-ci illərin əvvəllərində Şuşada rastlaşdığımız əslən Laçından olan professor Oqtay Əhmədov dəyərli hocamız Süleyman Əliyarlı ilə məni Laçına səyahətə aparması olmuşdu. Hər ikisi qısamüddətli olsa da Laçın təkrarsız təbiəti, uca dağları, sıldırım qayaları, dərin dərələri, aydın səması ilə ruhuma hopmuşdu. Hər dəfə şəxsiyyətinə və sənətinə hörmət etdiyim Məhbbət Kazımovun “Laçınım mənim” sızıltısını (link şərh bölümündə) dinlədikcə ruhuma hopmuş həmin yurd yerləri bir kino lenti kimi gəlib gözlərimin qarşısından keçir. Və yalnız Məhəbbətin ifasında Laçının ağrı-acısını, yurd həsrətini, vətən nisgilini ruhən duymaq olur. Bu gün səhər Məhəbbət Kazımovun təkrarsız ifasında köhnə xatirələrimdə olan Laçını yenidn ziyarət etdim. Sizlər də Məhəbbətin Laçın harayını dinləyin!