Tarixi unutmayaq.
Milli Şuranın sədri Cəmil Həsənli
Nəsiminin 650 illik yubileyinin keçirilməsi yaxşı hadisədir. Lakin yubiley tədbirlərinin gedişində yazılan məqalələrdə, televiziya və radio çıxışlarında, müxtəlif tədbirlərdəki müzakirələrdə böyük şairin 50 il əvvəl 600 illik yubileyinin keçirilməsi ilə bağlı bütün təşəbbüslər Heydər Əliyevin adına yazılır. Əslində isə bu belə deyildir. İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsi məsələsini Heydər Əliyevə qədər respublika partiya təşkilatına rəhbərlik etmiş Vəli Axundov qaldırmışdı. O, rəhbərliyinin sonuncu ilində böyük Azərbaycan şairi Nəsiminin 600 illik yubileyinin keçirilməsinə təşəbbüs göstərdi. 1969-cu ilin aprel ayının 9-da bu məqsədlə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə geniş məktubla müraciət etmişdi. Müraciətdə Axundov Nəsimini Azərbaycan klassik ədəbiyyatının möhtəşəm simalarından biri adlandırır və sovet respublikalarının, qonşu ölkələrin nümayəndələrinin, dünya şərqşünaslarının iştirakı ilə onun 600 illik yubiley tədbirini Azərbaycanın böyük mədəniyyət bayramına çevirməyi təklif edirdi. Yubiley tədbirlərinə yaxşı hazırlaşmaq və Nəsiminin ədəbi irsini toplamaq məqsədi ilə o, Sovet rəhbərliyindən xahiş edirdi ki, respublikanın tanınmış filoloq və şərqşünas alimlərindən Həmid Araslı, Məmməd Cəfər Cəfərov, Mirzağa Quluzadə, Cahangir Qəhrəmanov, Məmmədağa Sultanov, Araz Dadaşzadə və digərlərinin Suriya, İraq, İran, Misir, Türkiyə və Böyük Britaniyaya elmi ezamiyyətə göndərilmələrinə razılıq verilsin. Vəli Axundovun bu müraciətinə Moskvadan müsbət cavab gəldi və Yaxın Şərq ölkələrində Nəsiminin ədəbi irsinin toplanması istiqamətində əhəmiyyətli tədqiqat işləri başlandı. Bu kiçik detalı nəsimişünaslıqla məşğul olan alim və tədqiqatçıların bilməsi vacibdir.