Bizi cəngəllikdə tanıdan adam

“Gülərəm, insanlar baxmaz,
gülərəm, durmadan gülərəm,
bir kimsə toxtatmaz məni amma.
Bir kimsə yardım əli uzatmaz,
qanrılıb baxmaz bir adam balası
sevincdən ölməkdə olan adama".
(özbək şairi Məhəmməd Salih)
Jurnalistlərin binasından oğurluq eləyən şəxsləri tutublar. Ta mediamıza nə lazımdır? Yaşayın, yaradın. Hökumət hərtərəfli qayğı göstərir. Bircə o qalıb ki, bizim yerimizə yazı da yazsınlar. Əslində hərdən yazırlar. Elə son dəfə baş nazir müavininin yazısını ləzzətlə oxuduq...
Bir az manıslar biz jurnalistlərdən narazıdır, hərdən həmkarlarımızı orda-burda tutub söyürlər, ancaq bu da düzələcəkdir. Moskva birdən tikilməyibdir. Hətta yoldaş Putinin seçkiqabağı vədlərinə baxanda görürsən ki, heç tikilib qurtarmayıbdır. Orda bu baxımdan kefdir. Bütün dünya ilə savaş aparırlar, Suriyadan Ukraynaya, Gürcüstandan Qarabağa qədər hər yerdə barmaqları var, di gəl, Rusiyanın öz daxilində problemləri gələcəkdə həll edəcəklərini söyləyirlər. Bütün diktatorlar kimi: “Sabah sizi xoşbəxt gələcək gözləyir”. Bəs bu gün? Niyə biz bu gün normal yaşamayaq? “Biz” deyərkən, yanlış anlaşılmasın, rusları nəzərdə tuturam. Bizdə, maşallah, vəziyyət indinin özündə də dəf kimidir. Uca millətimiz də bu dəfin sədaları altında çırtıq çalıb, oynayır.
Beynəlxalq temada qafiyə açılmışkən, bir ovçu oğlan haqda yazmaq istəyirəm. Bu qaqaş kimdirsə görürsən hər 3-4 ildən bir “ruskoyazıçnı” mediamıza-filana intervülər verir, dünyada ovladığı nadir heyvanlardan danışır. Özü də utanıb eləmir, fəxrlə danışır! Aslanı belə öldürdüm, fili filan cür aşırtdım, nə bilim, yaquarı tutub... Rəhmətliyin oğlu, bunlar hamısı sivil dünyada pis qarşılanır. Pul verib müəyyən lisenziya ilə cəngəllikdə ova çıxa bilərsən, ancaq mədəni dünyada nəsli kəsilmək təhlükəsi altında olan heyvanları öldürmək yumşaq yazsam, mədəniyyətsizlik sayılır. Ancaq dərdimiz bu da deyil. Qardaş son intervüsündə belə fikir işlətmişdi: “Biz hər yerdə Azərbaycanı təbliğ etməliyik”.
Əlbəttə. Fili vuranda xortumuna üçrəngli bayrağımızı taxarsan. Camışın buynuzundan saz düzəldib, antilopun ətindən kələm dolması bişirərsən. Bunlar hamısı bizim dövlətçiliyimizi dünyada tanıdacaqdır. Nəticədə ermənilərin ürəyi partlayıb öləcəklər. Bu temada maraqlı lətifə də var: “Bir gün uşaq babasından soruşur ki, biz azərbaycanlılar niyə kosmosa hələ astronavt göndərməmişik. Baba deyir: Biz kosmosa uçsaq, ermənilər paxıllıqdan ölərlər. Ermənilər paxıllıqdan ölsələr, biz də buna sevindiyimizdən ölərik. Nəticədə bütün Qafqaz gürcülərə qalar. Ona görə uçmuruq”.
Ümumiyyətlə, dünyada bizi tanıdan insanlarımızla qürur duymalıyıq. Vaxtaşırı bunların səsi-sorağı gəlir. “Səsi” tam mənasında yerinə düşən söz oldu, çünki bizimkilər xaricdə əsasən mahnı oxuyurlar. Bu mahnı oxumaq yarışlarına qatılanlar haqda xəbərlərdə isə adətən belə başlıq olur: “Filan azərbaycanlı bütün Türkiyəni ağlatdı”, “Həmyerlimiz İsveçi göz yaşına boğdu”, nə bilim, “Hamamda səs Hamburq! yarışmasına qatılan soydaşımız Almaniyanın yarısını kədərdən öldürdü” və sairə.
Qardaşım, bu nə zillətdir axı? Bu nə şiddət, bu nə məlalət, nə zülmət? İblisəmi uymuş bəşəriyyət? (Son cümlə sanki, mənə elə gəlir, bir az, yüngülcə plagiat kimi şey oldu, ancaq fikir verməyin. Camaat büdcəni oğurlayır, cümlə oğurlamaq nəmənə şeydir?) Bir az da dünyaya sevinc bəxş edə bilmərikmi? “Azərbaycanlı filan ölkənin üzünü güldürdü” - bu cür xəbər başlığı görəcəyimiz günlərin həsrətindəyik. Yoxsa sanki bizi qaramat basıbdır, vətəndəki dərdləri dünyaya ixrac etməkdən maniakal zövq alırıq. (Vətən dərdləri deyərkən Rusiyanın problemlərindən bəhs edirəm, əlbəttə. Yenə deyir, Moskvanı qar basıbdır. Bazardakı uşaqlara yazıq oldu).
Deyəsən hələ indiyəcən Konqo camaatını ağlada bilməmişik. Məncə bu işə baxmağın vaxtıdır. Özü də orda bu saat yenə qırğındır. Məqamdır. Muğam məqamıdır. Bir “Segah” oxu, qoy tutsilər huttilərə qarışsın, bantular piqmeylərə... Ah, vay...