Ac ölkənin fövqəliddiaları...

“Nəhayət ki, ABŞ Rusiyanı fövqəlgüc kimi tanıdı!”. Nə qədər qəribə olsa da, rusiyalı təhlilçilərin ABŞ-da qəbul olunmuş son təhlükəsizlik sənədlərinə ilkin reaksiyası belə oldu.
Daha təbiisi bu olardı ki, onlar ABŞ-ın hələ də Rusiyanı özü üçün əsas təhdid saymasından incik olaydılar, çünki soyuq müharibə çoxdan bitib, kommunizm artıq yoxdur və formal şəkildə olsa da, Rusiyanın özündə də bütün böyük ideologiyalar təmsil olunubdur.
Amma yox, bunları tamam başqa məsələ maraqlandırır - ac olaq, susuz olaq, amma hamı rus silahından danışsın.
Bu, nə psixologiyadır, nə düşüncə tərzidir - şəxsən biz bunu anlamaqda acizik, çünki ta qədimdən, hələ qədim Yunanıstan və ya Roma dövründən hər xalqın imperiya ambisiyalarının mərkəzində onun xudbin maraqları dayanıb; başqalarını idarə etmək və talamaqla varlı yaşamaq...
Amma rus imperiyasının ən qüdrətli çağlarında belə bu xalq demək olar ki, aclıq və səfalət içində olub. Üstəlik, 1861-ci ilə qədər ölkə quldarlığa yaxın bir quruluşda yaşayıb, üstəlik, burada Yunanıstanda və Romadakı kimi hərbi əsirlər və yaxud da Amerikadakı kmi “qaradərili”lər deyil, elə ruslar özləri, daha doğrusu, rus kəndlisi qul halında yaşayırdı.
Qüdrətli çağlara gəldikdə isə, çətin sovet dövründən o tərəfə gedə bilsinlər, çünki indinin özündə belə həmin dövrdə yaradılmış hərbi silah və texnika hesabına cikkildəyirdilər. Amma sovetin vaxtında orta statistik vətəndaşın sosial və siyasi durumu necə idi? Öyünməli nəsə bir şey vardımı?
Yox, idi. Amma bunlar bu haqda nə 19-cu əsrdə, nə də sonra düşünməyiblər və 2018-ci ildə də o adama səs verməyə hazırlaşırlar ki, həmin adam Ukraynanı işğal etsin! Baxın, Ukraynanın şərqini və Krımı işğal etmiş Putindən reytinqdə önə keçmək üçün V.Jirinovski prezident olacağı təqdirdə bütün Ukraynanı işğal edəcəyini vəd edir!..
Soruşan da yoxdur ki, balam, bu Ukrayna sizin üçün nədir? Ölkə, xalıq deyilmi? Yoxsa dünya tamam hərc-mərclik və yiyəsizlikdir?..
Elə qəribəsi də budur ki, azı on illərdir, hamı onlara bunu deyir, amma heç faydası varmı? Əksinə, Rusiyanın adı qorxu və təlaş subyekti kimi hallananda bunlara ləzzət edir. Hər millət bir şeydən fəxr duyur, bunların da fəxarət yeri hamıya qorxu aşılayan təpədən-dırnağa silahlı Rusiyadı...
Ona görə də biz yazmaqla da bir şey düzələsi deyil. Elə bu yazını yazarkən özümüz üçün bir-iki müqayisə apardıq və bu müqayisələr ötən 2017-ci ili əhatə edir.
Həmin il ABŞ səhiyyəyə 1.17 trilyon, Rusiya isə 6 milyard dollar xərcləyib. ABŞ təhsilə 85 milyard, Rusiya 9 milyard dollar ayırıbdır. Elə həmin il ABŞ elmə 32 milyard, Rusiya isə 1.95 milyard dollar ayırıb!..
Fərqləri duyursunuzmu? İndi başqa ədəd deyəcəm. Həmin il ABŞ hökumət aparatının saxlanmasına 8 milyard, Rusiyasa düz iki dəfə çox - 15 milyard dollar xərcləyibdir!
Baxın, ABŞ-ın əhalisi Rusiyanınkından təxminən iki dəfə çoxdur, düşünmək olardı ki, hökumətin xərcləri də daha çox olmalıdır. Amma yox, total büdcəsi ABŞ-ın təkcə hərbi büdcəsindən üç dəfə kiçik olan bir ölkənin hökumət xərcləri “rəqib”indən iki dəfə artıqdır!
Bəlkə ruslar bunun səbəbləri haqqında düşünsələr, daha yaxşı olar? Axı bu da hakimiyyətin büdcəni talamasının bir yoludur, özü də leqal yoludu və nə qədər qeyri-leqal yollar da var ki, bunu siz bəlkə məndən də yaxşı bilirsiniz...
Amma yox, heç kim bu haqda düşünmür. Hətta baxıram, yazırlar ki, büdcəmiz seçki debatlarının predmeti olmamalıdır! Deməli, büdcədən yox, Ukraynadan danışmaq lazımdır! Hökumət aparatının ixtisarından deyil, Ukraynanın işğalından danışmaq lazımdır...
Bayaq dediyim kimi, əslində hər şeyin hesabı aparılmalıdır. Məsələn, ABŞ SSRİ-nin dağılması üçün böyük vəsait xərcləmişdi. Sonradan onu da hesabladılar ki, görək, bundan nə qədər qazandıq!..
Və yaxud da Səddam Küveyti işğal edəndə şeyxlər gedib yıxıldılar ABŞ-ın ayağına ki, bizi xilas et! ABŞ da dedi ki, silah və əsgər məndən, pul sizdən...
Seçki ərəfəsində olan Rusiyada isə bir nəfər də demir ki, axı bizim Suriyada nə işimiz var və ya B.Əsədi qorumaq bizə nə qazanc gətirəcək? Əvəzində Putinin əsgərlərin qarşısından keçməsini göstərirlər - bəli, Putin öndə, Bəşər də arxasınca...