Almana dolma bişirən erməni axçisi

Ötən həftə şahmat üzrə Avropa çempionatında Azərbaycan və Ermənistan komandaları üz-üzə gəldi. Hər iki ölkədə təbii olaraq bu oyuna xüsusi önəm verilirdi. Ancaq bu qarşılaşmadan sonra mənim daha çox diqqətimi cəlb edən erməni mediasının təqdimatı oldu.
Demək, kişilər üzrə şahmat millimiz ermənilər üzərində qələbə qazandı (2,5-1,5). Görün, Ermənistan mətbuatı xəbəri necə təqdim etdi: “Levon Aronyan Şəhriyar Məmmədyarovdan güclü oldu”.
Doğrudur, reytinq cədvəlində Aronyanla ilk dördlükdə yer alan Şəhriyar bu qarşılaşmada qalib gələ bilmədi. Amma bu, o demək deyil ki, komandamız da ümumi hesabda uduzub. Ermənilərsə Şəhriyarın uduzduğunu, Arkadiy Naydiçin Qabriel Sarqsyanla heç-heçə razılaşdığını yazsa da, Teymur Rəcəbov-Sergey Movsesyan və Rauf Məmmədov-Qrant Melkumyan qarşılaşmalarının üstündən keçib. Səbəb? Çünki hər iki oyunda Azərbaycan şahmatçıları qalib gəlib.
Budur erməni təbliğat maşınının başında duranların xisləti. Onlar hətta Avropanın oyun qaydalarını belə pozub normal inflormasiya yaymırlar. Yanlış xəbərlə erməni cəmiyyətində “qalib” obrazı yaratmağa çalaşırlar.
Təkcə şahmatdamı? Elə bu yazını yazarkən erməni mediasına göz gəzdirəndə başqa bir saxtakarlığı gördüm. Demək, almana ərə gedən erməni axçidən bəhs olunur. Təqdimat da belədir ki, erməni qadın Vardui Semerdcan Daniel Vil adlı almana ərə gedib və...dolmanı bişirməyi də ona öyrədib. Ara yerdə dolmanı “erməni mətbəxinin nümunəsi” kimi sırıyıblar.
Yəni bunlar sağalan toplum deyillər. Hələ bunların “ağıllısı”, birinci şəxsi Serj Sərkisyandır. Keçən həftə Hindistana ayaq basan kimi dedi ki, Tac Mahalın tikintisində ermənilər də iştirak edib. 1632-1654-cü illərdə tikilən, dünyanın yeddinci möcüzəsinə də erməniləri pərçimləmək istəyirlər. Tarixi mənbələr sübut edir ki, Tac Mahal Təbrizdən olan türk memarlarının yaratdığı möhtəşəm türbədir. Ancaq erməni prezident az qaldı tikilinin memarları İsa Muhəmməd Əfəndi və ya Əhməd Loharinin də nəsil-nəcabətində “erməni izi” axtarsın... Olsun, qoy Hindistan xalqı və prezidenti görsün kimə qucaq açıb. Həm də görsünlər Azərbaycan bu bədnam qonşusundan on illərdir nə çəkir.
Beləcə, bir neçə günün şahmat, dolma və Tac Mahal nümunələri göstərir ki, bizimçün tarix boyu çox çətin olacaq. Elementar nümunələrdir. Biz on illər uzunu Bakı şahmat məktəbinin yetirməsi olan Harri Kasparovla fəxr etdik, ona hər cür şərait yaratdıq, erməni millətindən olduğuna görə ayağından çəkmədik. Baxmayaraq ki, sonda dönük çıxdı. Ermənistanda buna bənzər nümunə tapılmaz. Çünki tarix boyu türkə düşmən mövqeyində olublar.
Ancaq bir reallıq var: aydın məsələdir, nə biz bölgədən köçüb gedəsi deyilik, nə də erməniləri qırmaq niyyətimiz yoxdur. Bizim işimiz də erməni cəlladlarladır, uşaq, qadın, qocalarla deyil. Deməli, yanaşı yaşamağa məhkumuq. Di gəl, erməni xalqı nəhayət, onu fəlakətə sürükləyənlərə “dur” deməyi bacarmalıdır.
Məsələn, bu günlərdə erməni tarixçi Artur Ağacanov “Ermənistan ordusu işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir” dedi. Ancaq bu gün onu müdafiə edən neçə erməni var? Çox az. Hətta kimsə buna yaxın mövqedən çıxış edirsə, dərhal “dərs”ini verirlər. Çünki hakimiyyətdə Qarabağda qan tökülməsi nəticəsində böyük sərvətlərə və mənsəbə sahiblənən zümrədir. Onlara bölgədə sülhün yaranması sərf eləmir.
Deməli, bu gedişlə münaqişə hələ çox çəkəcək. Düzdür, Azərbaycan da itkilər verir, oğullarımız şəhid olur. Ancaq azərbaycanlı valideyn oğlunun Vətən uğrunda şəhid olmasına görə fəxr edir, ermənidən fərqli olaraq. Çünki Ermənistandan zor gücünə Qarabağa gətirilən erməni gənclər başqa ölkənin torpağı uğrunda məhv olurlar. Bunu ordudan fərarilik edən əsgər və zabit də deyir, ölkədən qaçanlar da, erməni əsgərlərin valideynləri də. Elə bazar günü Ağdərədəki partlayışda ölən erməni əsgər evin tək oğlu olub. Sərkisyan ermənilərin nəslini beləcə kəsir...
Erməni mediasında son günlər belə xəbərləri tez-tez oxuyuruq: “Aprel döyüşlərində yaralanan əsgərin xaricdə əməliyyat olunmasına ehtiyac var”; “aprel döyüşləri zamanı ağır yaralanan əsgər əlil arabası ilə hərəkət etməyə başladı”. Bu bədbəxtlər Azərbaycan ordusunun cəmi 4 günlük zərbələrinin ağrısını çəkirlər. Başlarına açılan fəlakəti anlasaydılar, özləri də xilas olardı, bölgədə də sülh yaranardı...