Milyardlıq alverin zərərçəkənləri

Əvvəllər vəziyyət fərqli idi, qəzet redaksiyaları tez-tez hücuma məruz qalardılar. Bir də görərdin, bir dəstə adam yığışdı, gəldi, redaksiyada əllərinə keçən, qabaqlarına çıxan əməkdaşları şapalaqlayıb getdilər.
Elə olurdu, məsələn, qalmaqallı yazını, tutaq ki, Mahir Məmmədli yazırdı, amma gəlib bizim üstümüzə çəkinib-dartınır, söyüb-söylənirdilər. İş-işdən keçəndən sonra Mahir özü də hadisə yerinə gəlirdi və gülümsər sifətlə olaya dair hekayəti dinləyir, sonra harasa yeyib-içməyə gedirdi. Çünki artıq zərərçəkmiş idi, badə dostları belə ağır gündə onu stressdən bu cür çıxarırdılar.
Ən maraqlı işlər basqınların ertəsi günü olurdu. Redaksiya nə qədər qonaq qəbul edə bilər? Biri gedirdi, beşi gəlirdi. Əlbəttə ki, hamı dəstək verirdi, basqınçıları pisləyirdilər, bəyanat-bəyanata söykənirdi. Düzdür, o səslənən, yayılan onlarla bəyanat əməkdaşımızın qulağının dibindən dəymiş şillənin ağrısını xəfiflətmirdi, amma yenə də sağ olsunlar, dəstək bəyanatlarını ləngitməzdilər.
Bir də monitorinq aparmağa gələnlər vardı. Bunlar ümumi şəkildə desək, “Mediaya yardım təşkilatları” idi. Çox idilər. Hadisədən sonra haya gəlirdilər. Zərərçəkənləri siyahılaşdırır, danışdırır, dəyən zərəri (basqınçılar bəzən əşyaları qırıb-tökürdülər) hesablayır, hesabat hazırlayırdılar.
Elə QHT olurdu ki, pisdən-yaxşıdan redaksiyaya yardım əlini uzadır, bir-iki kompüter alıb verirdi, amma çoxu barəmizdə hazırladıqları hesabatları xarici donorlarına təqdim edir, türkün sözü, yüklü miqdarda qrant alırdılar və özləri xərcləyirdilər. Döyülən, söyülən biz olurduq, 50-100, bəzən 150-200 min dollar həcmində qrant alıb xərcləyən onlar.
Bəzən elə alınırdı ki, redaksiyaya basqın, əməkdaşlara küçədə, blok ağzında fiziki təzyiq, hüquqi təqib kimi hadisələr səngiyirdi, fasilə yaranırdı. Bundan ilk növbədə qrantyeyənlər narahat olur, rastlaşanda narazılıqlarını bildirir, “əvvəlki kimi yazmırsınız, yumşalırsınız” deyə tənə edirdilər. Adam xəcalət çəkirdi, oturub fikirləşirdik ki, necə edək, nə yazaq ki, vətəndaş cəmiyyəti bizim prinsipiallığımızdan şübhəyə düşməsin.
Yaxşı deyildi axı, camaat ev tikdirməliydi, cip almalıydı, ilboyu səyahət etməliydi. Bizə güvənirdilər, biz isə durub-dururkən yumşalmışıq, döyülmürük, tutulmuruq, bunlar da xaricə hesabat, siyahı göndərə bilmirlər.
Bax, belə bir situasiyada Allah bunların qismətini yetirirdi. Bir də eşidirdik ki, bay, hansısa qəzetçini tutublar. Təcili müdafiə komitəsi yaradılırdı. Əlbəttə, “media hüququ” üzrə ixtisaslaşan QHT-lərin rəhbərlərinin yeri başdan olurdu. Gəlirdilər, çıxış edirdilər, hesabat hazırlayırdılar, layihələr yazırdılar və al gəldi 100 min dollar o fonddan, 150 min bu fonddan və s.
Döyülənlər, tutulanlar qalırdı bir tərəfdə, nə vaxt baxırdın, media QHT-lərinin rəhbərləri Avropada səyahətdədirlər, hansısa toplantılara qatılıblar və ölkədə əziyyət çəkən jurnalistlərdən danışırlar. Zırrama donorların da ağlına gəlmirdi ki, belə toplantılara zərər və əziyyət çəkən jurnalistlərin özlərini çağırsınlar, yardımlarını elə onların özlərinə versinlər (hərçənd bəziləri hərdən elə edirdi).
İş o yerə çatdı ki, ölkədə jurnalistlərin sayı azalmağa, jurnalistlərin hüququnu müdafiə edənləri sayı artmağa başladı. Arada hətta artıq 1 jurnalistə 3 müdafiəçi, monitorinqçi düşürdü. Yazılarda səhv axtaran, bunların peşə etikasına, Avropa standartlarına nə qədər uyğun olub-olmamasını monitorinq edənlərin ordusu sonradan yarandı.
Dolanışıqlı iş idi. Yazan jurnalistlər qonorar adına qəpik-quruş qazandıqları halda, onların hüquqlarını müdafiə edənlər və yazılarının monitorinqini aparanlar lüks həyat yaşayırdılar.
Sonradan üstü açılan “qrant talançılığı” haqqında təfərrüatlar ortaya çıxdı və aydın oldu ki, o illərdə Avropadan da bizə, yalan olmasın, azı 3 milyard dollar pul gəlib.
Heç demə, Avropa o pulu bizimkilərə verirmiş ki, ölkəmizdəki pis işlər haqda detallı hesabat əldə eləsin. Bizim hökumət də ətək-ətək pulu avropalılara verirmiş ki, həmin hesabatlara çox da fikir verməsinlər.
Bütün bu alverin gedişində yeganə pis iş o idi ki, redaksiyalara basqın edib bizi döyürdülər, fəalları tuturdular. Adamı ağrıdan odur. Yoxsa milyonlar və milyardlar cəhənnəmə olsun...