Xox, qorxduq...

Yaxud, terrora qarşı milli siyasətimiz dünya üçün model kimi
Bir dəfə Suriyada “işidçilər”ə qoşulan azərbaycanlıların videosu yayılmışdı, həmin kadrlarda həmvətənlərimiz hardasa Dəməşq yaxınlığında toz-torpaq, xarabalıq yerdə topa oturub Bəşər Əsədi hədələyir, Azərbaycanda çayxanadakı yoldaşları öz sıralarına qoşulmağa çağırır (bu bizdə ənənədir, kimsə nəsə qələt eləyəndə mütləq başqalarını da “kişi olun, bizə qoşulun” deyə dəvət etməlidir, uca millətimiz bu hərəkətə “cəhənnəmə gedən özünə yoldaş axtarar” kimi müdrik bir ad qoşubdur) və ən məzəlisi isə... mahnı oxuyurdular! Bununla da daha bir bəşəriyyət “projesinə” öz damğamızı vuraraq həyatın mənasızlığını, dünyanın beş günlük olduğunu Yutub kanalı vasitəsilə dünyaya çatdırmışdıq.
Çünki həmin o özünü “islam dövləti” adlandıran banditlərin qadağan elədiyi birinci şeylər sırasında musiqi də gəlirdi. Bunu günah sayırdılar, deyilənə görə, müsəlmanların dini kitabında oxumaq mənfi hərəkət kimi qeyd olunubdur. Əslində necədir, hansı molla necə təfsir edib, nə bilim, Əbu Qulqul ibn Xalxali filanıncı əsrdə qaraladığı “Müsəlmani-dambadurum-zurnayi-balaban” risaləsində və Məşədi Cümbül əl Cüzdani filan qərinədə cızmaqara elədiyi “Sədayi-insan-musiqiyi-həram” traktatında buna necə yanaşıbdır - şəxsən məni bir damcı da maraqlandırmır. Üstəlik, belə məsələləri orta əsrlərdə yaşamış hansısa idiotun ağlı ilə ölçüb-biçənlərə həmişə gülməyim gəlir. Atam-qardaşım, bəs sənin öz ağlın hardadır? Öz ağlın sənə demirmi ki, musiqi gözəl bir şeydir, izahedilməz mənəvi zövq yaradır, insanı kamilləşdirir?
Xülasə, bizim “İŞİD”ə münasibətimiz elə o musiqili toplantı ilə bitdi getdi. Bundan sonra da bir-iki diribaşımız hansısa Əl Bağdadidən guya terror üçün aldığı pulları götürüb qaçdı. Vəssalam. Çox xoşdur ki, azərbaycanlılar belə axmaq işlərə qoşulmurlar. Bizim islam modelimiz bu mənada doğrudan da dünyaya örnək olasıdır. Çürüyü çıxsa da yazaq.
Bir də biz bu tip axmaq hərəkətləri, düşüncə və hadisələri sadəcə boykot edirik, vecimizə almırıq, necə deyərlər, qulaq ardına veririk. Bununla da terrorçuların çatmaq istədikləri hədəflərdən ən mühümü - cəmiyyətdə qorxu yaratmaq alınmır. Misal üçün, terrorçular və separatçılar respublikamızın qərb tərəfində böyük bir ərazini 27 ildir nəzarətdə saxlayırlar. Ancaq biz özümüzü elə aparırıq sanki heç nə olmayıbdır, rəsmi təbliğat da “Azərbaycan dünyada ən sabit, əmin-amanlıq yerdir” şüarı üzərində qurulubdur. Di qalın yana-yana, axmaq separatçılar. Nəyə nail oldunuz, heç zada...
Eyni dövlət siyasəti, müdrik xalq davranışı son ayların yeni terror formasına - maşını camaatın üstünə sürməyə münasibətimizdə də özünü göstərir. Diqqət eləsəniz, örnək üçün, son iki gündə İspaniyada, Belçikada və Fransada avtomobillə milləti basdalamaq terror hərəkətləri oldu. Bütün dünya bundan danışdı. Ancaq bu hərəkətlərin bənzəri bizim yollarda az qala hər gün olur, kimsənin vecinə deyil, heç burda terror-zad izi axtarmırıq. (Elə dünən Bərdədə toy maşını ilə yolun qırağındakı 4 nəfəri şil-küt elədilər, Oğuzda isə yenə avtomobil qəzasında 3 nəfəri vurub öldürdülər).
Ruslarda da eynilə bizdəkinə bənzər siyasət yeridirlər. Surqutda “İŞİD” terrorçusu 7-8 nəfəri küçədə bıçaqla doğrayıb qaçmışdı, sonra əl Bağdadi oturub bir sutka telekanalizasiya qabağında ki, bəlkə ruslar bunu göstərsin. Ay-hay... Göstərmədilər, o boyda terror da boşuna getdi. Ancaq görürsən Finlandiyada-zadda hansısa müsəlman göyərti doğrayanda çeçələ barmağını azca çərtsin, bah, dünya qarışır. CNN ordan çəkir, BBC burdan marıtlayır... Nəticədə hamı qorxur, Helsinkidə yaşamaq istəmir, deyir, Bakı, sabahın xeyir...
Özü də bu müdrik siyasətin tarixi kökləri var. Həyatdan götürülmüş bir sovet lətifəsi yadıma gəlir. Deyir, bir xalqın nümayəndəsi 41-45 davasından sonra gedir Stalinin yanına, şikayətlənir ki, səndən incimişik, neçə il müharibə eləmisən, bizə xəbər verməmisən...