Xəzərdəki faciələrlə bağlı ittiham: “Rəsmilər özlərində təpər tapmalıdır”
2016-cı il dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft”in N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanı, ona bitişik olan meydançanı və içərisində 10 neftçinin də olduğu budkanı dənizə yuvarlayıb.
Xatırladaq ki, bu, Xəzərdə itkin düşən ilk neftçilər deyil. Buna qədər 2015-ci il dekabrın 4-də Xəzər dənizində məhz hava şəraitinin kəskin soyuması və güclü külək səbəbi ilə böyük faciə baş vermişdi. Külək, Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələnmiş və şiddətli yanğın baş vermişdi. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdı. Daha sonra 2016-cı ilin sentyabrında “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və yanğın baş vermişdi.
Ümumilikdə isə 2011-2016-cı illərdə SOCAR-ın platformalarındakı qəzalarda 20 neftçi ölüb, 23-ü itkin düşüb, 33 -ü xəsarət alıb. Təkcə N.Nərimanov adına NQÇİ-nin platformasında son 5 ildə 4 qəza baş verib, 6 neftçi həlak olub, 10-u itkin düşüb. Amma bütün bunların fonunda səlahiyyətlilərdən saxlanılan, məsuliyyətə cəlb edilən olmayıb…
Məsələ ilə bağlı danışan Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı deyib ki, bunun səbəbi hadisələrin təkrar-təkrar baş verməsinə baxmayaraq, hələ də cəzasızlığın hökm sürməsidir:
“10-cu, 19-cu platformalarda baş verən hadisələrdən sonra hansı səlahiyyətlilərə “gözün üstdə qaşın var” deyən oldu? Yalnız 19-cu platformada baş verən yanğından sonra 4 nəfər işdən çıxarıldı. Bildirildi ki, həmin işçilər texnoloji qaydaları pozduğu üçün qəza baş verib. Onlardan biri sahə ustası, biri mühəndis idi. Onlar bizə yaxınlaşıb günahkar olmadıqlarını bildirdilər. Biz günahsız olmaları sübuta yetiriləcəyi təqdirdə kömək edəcəyimizi bildirdik. Həmin şəxslər məhkəmədən sonra gəlmədilər. Fikirləşdilər ki, onları bir müddət sonra işə qəbul edəcəklər, amma bu baş vermədi”.
M.Qəhrəmanlı deyib ki, neftçilərin axtarışı aparılmır:
“Bundan əvvəl yaradılan komissiya işləmədi, ikinci komissiya Nərimanovdakı hadisə ilə əlaqədar yaradıldı. Ona da Rəhman Qurbanov rəhbərlik edir. Nə ötən dəfə, nə də bu dəfə görülən işlərlə bağlı ictimaiyyətə açıqlama verilməyib. Sosial şəbəkədə etiraz bildirdikdən sonra itkinlərin yaxınlarını yığıb “axtarırıq” dedilər. Zaman-zaman da həvəsə düşəndə deyirlər “hələ də axtarırıq”. Qeyd edim ki, Nərimanov adına Neft Qaz Çıxarma İdarəsindəki qəzada itkin düşən neftçilərin çoxu Atbulaq kəndindəndir. Bildiyiniz kimi hadisə səhər yaxın olmuşdu. Bəlkə də işçilərin əlində telefon olmayıb. Amma orada ratsiya da vardı. Hadisə səhər 5-ə qalmış baş verib. Sonradan rəsmilər bir-biri ilə əlaqə yaradıblar. Gəmiçilik İdarəsinə, SOCAR-ın baş ofisinə, Fövqəladə Hallar Nazirliyinə xəbər veriblər.
Bunlar gedib hadisə yerinə çıxınca 11-ə işləmiş olub. Həmin vaxt külək 41 metr/saniyə sürəti ilə əsib. Suya düşən insanları da çox uzaqlara aparıb. Çox istəyərdim ki, heç olmasa onların meyitləri tapılsın. Tapılacağına da inanmıram. Amma ola bilər ki, keçən dəfəki kimi başqa ölkələrin dəniz sahilində tapılsınlar. “Günəşli” platformasında ölənlərin əksəriyyəti də Türkmənistan sahillərində tapıldı. Yəni bu, heç də Fövqəladə Hallar Nazirliyinin şücaəti deyildi.
Mənim gücüm çatır ki, olanları deyib tənqid edim. Gücüm çatır deyim ki, hadisənin baş vermə səbəbi külək deyil, təxribat da deyil. Mən istərdim ki, rəsmilər heç olmasa bircə dəfə özlərində təpər tapıb, ədalətli araşdırma aparıb cəmiyyətə əsl səbəbi açıqlasınlar”.