Mollalar dükanları gəzib araq satmaqdan imtina etməyə çağırır

Qırğızıstanda imamların dükanları gəzərək onları spirtli içkilər satmaqdan imtinaya çağırması qızğın müzakirələr yaradıb. Bəziləri din xadimlərinin bu aksiyasını dövlətin işlərinə müdaxilə, bəziləri isə sərxoşluğa son qoyulması üçün ifrat tədbir kimi dəyərləndirirlər.
Qırğızıstanın Batken vilayətinin Kadamcay rayonunda 10-dan çox imam spirtli içkilər satan dükanları gəzərək satıcılara spirtli içkilərin dində qadağan edildiyini, çoxlu xoşagəlməz nəticələrə yol açdığını izah edib. İmamlar dükanları imkan daxilində satışa son qoymağa çağırıblar. Rayonun Markaz kənd şurasının imamı Ibrahim Aytkulov AzadlıqRadiosu-nun qırğız xidmətinə bildirib ki, dükanlar bundan sonra spirtli içki satmamağa söz veriblər.
Aytkulovun sözlərinə görə, imamlar aksiyanı davam etdirmək niyyətindədirlər. O qeyd edib ki, onların apardığı söhbətlərdən sonra bir çox dükan spirtli içki satışını dayandırıb. Batken vilayətinin qazı idarəsi bildirib ki, mollalar, sadəcə, izahat işi aparırlar ki, bu da onların öhdəliklərinə daxildir. Kadamcan rayonunun rəhbərliyi baş verənlər barədə tam məlumatlı olmadıqlarını bildirib. "Ancaq bunda təəccüblü bir şey yoxdur", – deyə rayon rəhbərliyindən bildiriblər.
"İmam təkcə din xadimi deyil, həm də kənd sakinidir. Axı biz onu ayıraraq "sən imamsan, ona görə də qanunlara qarışma" deyə bilmərik. Onlar da ictimaiyyətin nümayəndələridir. Onlar adamları dükanları bağlamağa məcbur etmirlər, sadəcə, qayda-qanuna dəvət edirlər, gecə vaxtı və gənclərə spirtli içki satışını dayandırmağı xahiş edirlər. Qoy spirtli içki satsınlar, ancaq burada söhbət qayda-qanuna əməl etməkdən gedir", – rayonun icra hakimi Janubek Isakov deyir.
İmamların aksiyası haqda məlumat KİV-lərdə və sosial şəbəkələrdə yayılandan sonra istifadəçilər iki düşərgəyə ayrılıblar. Bəziləri imamların bu təşəbbüsünü sahibkarların hüquqlarının məhdudlaşdırılması adlandırırlar. Digərləri isə onu sərxoşluğun önlənməsindən ötrü məcburi tədbir kimi görürlər. İstifadəçilərin başqa bir qismi isə narazılıq bildirirlər: "Niyə mollalar istehsalçıları yox, satıcıları doğru yola dəvət edirlər?"